Analitika

Yurdumuza xoş gəlmisən ey fəsillər gözəli!

Deyirlər hər fəslin öz gözəlliyi, öz füsunkarlığı var. Qarlı-şaxtalı qışın da, qızılı yarpaqlarla torpağı bəzəyən yağışlı-çiskinli payızın da, şirin meyvələrlə süfrələri bəzəyən yayında, təbiəti min rəngə çalan al-əlvan naxışlı baharın da öz cazibəsi var. Yurdumuza elimizə, obamıza bahar gəlir. Bahar gözəllik fəslidir. Bahar gələndə təbiət canlanır. Günlər uzanmağa başlıyır, gecə-gündüz bərabərləşir. Torpaq isinir, ağaclar oyanır. İlk yarpaqlar, ilk çiçəklər təbiəti bəzəyir. Təbiət, bəzi heyvanlar qış yuxusundan oyanır. Havalar yavaş-yavaş isinir. İlin ilk çiçək fəsli başlayır. Çayların suyu artır. Dərələrə, düzlərə, çəmənliklərə sanki allı-güllü yaşıl xalı sərilir. Köçüb getmiş quşlar geri dönür. Quşlar yazın gəlişini cəh-cəhlə, şirin nəğmələrlə qarşılayırlar. İnsanların ovqatı təzələnir. Torpağın donu açılır. İnsanlar bu zaman əkinə-biçinə hazırlaşırlar. Yaşıl örpəkli bahar. Yazda təbiətin yaşıl örtüyə bürünməsi, ağacların yarpaqlanması, meyvə ağaclarının cicəklənməsi, yaşıllıqlar arasında müxtəlif rəngli və xoş ətirli çiçəklərin boy göstərməsi əsrlərdən bəri insanlara əsrarəngiz təsir bağışlayıb. Ona görə də ulularımız çox qədim zamanlardan baharın ilk gününü yeni ilin başlanğıcı kimi bayram şənlikləri ilə qarşılayırlar. Bu “Bahar bayramı” adlanır. Sonralar bu bayramı “Novruz bayramı” adlandırmışlar. Bəzi Şərq xalqlarında bu bayram həm də “Yeni il” bayramı kimi qeyd olunur. Novruz səmimiyyət bayramı, xoş a rzular, niyyətlər bayramıdır. Gül çiçəyi, gözəl təbiəti, mavi səması, ilıq nəfəsi ilə elimizə yaz gəlib. Yazın gəlişi ilə dağ-dərələr, düzlər yaşıl don geyinir, göy çəmənləri çiçəklər, bulaqların, arxların başını yarpızlar bəzəyir, ağaclar ağ örpəyə bürünür. Bahar insanı təbiət qoynuna səsləyir. Səhərin erkən saatlarından dağlara, yaşıl düzlərə üz tutan insanlar təbiətin bitirdiyi nemətlərdən – cacıq, qazayağı, çiriş, göbələk, şomu, yarpız, quşəppəyi yığırlar. İndi yaz fəslinin kəndlərimizdə ayrı bir gözəlliyi var. İş-güc çox olsa da kənd sakinləri üçün bu, heç də çətin deyil. Əkinçi bol məhsul ümidi ilə sahəyə çıxır, yeni bağlar salınır, əkin-səpin işləri aparılır.

Təbiətin oyanışı, yaşıl zəmilərin boy verməsi, quşların xoş avazı könül oxşayır. El aşıqları sazı sinəsinə basıb yazın min bir gözəlliyini öyür. Ana təbiətin ən gözəl və ən kövrək qızı olan çiçəklər təravəti, rəngarəngliyi ilə təbiətin gözəlliyinə xüsusi bəzək bəxş edir. Zövqümüzü oxşayan, baxdıqca baxmaq istədiyimiz güllərin rəngləri yaşıl otların arasında son dərəcə heyrətamiz və sevimli mənzərə yaradır. Ağ qamətli boymadərən, bənövşə, utancaq zəng çiçəyi, lalələrin görüntüsü insanı valeh edir.

Novruz bayramı xalqımızın həyata nikbin baxışının, təbiətin və insanlığın qələbəsinə inamının bayramıdır. İndiyə qədər öz qüvvətli təsirini saxlayan bu ənənəvi bayram məişətlə ən kütləvi xalq bayramıdır. Yurdumuza Novruz gəlir, bahar gəlir, yaz gəlir. Qaranquşların qanadında, yavaş-yavaş qış yuxusundan oyanan torpağın rayihəsində, ağacların, gül-çiçəklərin tumurcuğunda gəlir xalqımızın Novruzu, yurdumuzun baharı.

Dünya yaranandan xalqlar özünəməxsus adət-ənənə yaratmış və bu ənənələri nəsildən-nəsilə ötürmüşlər. Azərbaycan xalqı o xoşbəxt xalqlardandır ki, özünün adət-ənənəsini yaratmış və dövrün, zamanın dəyişməsinə baxmayaraq, onu yaşatmışdır. Sevinc üzərində qurulan, meydana gələn adət-ənənə sonradan tarixi hadisə olaraq xalqımızın milli bayramı kimi formalaşmışdı. Artıq bütün dünyada qeyd olunmaqda olan Novruz bayramı da Azərbaycan xalqının tarixi qədim olan bayramlarındandır.

Ulu Öndər Heydər Əliyevin  bir kəlamı  yadıma düşdü. “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.”

Bəli, bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. Prezident 28 illik həsrətdən sonra ilk Novruz bayramını məhz Şuşada qeyd etdi, tarixi Cıdır düzündə Novruz  tonqalı  qaladı.Türk dünyasının, müsəlman aləminin mədəni mərkəzlərindən biri sayılan Şuşada bayram tonqalının alovlanması dünya mediasının diqqətini çəkdiyi qədər, şovinist və terrorçu erməni toplumunun da cızdağını çıxardı. İşğalçılar bu tonqalın alovunun yandırıcı istisini bilavasitə öz canlarında hiss etdilər. Bu tonqal onları həm məyus etdi, həm də dərin narahatlıq hissi keçirmələrinə səbəb oldu. Başqa sözlə desək, bu tonqal ermənilərin canını, ruhunu yandırdı və onların yeni işğalçılıq planlarının üzərindən birdəfəlik xətt çəkdi. Cıdır düzündə qalanan tonqal “böyük Ermənistan” nağılını da yandırıb külə döndərdi. Bu hadisə erməni miflərinə, uydurmalarına son nöqtəni qoydu.. Bundan sonra Şuşada həmişə azərbaycanlı ruhu hakim olacaq, Cıdır düzündə Novruz tonqalı alovlanacaq! Novruz bayramınız mübarək olsun!

Səidə Rəhimova,
Xəzər rayonu, 216 №li məktəbin direktoru

Oxşar Xəbərlər

Back to top button