AnalitikaGündəmSiyasət

Yeni geosiyasi reallıqlar fonunda Azərbaycan–Serbiya əməkdaşlığı

Prezident İlham Əliyev müasir Azərbaycanın xarici siyasət kursunun əsas memarı və icraçısı kimi ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsində həlledici rol oynayan siyasi liderdir. Onun rəhbərliyi dövründə Azərbaycan balanslaşdırılmış, çoxtərəfli və praqmatik diplomatiya modeli formalaşdıraraq həm regional, həm də qlobal miqyasda strateji tərəfdaşlıqlar şəbəkəsini genişləndirmişdir. Enerji diplomatiyasının geosiyasi alətə çevrilməsi, nəqliyyat-kommunikasiya layihələrinin təşviqi və suverenlik prinsipinə əsaslanan prinsipial mövqe dövlət başçısının siyasi xəttinin əsas komponentləridir. Məhz bu konseptual yanaşma fonunda 22 fevral 2026-cı il tarixində Cənab İlham Əliyevin Serbiya Respublikasına işgüzar səfəri Azərbaycanın Avropa məkanında strateji əməkdaşlıq siyasətinin davamı kimi qiymətləndirilə bilər.
Səfər çərçivəsində paytaxt Belqrad şəhərində keçirilən görüşlər Azərbaycan–Serbiya münasibətlərinin artıq formalaşmış dostluq müstəvisindən çıxaraq sistemli strateji tərəfdaşlıq mərhələsinə keçdiyini nümayiş etdirdi. Serbiya Prezidenti Aleksandar Vuçiç ilə aparılan danışıqlar siyasi dialoqun intensivliyini və qarşılıqlı etimadın yüksək səviyyəsini əks etdirdi. Liderlər arasında mövcud olan açıq və konstruktiv ünsiyyət formatı ikitərəfli gündəliyin çevik şəkildə uzlaşdırılmasına imkan yaradır.
Siyasi müstəvidə münasibətlərin əsasını qarşılıqlı olaraq suverenlik və ərazi bütövlüyünə hörmət prinsipi təşkil edir. Hər iki dövlət beynəlxalq hüququn norma və prinsiplərinə istinad edərək çoxtərəfli platformalarda bir-birinin mövqelərinə dəstək nümayiş etdirir. Bu yanaşma, xüsusilə mürəkkəb geosiyasi mühitdə, qarşılıqlı etimadın institusional əsaslarını möhkəmləndirir və diplomatik koordinasiyanı dərinləşdirir.
Enerji əməkdaşlığı isə tərəfdaşlığın strateji sütunlarından biri kimi çıxış edir. Azərbaycan Respublikasının Avropanın enerji təhlükəsizliyində artan rolu Serbiyanın enerji mənbələrinin şaxələndirilməsi siyasəti ilə uzlaşır. Bu kontekstdə tərəflər arasında enerji təchizatı, infrastrukturun inkişafı və uzunmüddətli müqavilə mexanizmləri üzrə əməkdaşlıq yalnız iqtisadi dividendlər deyil, həm də siyasi yaxınlaşma yaradır. Enerji diplomatiyası beləliklə iki ölkə arasında qarşılıqlı asılılıq deyil, qarşılıqlı etimad modeli formalaşdırır.
İkitərəfli münasibətlərin institusionallaşdırılması da xüsusi əhəmiyyət daşıyır. Müntəzəm yüksək səviyyəli səfərlər, hökumətlərarası mexanizmlər və imzalanan sənədlər əməkdaşlığın davamlı xarakter aldığını göstərir. Bu proses münasibətləri liderlərarası siyasi iradədən dövlətlərarası sabit əməkdaşlıq platformasına transformasiya edir.
Geosiyasi baxımdan Azərbaycan Balkan regionunda etibarlı tərəfdaş mövqeyini gücləndirir, Serbiya isə Cənubi Qafqazın aparıcı dövləti ilə əlaqələrini dərinləşdirərək xarici siyasət balansını genişləndirir. Beləliklə, ölkə başçısının bu işgüzar səfəri yalnız protokol xarakterli diplomatik hadisə deyil, həm də iki ölkə arasında strateji yaxınlaşmanın siyasi təsdiqi kimi çıxış edir. Bu səfər göstərdi ki, Bakı və Belqrad arasında əməkdaşlıq taktiki maraqlara deyil, uzunmüddətli strateji vizyona əsaslanır.

Leyla Hüseynova,
YAP Yasamal rayon AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button