“Zəfər meydanında” Zəfər tonqalı
Azərbaycan Müzəffər Ordusunun şücaətləri sayəsində qazandığı parlaq qələbələr sayəsində 2020-ci ildə 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü, 2023-cü ildə isə 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində suverenliyini tam təmin edib. Hazırda aylı, ulduzlu üçrəngli bayrağımız ölkənin bütün ərazilərində əzəmətlə dalğalanır və xalqımız bundan sonsuz qürur duyur.
Eyni zamanda, postmüharibə mərhələsində yeni gözəl ənənələr formalaşır. Bunlardan biri də Prezident İlham Əliyevin hər il Novruz tonqalını işğaldan azad edlmiş yaşayış məntəqələrinin birində yandırmasıdır. Bu ənənə Şuşada başladı, Suqovuşanda davam etdi, Talış kəndinə alovlandı və Xankəndidə dünya üçün bir mesaja çevrildi. Bəli, bu il bayram tonqalı antiterror tədbirlərində separatçılardan təmizlənən Xankəndidə alovlandı. Martın 18-də dövlətimizin başçısı Xankəndi şəhərinin mərkəzindən – Zəfər meydanından Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. Bunu böyük xoşbəxtlik kimi dəyərləndirən Prezident İlham Əliyev vurğulayıb: “Dördüncü dəfədir ki, bayram tonqalını mən azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Bu, böyük xoşbəxtlikdir. Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik və bu gün Azərbaycan ərazisində ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilmişdir”.
Prezident İlham Əliyev Azərbaycan xalqına bayram təbrikində bir sıra mühüm mesajlar verib, həmçinin Xankəndinin tarixinə ekskurs edərək əsl həqiqətləri diqqətə çatdırıb. Zamanında burada regionda maraqları olan imperialist güc mərkəzləri tərəfindən böyük saxtakarlıqlara yol verilib və məkrli planlar həyata keçirilib. Dövlət başçımızın bildirdiyi kimi, Xankəndi qədim Azərbaycan torpağıdır, Pənahəli xan tərəfindən salınmışdır. Ancaq əfsuslar olsun ki, keçən əsrin 20-ci illərinin əvvəllərində tamamilə əsassız, heç bir hüquqi, siyasi və demoqrafik əsası olmadan burada muxtar vilayət yaradılmışdır və ondan sonra xalqımızın problemləri də başlamışdır. Ermənilərin Xankəndi ilə hansısa tarixi bağlılıqları yerli-dibli yoxdur və şəhərin tarixindən bixəbərdirlər. Tarixi mənbələrə əsasən, Xankəndi XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlığının başçılarının – xanların istirahəti üçün salınıb. Xanların fəaliyyətinə uyğun şərait yaradılması üçün istirahət məskəni xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində, nisbətən dağ ətəyində planlaşdırılır. Bu zaman istirahət məskəninin xanlığın digər vacib şəhər və kəndlərinə, o cümlədən Ağdama, Xocalıya, Malibəyliyə, Kərkicahana və digərlərinə yaxın olması da əsas götürülüb. Bəhs olunan məntəqələrin hamısında istisnasız olaraq azərbaycanlılar yaşayırdılar. İlk vaxtlarda yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında məhz bu adla tanınıb: Xanın kəndi. Az vaxt ötəndən sonra isə “Xanın kəndi” “Xankəndi” adını alıb. Qarabağ xanlığı Rusiyaya birləşdirildikdə Xankəndi axırıncı Qarabağ xanı Mehdiqulu xanın xanımı Pəricahan bəyimə hədiyyə olunub.
Türkmənçay müqaviləsindən sonra İran və Türkiyədən çox sayda erməni ailəsinin Qarabağda, o cümlədən də Xankəndidə yerləşdirilməsinə baxmayaraq, yaşayış məntəqəsinin tarixi adı uzun müddət saxlanılıb. Keçmiş sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi 1923-cü il iyulun 7-də “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” dekret verib. Həmin dekretlə Xankəndi vilayətin mərkəzi elan olunub. 1923-cü ilin sentyabrında şəhər Stepan Şaumyanın şərəfinə “Stepanakert” adlandırılıb. Cəmiyyətin tələbini nəzərə alan Azərbaycan SSR Ali Soveti isə 1991-ci ildə bəhs olunan yaşayış məntəqəsinin tarixi adının – Xankəndinin bərpa edilməsi ilə bağlı qərar imzalayıb.
Ötən əsrin səksəninci illərinin sonlarından etibarən Ermənistanın havadarlarının dəstəyi ilə başladığı işğalçılıq siyasəti isə faciələrə səbəb oldu. Haqqı tapdanan azərbaycanlılar Xankəndidən zorla çıxarıldılar. Təxminən otuz beş il ərzində region müharibə təhükəsi ilə üz-üzə qaldı. “Nəticə etibarilə keçən əsrin 80-ci illərinin sonlarında Ermənistan bizə qarşı müharibə elan edərək, separatçı qüvvələri dəstəkləyərək, xalqımıza qarşı soyqırımı və digər qanlı cinayətlər törədərək, əfsuslar olsun ki, o vaxt öz çirkin arzularına çata bilmişdir. Hesab edirdilər ki, bu torpaqları işğal altında əbədi saxlaya biləcəklər. Bu məsələdə onlara dəstək verən xarici qüvvələr və bu gün dəstək verən xarici qüvvələr bu qanlı məsuliyyəti onlarla bölüşürlər. Bu gün biz azad edilmiş Qarabağda başımızı dik tutaraq yaşayırıq. Bu il Xankəndiyə və digər şəhərlərə, o cümlədən Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbəcərə keçmiş köçkünlər qayıdacaqlar, bir neçə kəndə köçkünlər qayıdacaqlar və həyat qaynayacaq”, – deyə Prezident İlham Əliyev vurğulayıb.
Dövlətimizin başçısının bayram təbrikində bildirdiyi kimi, Xankəndi sovet dövründə də Azərbaycan büdcəsi hesabına, Azərbaycan memarları və inşaatçıları tərəfindən inşa edilmişdir. İşğal dövründə separatçıların “lövbər” saldıqları keçmiş Vilayət Partiya Komitəsinin binasının müəllifi Azərbaycan memarı Həsən Məcidov idi. Onun yanındakı bina 1970-ci illərdə inşa edilib, Vilayət İcraiyyə Komitəsinin binası idi. Bu binanın müəllifi Azərbaycan memarı Nəsrullah Kəngərli idi. Digər bir bina isə o vaxt mehmanxana kimi inşa edilmişdir. Ondan sonra ermənilər onun xarici görünüşünü dəyişiblər. İndi bu binanın əzəli siması ona qaytarılır və bu mehmanxananın müəllifi Azərbaycan memarı Ənvər Qasımzadə idi. “Bax, təkcə bu misallar onu göstərir ki, bu şəhəri və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində olan bütün şəhərləri, kəndləri salan, yaradan, memarlığının müəllifi olan, inşaat işlərində iştirak edən Azərbaycan xalqının nümayəndələri idi. Bu binalar bizim tarixi sərvətimizdir. Onlar qorunur, qorunacaq və gördüyünüz kimi, indi əsaslı təmir edilir”, – deyə Prezident İlham Əliyev bildirib.
Antiterror tədbirlərindən sonra Xankəndidə tarixi binaların təmiri ilə yanaşı, separatçıların sonradan inşa etdirdikləri tikililərin sökülməsinə də start verilib. Bu qəbildən olan binalar şəhərin ümumi memarlıq ansanblına uyğun gəlmir, yad elementlər kimi diqqət çəkir. Erməni saxtakarlığı bizim üçün əziz olan şəhərlərimizin, o cümlədən də Xankəndinin simasına yapışmır. Tariximizə, xalqımızın ənənələrinə və ruhuna yad olan elementlər şəhərin simasından götürülməlidir və Azərbaycan da hazırda bunu edir.
İşğal illərində Xankəndidə tikilən binalardan biri “Artsax parlamenti”dir. Onun ümumi sahəsi 1350 kv/m.-dir. Binanın açılışı keçmiş separatçı rejimin elan olunmasının 16-cı ildönümü günü, yəni 2007-ci il sentyabrın 2-də olub. Açılış mərasimdə iştirak edən Ermənistan parlamentinin spikeri Tiqran Torosyan bu binanı “Dağlıq Qarabağ Respublikasının ayaqda olduğunu göstərən növbəti sübut” və “gözəl hadisə” kimi qiymətləndirmişdi. İşğal illərində bu bina hansı məkrli əməllərə şahidlik etməyib? Ölkəmizin suverenliyinə qarşı yönələn qərarlar məhz “Artsax parlamenti”nin binasının divarları arxasında imzalanırdı. Burada Azərbaycana qarşı işğal və soyqırım planları cızılırdı. Suverenliyini təmin etmiş Azərbaycan divarlarına eybəcər simvollar yapışdırılmış bu separatizm yuvasının qalmasına necə dözə bilərdi?
Digər bir bədnam tikiliyə diqqət çəkək. Söhbət “veteranlar binası” və yaxud “Artsaxı azad etmiş döyüşçülər ittifaqının binası” adlandırılan tikilidən gedir. YERKRAPA, əslində terrorçu dəstədir və minlərlə azərbaycanlının ölümündə əli var. Xankəndi şəhərinin mərkəzi meydandakı “veteranlar binası”ının açılışı 2013-cü il mayın 8-də baş tutub. Bu tarix, əlbəttə ki, təsadüfi seçilməmişdi. Şuşa məhz 1992-ci il mayın 8-də işğal olunmuşdu. Açılış mərasimi Xankəndidə təşkil olunmuş “bayram tədbirləri” çərçivəsində baş tutmuşdu. Mərasimdə ozamankı Ermənistan prezidenti Serjik Sarkisyan və qondarma rejimin rəhbəri Bako Saakyan (Hazırda Bakıda istintaq təcridxanasında məhkəməsini gözləyir – red.) iştirak etmişdilər.
Separatçılar həmçinin Şuşada ikinci parlament binasını inşa etməyə çalışırdılar, onun inşa işləri başlamışdı, amma məlum səbəblərə görə çatdıra bilmədilər və o bina söküldü. Həmin binanın yerində indi beşulduzlu “Şuşa” oteli yerləşir. Keçmiş dırnaqarası parlament binası da söküldü və söküntü işləri fevralın 26-da başlamışdır. Saxta tikililəri “şeytan yuvası” adlandıran Prezident İlham Əliyev vurğulayıb: “Fevralın 26-da mən Xocalıda xocalılılarla birlikdə Xocalı memorial kompleksinin təməlini qoydum. Burada yerləşmiş, qanunsuz inşa edilmiş şeytan yuvası – dırnaqarası parlament binası və onun yanındakı terror təşkilatının binası fevralın 26-da sökülməyə başladı və yerlə-yeksan edildi. Separatçıların izi-tozu da qalmadı. Novruz tonqalı da son təmizləmə işlərini görür”.
Bayram təbrikində Prezident İlham Əliyev Azərbaycan xalqına xoş bir müjdə də çatdırıb. Söhbət bu il Novruz tonqalının alovlandırıldığı meydana “Zəfər meydanı” adının verilməsindən gedir. Uzun illər ərzində bu meydan və burada yerləşən bina separatçıların yuvası idi. Ermənistan tərəfindən maliyyələşdirilən və silahlandırılan separatçılar faktiki olaraq Ermənistan ordusunun bir hissəsini təşkil edirdilər. Məhz bu meydanda xalqımıza qarşı çirkin planlar hazırlanırdı. Məhz bu binada Xocalı soyqırımının törədilməsi üçün əmrlər verilmişdir. “Bu gün isə biz bu meydanda dayanmışıq. Əziz xalqıma bildirmək istəyirəm ki, bu meydana mən “Zəfər meydanı” adı vermişəm, bundan sonra bura Zəfər meydanıdır”, – deyə Prezident İlham Əliyev qürurla bildirib.
Musayeva Azadə,
Xəzər tayonu, 149№ li tam orta məktəbin müəllimi