AnalitikaGündəmSiyasət

Yeni idarəetmə modelinin əhəmiyyəti

Cənab Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən və “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunan müşavirə ölkənin strateji inkişaf kursunda yeni mərhələnin başlandığını nümayiş etdirdi. Bu toplantı yalnız texnoloji məsələlərin müzakirəsi ilə məhdudlaşmayaraq, dövlətin gələcək idarəetmə modelinin və inkişaf prioritetlərinin müəyyənləşdirilməsi baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir.
Dövlət başçısı çıxışında mövzunu qlobal çərçivədə təqdim edərək vurğuladı: “Bu məsələ bizim gələcək inkişafımızı böyük dərəcədə şərtləndirəcək. Dünyada gedən meyillər, trendlər bəllidir.” Bu yanaşma göstərir ki, Azərbaycan rəqəmsallaşmanı alternativ seçim kimi deyil, qaçılmaz zərurət və strateji istiqamət kimi qəbul edir. Müasir dövrdə iqtisadi güc, siyasi nüfuz və milli təhlükəsizlik anlayışları texnoloji inkişaf səviyyəsi ilə birbaşa bağlıdır. Azərbaycanın müasir inkişaf yolu enerji strategiyası üzərində formalaşıb. Uzaqgörən enerji siyasəti ölkəni regional gücə və etibarlı tərəfdaşa çevirib. İndi isə bu təcrübə yeni mərhələyə transfer olunur. Prezident bu paraleli belə ifadə etdi: “Bizim neft-qaz, bağlantılar sahələrində böyük təcrübəmiz var. Bu təcrübə rəqəmsal dünyada aparıcı rol oynayan şirkətlərlə münasibətlərdə də özünü göstərməlidir.” Bu fikir onu göstərir ki, Azərbaycan rəqəmsal transformasiyaya sıfır nöqtəsindən başlamır. Enerji layihələrində formalaşmış beynəlxalq əməkdaşlıq modeli, hüquqi sabitlik və investisiya etibarı artıq mövcuddur və indi həmin model rəqəmsal iqtisadi mühitə tətbiq edilir.
Azərbaycanın geostrateji mövqeyi tarixən mühüm rol oynayıb. Lakin Prezidentin vurğuladığı kimi, coğrafi yerləşmə yalnız düzgün siyasi yanaşma nəticəsində üstünlüyə çevrilir: “Biz coğrafi vəziyyətimizi ölkəmizin inkişafına bağlamışıq və buna nail olmuşuq.” Asiya ilə Avropa arasında yerləşmə, Şimal–Cənub və Şərq–Qərb nəqliyyat dəhlizlərinin kəsişməsi bu gün yeni məzmun qazanır. Bu dəhlizlər artıq yalnız enerji və yük daşımaları üçün deyil, həm də data və informasiya axınları üçün strateji platformaya çevrilir. Xəzərin şərq sahilləri istiqamətində fiber-optik bağlantı layihəsi Azərbaycanın rəqəmsal tranzit ölkə mövqeyini daha da möhkəmləndirəcək və onu regionun texnoloji mərkəzlərindən birinə çevirmək üçün real zəmin yaradacaq. Rəqəmsal transformasiya yüksək enerji tələbatı ilə müşayiət olunur. Data mərkəzləri və süni intellekt infrastrukturu böyük generasiya gücü tələb edir. Cənab Prezident bu reallığı konkret rəqəmlərlə ifadə edərək bildirdi: “Son 20 il ərzində generasiya gücümüz təxminən iki dəfəyə yaxın artıb və bu gün 10 min meqavata bərabərdir.” Ən azı 2 min meqavat istifadə edilməyən ehtiyat gücün mövcudluğu Azərbaycanın rəqəmsal sənaye üçün cəlbedici platforma olduğunu göstərir. Bununla yanaşı, bərpaolunan enerji layihələrinin genişləndirilməsi ölkəni həm ekoloji, həm də texnoloji baxımdan üstün mövqeyə çıxarır və rəqəmsal iqtisadiyyatın maddi bazasının artıq formalaşdığını təsdiqləyir.
Cənab Prezident çıxışında Azərbaycanın beynəlxalq tərəfdaşlıq əlaqələrinə də xüsusi diqqət ayırdı. ABŞ ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası, Avropa İttifaqına üzv dövlətlərlə bağlanmış sənədlər və Çinlə qurulmuş hərtərəfli strateji tərəfdaşlıq balanslı xarici siyasətin nəticəsi kimi təqdim olundu. “Dünyada bu qədər üstünlüyü olan ikinci ölkə tapıla bilər, çox axtarsan.” Bu fikir siyasi ritorikadan daha çox mövcud geosiyasi reallığın təsviri kimi qiymətləndirilə bilər. Çünki rəqəmsal texnologiyalar sahəsində ABŞ, Çin və Avropa əsas güc mərkəzləri hesab olunur və Azərbaycan onların hər biri ilə strateji əməkdaşlıq platformasına malikdir. Bu isə ölkəyə texnoloji rəqabət şəraitində geniş manevr imkanları yaradır. Eyni zamanda, qlobal maliyyə institutları ilə əməkdaşlıq rəqəmsal layihələrin maliyyə dayanıqlığını təmin edən mühüm amildir. Rəqəmsallaşma yalnız infrastruktur quruculuğu deyil, həm də idarəetmə fəlsəfəsinin yenilənməsidir. Prezident dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsini əsas şərt kimi müəyyən etdi: “Pərakəndəliyə yol verilməməlidir.” “mygov” platforması üzərindən vahid dövlət xidmətlərinin təşkili və müxtəlif tətbiqlərin mərkəzləşdirilməsi idarəetmədə sistemliliyi artıracaq. Bu yanaşma həm bürokratik maneələrin azalmasına, həm də vətəndaş-məmur münasibətlərində şəffaflığın güclənməsinə xidmət edəcək.
Cənab Prezident süni intellekt texnologiyalarının tətbiqini təkcə texniki yenilik kimi deyil, qərarvermə mexanizmlərinin keyfiyyətini yüksəldən alət kimi təqdim etdi: “Süni intellekt agentləri hər hansı bir qərarın düzgün olub-olmaması ilə bağlı yardımçı ola bilər.” Bu yanaşma idarəetmədə analitik düşüncənin gücləndirilməsi deməkdir. Süni intellekt risklərin proqnozlaşdırılması, strateji planlaşdırma və operativ qərarvermə proseslərində mühüm rol oynaya bilər. Azərbaycan bu istiqamətdə qlobal meyilləri izləməklə kifayətlənmir, onların praktik tətbiqinə hazır olduğunu nümayiş etdirir. Rəqəmsal arxitektura yalnız texniki infrastrukturu əhatə etmir — onun əsas dayağı insan kapitalıdır. Prezident ali və orta təhsil sistemində dəyişikliklərin vacibliyini vurğuladı. Xaricdə təhsil proqramlarının bu sahəyə yönəldilməsi gələcəyin texnoloji mütəxəssislərinin yetişdirilməsinə xidmət edir. Bu, strateji baxışın əsas elementidir: texnologiyanı almaq mümkündür, lakin bilik və kadr potensialı milli sərvət hesab olunur. Fevralın 11-də keçirilən müşavirə göstərdi ki, Azərbaycan rəqəmsal transformasiyanı epizodik layihə kimi deyil, milli inkişaf strategiyasının əsas xətti kimi qəbul edir. Enerji potensialı, geosiyasi mövqe, qlobal tərəfdaşlıqlar və institusional iradə bu strategiyanın əsas sütunlarını təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan yeni rəqəmsal arxitektura Azərbaycanın qarşıdakı onilliklərdə təkcə regional deyil, qlobal miqyasda da texnoloji mərkəzə çevrilmək iddiasını aydın şəkildə ortaya qoyur.

Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button