Azərbaycan ilə Avropanın siyasi, iqtisadi, o cümlədən ticarət və enerji sahəsində əməkdaşlığı son illərdə inkişaf mərhələsini yaşayır. “Köhnə qitə” ilə münasibətlərin inkişafında mühüm mövqeyə sahib olan ölkələrdən biri İtaliyadır.
Ölkəmiz İtaliya ilə əlaqələrə böyük önəm verir və bu əlaqələrin genişləndirilməsində xüsusilə maraqlıdır. Prezident İlham Əliyevin 2024-cü ilin sentyabrın 4-6-sı tarixlərində İtaliyaya səfər etməsi və bu ölkənin Çernobbio şəhərindəki foruma qatılması, buradakı çıxışı zamanı səsləndirdiyi fikirlər bu baxımdan əhəmiyyətlidir. Ölkə rəhbəri İtaliyada işgüzar görüşlərinin ardından “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunan Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyana qatılıb. Sessiyada çıxış edən dövlət başçısı Azərbaycan-İtaliya və Azərbaycan-Avropa münasibətləri ilə bağlı çox önəmli fikirlər səsləndirib.
Qeyd edək ki, Azərbaycan prezidenti Çernobbio Forumunda sentyabrın 6-da ikinci dəfə iştirak edib. Dövlət başçısı Forumda çıxışı zamanı bildirib ki, İtaliya və Azərbaycanın strateji tərəfdaşlığı uzun illərdir davam edir. Strateji əməkdaşlıq başlanğıcını 10 il əvvəl qəbul edilən bəyannamədən götürüb. İki ölkə arasında əməkdaşlıq bir çox sahəni əhatə edir və hökumətlər arasında müntəzəm siyasi təmaslar var. Dövlət başçısı vurğulayıb ki, yüksək səviyyəli siyasi təmaslar İtaliyanın Azərbaycanla yaxın siyasi tərəfdaş olduğunu nümayiş etdirir.
Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il iki ölkənin ticarət dövriyyəsi 16 milyard ABŞ dollarına yaxın olub. Azərbaycanın İtaliya ilə enerji sahəsində əməkdaşlığında Cənub Qaz Dəhlizinin mühüm elementdir. Bu inteqrasiya edilmiş boru kəmərinin uzunluğu 3500 kilometrdir və adıçəkilən boru kəməri sistemi 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Prezident İ.Əliyev qeyd edib ki, hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Dövlət başçımız xatırladıb ki, bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır.
O, vurğulayıb ki, İtaliya ilə ikitərəfli əlaqələr enerji və ticarətlə məhdudlaşmır: “Hazırda humanitar məsələlər üzərində fəal şəkildə işlər aparılır. Artıq İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıb və bu, bizim əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir. İtaliyanın beş aparıcı universiteti – Lyuis, Sapyensa, Boloniya, Milan və Turin universitetləri və onların Azərbaycandan olan tərəf müqabilləri bu müştərək təsisatı yaradıb. Bu, bizim gələcək əməkdaşlığımız üçün mühüm əhəmiyyət kəsb edəcək.
İkitərəfli münasibətlərimiz qarşılıqlı etimad və hörmət, habelə qarşılıqlı maraqların nəzərə alınması üzərində qurulub. Bizim münasibətlərimiz bir-birindən uzaqda, fərqli qitələrdə yerləşən ölkələr arasında münasibətlərin necə qurulmalı olduğunun nümunəsidir”.
Prezident çıxışı zamanı Qafqazda və daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişiklik olan Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası haqqında da danışıb. Dövlət başçımız xatırladıb ki, II Qarabağ müharibəsi və ondan sonra baş verən onu nümayiş etdirdi ki, beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər ki, burada hüquqi çərçivə ilə yanaşı, həmçinin cəsarət və real güc də var: “Bizim beynəlxalq səviyyədə tanınmış ərazilərimiz 30 il ərzində Ermənistanın işğalı altında idi. Beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə, o cümlədən Ermənistan qoşunlarının bizim torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən və hüquqi öhdəlik yaradan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, işğal davam etmişdir. ATƏT bu məsələ ilə məşğul olacaq xüsusi bir qrup da yaratmışdır və həmin qrup 28 il ərzində sıfır nəticə hasil etmişdir. Bu, onu nümayiş etdirir ki, ədaləti və sülhü təmin etmək üçün təkcə beynəlxalq hüquq kifayət deyil. Masa üzərində digər amillər də olmalıdır.
Rusiya və Ukrayna arasında baş verən münaqişədən sonra yaranan yeni geosiyasi vəziyyətə də toxunan Prezident İ.Əliyev yeni şəraitdə Azərbaycanın önəminin daha da artığını vurğulayıb: “Burada deyə bilərəm ki, Ukrayna ərazisində qazın tranzitinin davam etdirilməsi ilə bağlı Rusiya, Ukrayna və Avropa təsisatları tərəfindən bizə müraciət edildi. Bir neçə aydır ki, biz ümumi məxrəcə gəlmək üçün böyük səylər göstəririk. Məlumdur ki, bu tranzit dayanarsa, – bu isə dekabr ayına təsadüf edəcək, – bir neçə Avropa İttifaqı ölkəsi təbii qazın fiziki əlçatanlığı ilə bağlı ciddi çətinliklərlə üzləşəcək. Biz, sadəcə, həmin ölkələri və Ukraynanı dəstəkləmək istəyirik. Çünki qazın tranziti dayandığı halda Ukraynanın qazpaylayıcı sistemi tamamilə iflic olacaqdır. Bizdə müəyyən nikbinlik var. Çünki biz bu kontekstdə hər iki ölkə ilə təmasdayıq və görürük ki, ciddi irəliləyiş üçün zəmin var. Ancaq tərəfimdən təfərrüatların açıqlanması erkən olar. Burada uğura nail ola bilsək, zənnimcə biz bütün regionu viran edən bu müharibəyə son qoymaq üçün əlavə addımlar ata bilərik.
Qasımova Rüxsarə,
Xəzər rayonu, 149 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi