Analitika

Yüksələn xətlə inkişaf edən iqtisadi əlaqələrimiz

Bu gün dövlət başçımız İlham Əliyevin uğurlu və uzaqgörən siyasəti nəticəsində ölkəmiz surətlə inkişaf edir. Dövlətimiz iqtisadi artımı təmin edəcək sahələrə yerli və xarici investisiyalar qoyur. Son illər ölkəmizin ümumi daxili məhsulunun dörd dəfə artması iqtisadiyyatımızın inkişafından xəbər verir.

Azərbaycan iqtisadiyyatının inkişafının təməlində düzgün aparılmış islahatlar dayanır. Biz iqtisadiyyatımızı şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olmuşuq. Ancaq neft və qaz sektoru iqtisadiyyatımızın əsas hissəsi olmaqda davam edir. Bu il neft hasilatının cüzi aşağı düşməsi səbəbindən bizim iqtisadi artımımız nisbətən zəifdir. Lakin ötən illərə nəzər salsaq görərik ki, son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) dörd dəfə artıb və bu, çox əhəmiyyətli nailiyyətdir. Bununla yanaşı, dövlət başçımızın düşünülmüş sosial siyasəti sayəsində son 20 ildə ölkəmizdə yoxsulluq səviyyəsində yaşayan əhalinin sayını təqribən 50 faizdən 5,5 faizə endirə bilmişik. Bu onu nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalimizin bütün seqmentləri arasında ədalətli bölünüb. Bu da Azərbaycan iqtisadiyyatının dayanıqlılığının göstəricisidir.

Dövlət başçımızın rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarımızda da quruculuq və abadlıq işləri aparılır. Məcburi köçkünlərimiz öz yurdlarına qayıdırlar. Hökumətin siyasətinə gəldikdə, dövlət başçımız qeyd etmişdir ki, bizim əsas dövlət xərclərimiz azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək. Birincisi, ona görə ki, biz keçmiş məcburi köçkünləri mümkün qədər tez yerləşdirməliyik. 2026-cı ilin sonunadək biz 140 min insanı yerləşdirməyi planlaşdırırıq. Bunun üçün isə biz infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsait yatırmalıyıq. Bununla yanaşı, 30 il işğal altında olmuş bu ərazilərin kənd təsərrüfatı, hidroelektrik enerjisi, günəş və külək enerjisi, turizm kimi sahələrdə böyük potensialı var. Bu, dövlət investisiya proqramının əsas sahəsi olacaq.

Bu gün əminliklə deyə bilərik ki, dövlət başçımız İlham  Əliyevin yürütdüyü siyasət nəticəsində ölkəmiz dünya arenasında öz sözünü demiş bir ölkə kimi tanınır.  Artıq dörd ildir ki, ölkəmiz böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Bir sıra ölkələrlə əməkdaşlığımız daha da yüksəlib. Artıq Azərbaycan dünyada etibarlı tərəfdaşdır.

Adil Əliyev,
Xəzər rayonu, 124 №li məktəbin direktoru

Oxşar Xəbərlər

Back to top button