
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib. Müsahibə zamanı hər zaman olduğu kimi cənab Prezident mühüm mesajlar vermiş, dünya və Azərbaycan gündəmi ilə bağlı öz fikirlərini bildirmişdir. Cənab Prezidentimizin Zəngəzur dəhlizi ilə bağlı fikirləri xüsusi əhəmiyyət daşıyır.
Məlum olduğu kimi 2020-ci ildə Azərbaycanın rəşadətli ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində uzun illər işğal altında olan torpaqlarımızı azad edərək regionda yeni reallıqlar yaratdı. 2020-ci ilin 10 noyabr tarixində 3 tərəfli şəkildə imzalanan Ermənistanın kapitulyasiya aktında nəzərdə tutulan əsas məsələlərdən biri Zəngəzur dəhlizinin açılması idi. Bu dəhliz təkcə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən yol deyil, eyni zamanda regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasını əhatə edir. Bu razılaşmadan sonra Ermənistan, Azərbaycan və Rusiya üçtərəfli işçi qrupu yaradaraq əlaqələrin bərpası istiqamətində danışıqlara başladılar. Azərbaycanda Horadiz–Zəngilan–Ağbənd marşrutu planlaşdırıldı və gələcəkdə bu dəhlizin Naxçıvana birləşdirilməsi ideyası irəli sürüldü. Azərbaycan bu məqsədlə öz ərazisində geniş infrastruktur layihələri həyata keçirdi. Bu addımlar Azərbaycanın yalnız regiondaxili deyil, həm də beynəlxalq nəqliyyat sistemində mövqeyini gücləndirməyi hədəflədiyini göstərir.
Zəngəzur dəhlizi açıldıqdan sonra yük logistikası qısalacaq, daşınma xərcləri azalacaq və Orta Dəhlizə daha çox yük cəlb olunacaq. Dövlət rəsmilərinin açıqlamalarına görə, dəhlizin açılması Orta Dəhlizin illik yükdaşıma gücünü 15 milyon ton artıracaq. Bu isə Azərbaycanı mühüm tranzit mərkəzinə çevirməklə yanaşı, region ölkələrinin də iqtisadi əlaqələrini möhkəmləndirəcək.
Naxçıvan Muxtar Respublikasının uzun illər davam edən təcrid vəziyyətinin aradan qaldırılması da bu dəhlizin ən mühüm üstünlüklərindən biridir. Bu dəhlizin açılması Naxçıvanı logistika mərkəzinə çevirəcək, yeni nəqliyyat, enerji və rəqəmsal infrastruktur imkanları yaradacaq.
Bütün bu tədbirlər nəticəsində Zəngəzur dəhlizi təkcə bir nəqliyyat marşrutu deyil, həm də regionun sosial-iqtisadi və strateji inkişafını təmin edən böyük bir layihədir. Azərbaycanın həyata keçirdiyi infrastruktur, sosial və enerji layihələri dəhlizin açılmasını sürətləndirir və onun Orta Koridorla inteqrasiyasını təmin edir. Bu dəhliz, həmçinin regionun təhlükəsizliyinə, sabitliyinə və iqtisadi inteqrasiyasına mühüm töhfə verəcəkdir.
Lakin ötən müddət ərzində Ermənistan Azərbaycanın haqlı tələblərini icra etmək üçün heç bir tədbir görməmiş, Zəngəzur dəhlizinin açılması prosesini ləngidirdi. Azərbaycan üzərinə düşən tədbirləri həyata keçirsə də Ermənistanın məsələyə qeyri konstruktiv yanaşması Zəngəzur dəhlizinin açılması prosesini uzadırdı.
Cənab Prezident müsahibə zamanı bu məsələyə toxunaraq demişdir: “Zəngəzur dəhlizi fəaliyyətə başlamalı və təhlükəsiz olmalıdır. Amma təxminən beş il ərzində Ermənistan bizim tələblərimiz və qanuni istəklərimiz qarşısında konstruktiv mövqe nümayiş etdirmirdi. Bu səbəbdən Prezident Tramp və onun komandası prosesə cəlb olunduqda, vasitəçilik etmək istəyəndə biz onlara belə mesaj verdik: Zəngəzur dəhlizi fəaliyyətə başlamalı və təhlükəsiz olmalıdır, yəni, Azərbaycan vətəndaşları bu 40 kilometrdən çox məsafəni təhlükəsiz keçə bilməlidirlər, güclü təhlükəsizlik zəmanətləri olmalıdır. Beynəlxalq təhlükəsizlik zəmanətləri təmin edilməlidir. Yalnız Ermənistanın verdiyi zəmanətlər kifayət deyil. Tramp administrasiyası bu qanuni narahatlığı doğru şəkildə qəbul etdi və bunun nəticəsində TRIPP (“Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”) meydana gəldi. Prezident Tramp Zəngəzur dəhlizinə öz adını verdikdən sonra əminəm ki, bu layihə çox yaxın zamanda reallaşacaq. Fiziki infrastrukturun, yəni, dəmir yolunun tikintisi uzun vaxt tələb etməməlidir, çünki məsafə cəmi 42 kilometrdir. Əgər biz tikməli olsaq, bir il ərzində tamamlayardıq. Ermənistan üçün isə bəlkə də daha bir neçə il lazım olacaq, çünki dəmir yolu tikintisi sahəsində bizim təcrübəmiz daha çoxdur”
Daşqın Mikayılov
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri