Analitika

Yeni ilimiz – Novruzumuz!

XX əsrin 1920-ci illərinə qədər Azərbaycanda Novruz bayramı xalq tərəfindən böyük coşqu ilə qeyd olunurdu. Çar hökuməti bu bayrama Milad bayramı qədər diqqət yetirməsə də, Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Şəmsi Əsədullayev kimi milyonçular Bakı əhlinin bu bayramı təmtəraqla qeyd etməsinə böyük yardım edirdilər.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə də Novruz iki dəfə təntənəli şəkildə qeyd edilib. Ancaq Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra vəziyyət dəyişdi. 1920-ci ilin aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti qurulandan bir müddət sonra da bolşeviklər Novruzun qeyd olunmasına xalqın dəstəyini qazanması üçün icazə verirdi.  Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra da Novruz bayramları əvvəlki təntənə ilə qeyd olunmaqda davam edirdi. “Kommunist” qəzeti 1921-ci il 24 mart tarixli nömrəsində yazırdı ki, “Novruz bayramı” günlərində məktəblərdə tətillər başlanır, küçələrdə şagirdlərin bayram nümayişləri, teatr və klublarda tamaşa və konsertlər təşkil edilir. İmkansız əhaliyə müxtəlif ərzaq məhsulları paylanır. Ancaq bütün bunların ömrü çox da uzun olmadı.1928-ci ildən başlayaraq dini və milli bayramlara, həmçinin Novruz bayramına  da qarşı açıq hücumlar başladı. 1937-ci il SSRİ Konstitusiyasının qəbulundan sonra isə Novruz ümumiyyətlə qadağan edildi.

Yalnız 1991-ci ildə SSRİ-dən müstəqilliyini əldə edən Azərbaycan Novruzu rəsmi bayram elan edə bildi. 2000-ci illərin əvvəllərindən isə Novruz bayramında tam 10 gün iş günü sayılmır. 2009-cu il Azərbaycan mədəniyyətinin dünyada tanıdılması sahəsində uğurlu bir il oldu. Heydər Əliyev Fondu və respublika Mədəniyyət və Turizm Nazirliyinin birgə əməyi sayəsində Novruz bayramı YUNESKO tərəfindən dünya xalqlarının qorunan qeyri-maddi mədəni irsi siyahısına daxil edildi. Fevralın 23-də isə  BMT Baş Məclisinin 64-cü sessiyasında “Sülh mədəniyyəti” adlı 49-cu bəndə müvafiq olaraq Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş və Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə, Albaniya, Hindistan və Makedoniyanın həmmüəllifi olduqları “Beynəlxalq Novruz Günü” adlı qətnamə layihəsinin Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev tərəfindən təqdimatı keçirilmişdir. Qətnamə yekdilliklə qəbul edilmiş, BMT martın 21-ni Beynəlxalq Novruz Günü elan etmişdir.

Azərbaycan xalqının zəngin milli dəyərlər sistemini və adət-ənənələrini yaşadan bayramlar sırasında Novruz bayramı xüsusi yer tutur. Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə ehtiva edən bu bayram, eyni zamanda sərhəd tanımayan türkün bütün əzəli torpaqlarında məskunlaşmış, eyni soykökünə mənsub insanları sarsılmaz birliyə, dostluq və həmrəyliyə, bolluq və firavanlıq uğrunda birgə mübarizəyə səfərbər edən, onların milli-etnoqrafik dəyərlərini tarix boyu bütün incəliklərinə qədər qoruya-qoruya çağdaş dünyamıza gətirib çıxaran bəşəri bir bayramdır.Xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, qədim mifik inanclarını, folklorunu, milli varlığını bütün zənginliyi ilə özündə əks etdirən bu bayram həmçinin əcdadlarımızın indiki nəsillərə misilsiz yadigarı və əbədiyaşarlıq rəmzidir. Azərbaycanda Novruzun yaranma mərhələlərini əks etdirən dörd ünsür — su, od, yel və torpaqla bağlı mərasimlərin qeyd olunması ənənələrini özündə birləşdirir: Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi. Su çərşənbəsinə “Əzəl çərşənbə”, “Sular Novruzu” da deyirlər. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlifşənliklər keçirirlər. Qeyd edilən ikinci çərşənbə — xalq arasında “Üskü çərşənbə”, “Addı çərşənbə” kimi tanınan Od çərşənbəsidir. Bu çərşənbə qədim insanların Günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. İnama görə bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Novruz ərəfəsində sonuncu çərşənbə xalq arasında “Yer çərşənbəsi”, “İlaxır Çərşənbə” və ya “Torpaq çərşənbəsi” adlanır.İnama görə Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. Novruz bayramı illərdən bəri qeyd olunduğu üçün vaxt keçdikcə yeni yeni adətlər əmələ gəlib və nəsildən nəsilə ötürülüb hal hazırda isə Azərbaycanda Novruz bayramında aşağıda qeyd etdiyimiz adətlər var: papaq atmaq; qulaq falı; tonqaldan tullanmaq; üzük falı; səməni əkmək; yumurta döyüşdürmək və s. Bir biri ilə yola getməyən Keçəl ilə Kosa isə Azərbaycan Novruz bayramının əsas rəmzlərindən biridilər.

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra da xalqımız Novruzu daha böyük təntənə ilə qeyd etməyə başlayıb. Müstəqilliyini əldə etdikdən 30 ilə yaxın bir müddətdə xalqımızın ümdə bir arzusu var idi. İşğal olunmuş torpaqlarımızın azad edilməsi və həmin ərazilərdə digər bayramlarla bərabər Novruz bayramının da qeyd olunmasını xalqımız böyük həsrətlə gözləyirdi. Ruhumuzun yenilməzliyinin təntənəsinə çevrilən və bizi dünyaya məğrur millət olaraq tanıdan şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirmişdir. Məhz, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, şanlı Ordumuzun gücü ilə işğaldan azad edilən əzəli-əbədi torpaqlarımızda 30 ildən sonra Novruz sevinci yaşanır, bayram tonqalları qalanır. Artıq biz Novruz bayramını qalib xalq olaraq qeyd edirik, bu isə misli görünməmiş xoşbəxtlikdir.

Həsənova Şahnaz,
Xəzər rayonu, 121 nömrəli məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button