AnalitikaGündəmSiyasətSosial

Zəngəzur dəhlizi fəaliyyətə başlamalı və təhlükəsiz olmalıdır

Azərbaycanla Türkiyə yeni bir nəqliyyat layihəsi ilə birləşəcək. Düzdür, dörd il bundan əvvəl paytaxtımızda Bakı– Tbilisi–Qars dəmir yolunun rəsmi açılış mərasimi keçirilib. Bunun sayəsində qardaş ölkə ilə əlaqələr genişlənib. Zəngəzur dəhlizi isə ikinci bir birləşmə istiqaməti olacaq: “Beləliklə, bizim üçünyeni fürsətlər ortaya çıxacaq… Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə də dəmir yolu ilə birləşəcək. Eyni zamanda, biz tələb edirik ki, avtomobil yolu da çəkilsin – Ermənistanın nəzarəti altında olan Qərbi Zəngəzur ərazisində, Mehri bölgəsində. Çünki bu da mütləq lazımdır…”. Prezident İlham Əliyev daha sonra Zəngəzur dəhlizinin təkcə Azərbaycan üçün deyil, həm də bölgə ölkələri üçün də yeni fürsət olacağını, Türkiyənin öz mallarını Orta Asiyaya bu qısa, alternativ yolla daşıya biləcəyini vurğulayıb, Ermənistanın Rusiya və İranla dəmir yolu ilə bağlantısının yaranacağını diqqətə çatdırıb: “Çünki Ermənistan – İran dəmir yolunun inşası bəlkə də 20 il müzakirə edilən bir məsələdir. Amma hələ ki, ortalıqda bir şey yoxdur. Çünki bu layihə təqribən, ən azı, 3 milyard dollar tələb edir. Ancaq Naxçıvan ərazisindən, – Naxçıvan ilə İran arasında artıq dəmir yolu xətti var, – istifadə edə bilərlər”.

Bu il fevralın 14-də isə Prezident İlham Əliyevin Horadiz – Ağbənd dəmir yolu xəttinin təməlini qoyması ilə həmin layihənin icrasına başlanıldı. Azərbaycan və Türkiyə prezidentləri iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanma mərasimindən sonra mətbuata birgə bəyanatlarla çıxış edərkən dövlətimizin başçısı məlum üçtərəfli bəyanatı xatırladaraq deyib ki, Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır. Bu gün Ermənistanın revanşist qüvvələri Zəngəzur dəhlizinin reallaşması əleyhinə çıxış edirlər. Lakin onlar anlamalıdırlar ki, artıq mif və xülyalar dövrü arxada qaldı. Onlar bu layihənin qeyd edilən üstünlüklərindən faydalansalar, regional əməkdaşlığa önəm verərlərsə, sosial-iqtisadi sahələrdə müsbət göstəricilərlə qarşılaşa bilərlər. İlk növbədə, iqtisadi blokadadan çıxmaq və iqtisadi inkişafını gerçəkləşdirmək imkanları əldə edərlər. Prezident xatırladır ki, ümumiyyətlə, Azərbaycan tarixən ermənilərə verilmiş torpaqlar üzərində varislik hüququnu bərpa etməlidir. Çünki həmin torpaqlar o zaman ermənilərə müəyyən şərtlərlə verilib. Müvafiq sənədlər xaricdən AMEA-nın Tarix İnstitutuna gətirilmişdi. Şərtlərə əsasən həmin torpaqlarda azərbaycanlıların yaşaması təmin edilməli, Şaumyanın başçılığı altında soyqırımlara son qoyulmalı, Zəngəzur və Qarabağa qarşı iddialardan əl çəkilməli idi. Ancaqbu şərtlərin hamısı pozuldu. Prezident İlham Əliyev də çıxışlarında dəfələrlə həmin torpaqların Azərbaycan xalqına qayıdacağını vurğulayıb. Ona görə də parlament o torpaqlara varisliklə bağlı müvafiq sənəd qəbul etməlidir.

Azərbaycanın müzəffər Ali Baş Komandanı, dövlətimizin başçısı öz qətiyyətli açıqlamalarında vurğulayır ki, biz öz maraqlarımızı təmin etmək üçün lazımi addımları atmalıyıq. Zəngəzur dəhlizinin yaradılması bizim milltarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq. Dövlət başçısı qeyd edib ki, bizim əsas rəqibimiz zamandır, çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir: “Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır… Prezident İlham Əliyev çıxışlarında bildirib ki, indi Ermənistanda bu məsələ ilə bağlı isterikaya qapılırlar. Buna ehtiyac yoxdur, Şərqi Zəngəzur bizim tarixi torpağımızdır, Qərbi Zəngəzur bizim tarixi torpağımızdır. Necə ki, illərdir Qarabağ və Şərqi Zəngəzur rayonlarını boşaltmaları ilə bağlı sülh çağırışlarımıza məhəl qoymadılar, amma sonda onlara elə zərbə vuruldu ki, hələ də özlərinə gələ bilmirlər. Əlbəttə, belə böyük zərbədən sonra bir də Zəngəzur dəhlizindən ötrü alınan zərbə Ermənistan dövlətinin tamamilə çökməsi ilə nəticələnə bilər. Azərbaycan isə regionda sülh və sabitliyin bərqərar olmasında maraqlıdır. Hər bir məsələ üçtərəfli Bəyanatın şərtlərində göstərildiyi kimi həyata keçirilməli və Ermənistan tərəfi atdığı imzanın arxasından qaçmağa cəhd göstərməməlidir. Zəngəzur dəhlizi təkcə, Ermənistandan keçərək Azərbaycanı Naxçıvanla birləşdirəcək dəhliz deyil. Bu xüsusilə regional, beynəlxalq daşımaları yerinə yetirəcək ciddi layihədir. Ona görə də dəhlizin açılması ilə məsələyə mütləq qayıdılacaq. Zəngəzur dəhlizinin açılması  məhz sərhədlərin tanınması, delimitasiya, demarkasiya proseslərinədən keçir. Çünki Azərbaycan sərhəddindən çıxan dəhliz hər iki tərəfdən müvafiq qurumlar tərəfindən qorunaraq, Naxçıvana və digər istiqamətə gedəcək.

Xəzər rayonu, 92 №li tam orta məktəbin müəllimi,
Ayməddin Qasımov

Oxşar Xəbərlər

Back to top button