Yurd yerlərimiz bizləri gözləyir!

Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.Ağdam Qarabağın giriş qapısı sayılır. Beş ildir ki, bu əhali ağır şəraitdə yaşayır. Ağdam bu gün əldən getməyib. Ağdam 6 ay bundan əvvəl də boş idi. Amma orada dözüb qalan cəsarətli, qeyrətli adamların hesabına Ağdam bu günə kimi işğal oluna bilməyib. Ağır şərtlər altında yaşayan adamlar böyük hörmətə layiqdirlər”. Bunu Ümummilli lider Heydər Əliyev Ağdamın işğalı ilə bağlı 1998-ci ildə Milli Məclisdə çıxışı zamanı deyib. Bəli, Ağdam torpağından başladı bu mənfur müharibə. İlk Şəhidlər Ağdamın qismətinə düşdü. I Qarabağ müharibəsində ağdamlılar çox zillətlər çəkmişdilər. Minlərlə cavan, igid oğullar Qarabağın hər kəndi, qəsəbəsi, daşı, çayı, bulaqaları, hər qarış torpağı uğrunda vuruşmuşlar.Ağdam uzun illər düşmənə göz dağı, ətraf şəhər və kəndlərdən olan qaçqınlara isə yurd yeri, arxa kömək olmuşdular.Əsrin ən böyük faciəsi olan Xocalı soyqırımında Xocalıların ilk harayına çatanlar ağdamlılar olmuş, onların xeyli hissəsi bu yolda canlarından keçmişdir. Ağdam Allahverdi Bağırov, Asif Məhərrəmov, Şirin Mirzəyev, Raquf Orucov kimi igid oğulların vətənidir. Ruhları şad olsun!Daşı-daş üstə qalmayan Ağdamımız uzun illər idi ki, erməni tapdağı altında idi. Hər bir ağdamlı əmin idi ki, onun müqəddəs ziyarətgahı, dəyişməz qibləgahı olan, azan səsinə həsrət qalmış məscidimiz, musiqi səsinə möhtac qalmış bəri-bərəkətli torpaqlarımız tezliklə azad ediləcək. O gün gəlib çatmışdı. 44 günlük Vətən müharibəsində müzəffər Azərbaycan ordusunun qazandığı rəşadətli qələbə, Ali Baş Komandan İlham Əliyevin ağıllı, uzaqgörən siyasəti torpaqlarımızda uzun illər ərzində davam edən işğala 2020-ci ilin noyabrın 20-də son qoydu.
“Bu gün tarixi bir gündür. Biz şanlı Qələbəmizi qeyd edirik. Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək. Amma necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik.” İlham Əliyev Ağdam şəhərində çıxışı zamanı bildirib. Çox sevindiricidir ki, bu gün Prezident İlham Əliyev işğaldan azad olunmuş rayonlarımızda Şəhər günü ilə əlaqədar sərəncam imzalamışdır. Artıq biz işğal yox, azadlığına nail olunmuş yurd yerlərimizin azadlıq – təntənə gününü qeyd edəcəyik. Bundan gözəl, sevincli, fəxr və qürurlu nə ola bilər?! Şəhər günündə hamılıqla bir yerdə olmaq isə ən böyük arzularımızın həyata keçdiyi tarix olacaqdır! Hər birinizi bu tarixi sərəncamla bağlı təbrik edirəm! Yurd yerlərimiz bizləri gözləyir!
Leyla Fətəliyeva,
YAP-ın fəalı