Zəfər seçkisi
Demokratik idarəçiliyin əsasında dayanan prezident seçkiləri xalqın ümumi rəy və etimadının əsas göstəricisidir. Zəfər qələbəsindən sonra qalib xalq olaraq yenidən seçkilərdə iştirak edəcəyik. Müstəqil Azərbaycanın tarixində ilk olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Bu hər bir Azərbaycan vətəndaşı üçün tarixi bir gün olacaq. 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkilərini Zəfər seçkiləri adlandırmaq olar. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı. Müstəqilliyimizi əldə etdikdən sonra uzun tarixi çətin prosseslərdən keçmişik. Regionda siyasi güc amili dəyişmək, uzun illərdi davam edən əədalətsiz işğal prossesin sonlandırmaq böyük əzm tələb edirdi. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi ideyanın uğurlu davamçısı İlham Əliyev bu dövrü uğurlu şəkildə idarə edərək bizi şanlı qələbəyə yetirdi.
Növbədənkənar seçkilərin keçirilməsi dünyada qəbul olunmuş siyasi təcrübədir. Növbəti seçkilər bəzi hallarda (misal üçün hərbi və fövqəladə vəziyyətlərdə) təxirə salınır, bəzi hallarda isə vaxtından əvvəl keçirilir. Seçkilər növbədənkənar keçirildiyindən vətəndaşlarımız siyasi iradələrini sadəcə olaraq vaxtından əvvəl ifadə edəcəklər. Özünə inam və xalqın dəstəyinə əminlik seçkilərin əsas istiqamətidir. Bu seçkilər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Prezident İlham Əliyev bu günə qədər dediyi hər məsələni uğurla həyata keçirib. İstiqrarlı şəkildə apardığı siyasi xətt bugün bizə yeni bir gələcək üçün böyük əzmlə addımlamağa inam verir. Qalib xalqın Qalib Prezidenti kimi yenidən seçkilərdə iştirak etmək böyük məna ifadə “Qarabağ Azərbaycandır!” şüarını dilindən düşürməyən xalqımız, uzun illər min bir zəhmət hesabına bu şüarı yaradan və həyata keçirən ölkə rəhbərinin yeni seçkilərdə əlbəttə ki, yanında olacaq, xarici və daxili siyasətini, o cümlədən Qarabağda və ölkənin digər bölgələrində quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək. Davamlı islahatların təyinatı inkişafımızı əngəlləmək istəyən siyasi güclərə qarşı daha güclü şəkildə ayaqda qalmaqdır. Regionda tam müstəqil bir ölkənin olmasını və Azərbaycanın Qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün siyasi sistemin gücləndirilməsi strateji əhəmiyyət kəsb edir.
Seçkilərdə demokratik dövlət prinsiplərinin bütün istiqamətləri mühafizə edilməkdədir. Vahid yanaşma prinsipi, seçkilərdə bərabər imkanların yaradılması, ədalətli seçki şəraitinin təmin edilməsi xüsusi ilə diqqət edilən məsələlərdəndir. Azərbaycan Respublikasının Seçki Məcəlləsi növbəti Prezident seçkilərinin keçirilməsi ilə növbədənkənar Prezident seçkilərinin keçirilməsi arasında hər hansı prosedur, yaxud müddət fərqi müəyyən etmir. Seçki Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir. Həmin müddətdə Seçki Məcəlləsinə əsasən bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar, namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şərait təmin edilir, o cümlədən təşviqat aparılması üçün mediadan bərabər istifadə şərtləri müəyyənləşdirilir. Nəzərə alınmalıdır ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir.
İsmayılova Gülər,
Xəzər rayonu, 156 nömrəli tam orta məktəbin direktoru



