Yeni ticarət xəritəsində Azərbaycanın rolu qat-qat artıb
Rumıniya ilə ölkəmiz arasında əlaqələrin Azərbaycanın müstəqillik əldə etdiyi ilk illərdən başlayıb. Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olan Rumıniya ilə ölkəmiz arasında dostluq münasibətləri artıq uzun illərdir ki, davam edir. İki ölkə arasında əməkdaşlığın inkişaf potensialı olduqca genişdir. Rumıniyanın beynəlxalq səviyyədə əməkdaşlığa maraq göstərdiyi ölkələr arasında Azərbaycan xüsusi yer tutur. Rumıniya Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 11-də tanıyıb. Prezident Heydər Əliyevin Rumıniyaya səfəri zamanı Azərbaycan və Rumıniya arasında dostluq və əməkdaşlıq münasibətləri haqqında Bəyannamə, eləcə də elm, təhsil, mədəniyyət və idman, həmçinin iqtisadi və elmi – texniki əməkdaşlıq haqqında sazişlər imzalanıb.Ona görə bu gün Azərbaycan-Rumıniya əlaqələri yüksək səviyyədə inkişaf edir, münasibətlərimiz strateji tərəfdaşlıq, səmimi dostluq, qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. 2003-cü ilin oktyabrında cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra Rumıniya ilə əlaqələr uğurla inkişaf etdirildi. 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyaya rəsmi səfər etdi. Görüşlər zamanı Azərbaycan ilə Rumıniya arasında ikitərəfli əlaqələrin perspektivləri, regional əməkdaşlıq, beynəlxalq məsələlər ətrafında geniş müzakirələr aparıldı. Səfər zamanı iki ölkə arasında 11 sənəd imzalandı. 2009-cu il sentyabrın 28-də Buxarestdə iki ölkə prezidentləri tərəfindən “Rumıniya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın qurulması haqqında Bəyannamə” imzalandı. Bu, Azərbaycanın Avropa Birliyinə üzv dövlət ilə bağladığı ilk strateji tərəfdaşlıq müqaviləsi idi.Siyasi və iqtisadi əlaqələrin strateji xarakter daşıması dövlət başçılarımız tərəfindən əməkdaşlığa verilən böyük önəmdən irəli gəlir. Azərbaycanla Rumıniya arasında strateji tərəfdaşlıq iki ölkə arasında ticarət-iqtisadi, elmi-texniki, əmək və sosial müdafiə sahələrində əməkdaşlığın inkişafı üçün də əlverişli zəmin formalaşdırıb. Həmçinin strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə 2011-ci ildə imzalanan birgə Fəaliyyət Planı iki ölkə arasında əlaqələrin dərinləşməsində mühüm addım olub.Ölkələrimiz arasında mədəni əlaqələr getdikcə genişlənir.Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Bunu qiymətləndirən digər Avropa ölkələri kimi Rumıniya da Azərbaycanı regionda əsas tərəfdaş ölkə hesab edir. Regional və beynəlxalq təşkilatlarda Azərbaycan və Rumıniya yaxından əməkdaşlıq edirlər.Hazırda Rumıniya-Azərbaycan iqtisadi münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. Belə ki, enerji, nəqliyyat, kənd təsərrüfatı, elm, təhsil, əmək və sosial müdafiə, səhiyyə, mədəniyyət, turizm və digər sahələrdə Azərbaycan-Rumıniya əməkdaşlığı ildən-ilə genişlənməkdədir. Müstəqilliyə qədəm qoyandan bəri Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Rusiyanın Ukraynada başlatdığı işğalçı müharibədən sonra Avropa ölkələrinin alternativ enerji mənbələrinə ehtiyacı kəskin artıb. Bu isə Azərbaycanın etibarlı təminatçı kimi mövqeyinin güclənməsinə gətirib çıxarıb. Prezident İlham Əliyevin verdiyi məlumatdan aydın olur ki, 2022-ci ildə 10-dan çox Avropa ölkəsi Azərbaycandan qaz almaq, yaxud daha çox qaz almaq üçün ölkəmizə müraciət edib. Belə ölkələrdən biri də Rumıniyadır. 5-6 il əvvələdək qaza olan tələbatının 95 faizə qədərini öz istehsalı ilə təmin edən Rumıniyada qaz hasilatı ciddi şəkildə azalıb. Buxarestson 3 ildə 11-12 milyard kubmetrlik illik tələbatın 8-8,5 milyard kubmetrini özü təmin edir, qalanını isə əsasən Rusiyadan alırdı. 2021-ci ildə ölkə Rusiyadan 3 milyard kubmetr qaz alıb. Lakin 2022-ci ildə Rumıniya Ukraynaya hücumundan sonra Rusiya qazının alışını kəskin şəkildə azaldıb. Ötən il dekabrın 16-da SOCAR və Rumıniyanın “Romgaz S.A.” arasında imzalanmış müqaviləyə əsasən, yanvarın 1-dən Rumıniya Azərbaycan qazını almağa başlayıb. Razılaşma təbii qazın Cənub Qaz Dəhlizinin Avropa qolu olan Trans-Adriatik boru kəmərinin (TAP) Yunanıstan-Komotini çıxış nöqtəsindən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) vasitəsilə planlı nəqlini nəzərdə tutur. Bu müqavilə aprelin 1-dək Rumıniyaya 300 milyon kubmetr mavi yanacağın çatdırılmasını nəzərdə tuturdu.
Fevralın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində SOCAR-la “Romgaz S.A.” arasında 2023-2024-cü illər ərzində Azərbaycandan Rumıniyaya ildə bir milyard kubmetrə qədər qaz nəqlinə dair Saziş imzalanıb. SOCAR-dan verilən məlumata görə, saziş 2022-ci il oktyabrın 19-da və dekabrın 16-da SOCAR və “Romgaz S.A.” arasında imzalanan sənədlərin davamı hesab olunur.
Ayşən Qasımova,
YAP-ın gənc fəalı