AnalitikaGündəmSiyasət

Zəfərdən gələcəyə doğru – Laçın yenidən canlanır

Laçın- Şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayon Azərbaycanın ən qədim insan məskənlərindən biri hesab olunur. Laçının ərazisi bir vaxtlar Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olub. 1930-cu ildə isə müstəqil inzibati rayon yaradılıb.

Laçın şəhərinin yerini XX əsrdə Azərbaycanın tanınmış yazıçılarından biri olmuş Tağı Şahbazi seçmiş, Simurq yaxınlıqdakı dağın adını şəhərə verib. Laçın sözü “məğrurluq” mənasını verir. Rayon kimi yaranma tarixi 08 avqust 1930-cu ildir. Laçında dünyada ən nadir ağac sayılan qırmızı dəmirağac meşələri, çoxlu mineral suları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, həddindən çox dərman bitkiləri və s. vardır.Bu torpağın öz əsrarəngiz gözəlliyi, təbii sərvətləri və bol-bol nemətləri hər zaman insanı özünə heyran edib.

Tarixən təbii şəraitinə görə burada əsasən heyvandarlıqla məşğul olsalar da, burada əkinçilik, arıçılıq, bostançılıq da inkişaf etmişdir. Yun, xəz materiallarından çox istifadə olunurdu. Laçının çox keyfiyyətli su mənbələri vardı. Laçın rayonu Azərbaycan Respublikası BMT-yə üzv qəbul edildikdən (1992-ci il martın 2-si) 77 gün sonra – mayın 18-də Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü nəticəsində işğal edilmişdi. İşğala qədər orada 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri fəaliyyət göstərirdi.

Laçının 28 illik işğalına 2020-ci il dekabrın 1-də son qoyulub. Azərbaycan Ermənistan qoşunlarını və qanunsuz məskunlaşan erməniləri sayca 7-ci rayondan çıxarmaqla Dağlıq Qarabağ ətrafında işğala məruz qalmış bütün ərazilərinin azad edilməsini başa çatdırdı. Azərbaycan Prezidenti İlham Əliyev 1 dekabr 2020-ci ildə televiziya ilə müraciətində Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib .

Prezident İlham Əliyevin birbaşa nəzarəti altında işğaldan azad olunmuş ərazilərdə başladılan yenidənqurma və bərpa işləri nəticəsində mənfur düşmənin 30 il ərzində xarabalığa çevirdiyi şəhər və kəndlərimizdə həyat yenidən canlanır. Genişmiqyaslı bərpa və quruculuq işləri hər ötən gün özünün ən yüksək səviyyəsinə çatır. Hazırda çiçəklənmə dövrünü yaşayan Şərqi Zəngəzurun dilbər guşəsi olan Laçın rayonu da sürətlə dirçəldilərək abad məkana çevrilir. Rayon yenidən qurulur, Laçın şəhəri başda olmaqla, yaşayış məskənləri bərpa edilir. Böyük qayıdışın növbəti ünvanı olan Laçın şəhərinə dünən növbəti dəfə 13 ailəlik köç karvanı yola salınıb.

Ümumilikdə üçüncü olan bu köç zamanı daha 44 nəfər azadlığına qovuşan Laçına qayıdışın sevincini yaşayıb. Uzun illərin həsrətindən sonra doğma torpaqlara qovuşmuş laçınlıların çöhrəsini bürüyən xoş təbəssüm fəxarət hissi doğurur. Ermənilərin viran qoyduğu doğma torpaqlarımız “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində gerçəkləşdirilən bərpa və quruculuq işləri sayəsində xeyli dirçəlib. Prezident İlham Əliyev mayın 28-də Laçına qayıdan əhali ilə görüşdə aparılan quruculuq işlərindən bəhs edib. “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik.

Cənnətin əgər təsviri varsa, bu gün bax budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”, – deyə dövlət başçısı bildirib. Doğrudan da Laçının müasir siması şəhərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin böyük zövq və yüksək keyfiyyətlə aparıldığını təsdiq edir. Bu bir daha sübut edir ki, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və ləyaqətlə qayıdışı dövlət siyasətinin prioritetlərindəndir. Ona görə də Prezident İlham Əliyevin xüsusi nəzarəti ilə icra edilən Böyük qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində işlər intensiv şəkildə həyata keçirilir, keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş şəhər və kəndlərimizə qayıdışı sürətlə icra olunur.

Ramin Əliyev
Yeni Azərbaycan Partiyası , məsləhətçi

 

Oxşar Xəbərlər

Back to top button