Yeni dövrün yeni hədəfləri olmalıdır
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da yerli telekanallara müsahibəsində bir sıra mühüm mövzulara toxundu, ciddi mesajlar verdi. Bu mesajlardan çıxan nəticə budur ki, Azərbaycan dövləti öz doğru bildiyi yolda davam edəcək. Heç bir qüvvə onunla hədə-qorxu dili ilə danışa bilməz. Bu əminliyin səbəbi isə əlbəttə ki, haqlı olmağımızdır. Azərbaycana təzyiq göstərmək, hətta onunla təhdid dilində danışmaq istəyənlərə ən tutarlı cavab elə budur. Haqlı olmasaydıq, torpaqlarımızın 30 illik işğalına son qoyub, ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa edə bilməzdik. Prezident İlham Əliyev müsahibə zamanı bu məqama toxunaraq aydın şəkildə bildirdi ki, gücümüzün əsas mənbəyi haqlı olmağımızdır və istənilən auditoriyada, istənilən tədbirdə öz haqlı olmağımızı sübut etmək üçün kifayət qədər əsaslarımız var. Azərbaycan torpaqlarının 30 illik işğalına, ərazilərimiz dağıdılaraq yerlə bir edilməsinə göz yumanlar İkinci Qarabağ müharibəsindən, xüsusilə lokal antiterror tədbirlərindən sonra müxtəlif vasitələrə əl ataraq Bakıya təzyiq göstərməyə çalışdılar. Müxtəlif beynəlxalq təşkilatlarda ölkəmiz əleyhinə sənədlərin qəbuluna cəhd edən həmin qüvvələr hətta sanksiyalardan belə danışdılar. Səbəb də o idi ki, onların 30 il ərzində yerinə yetirmədiyi BMT Təhlükəsizlik Şurasının qətnamələrini Bakı özü icra etdi. İkincisi, Azərbaycan ərazisində separatizmin varlığına son qoydu. Hansı ki, Qərb özü separatizmlə mübarizə aparır. Deməli, separatizmlə bağlı da fərqli yanaşmanın olması Avropanın ikiüzlülüyünü göstərmiş oldu. Dövlət başçısının daha bir mühüm açıqlaması isə Azərbaycan və Ermənistan arasında kommunikasiyanın hansı prinsiplərlə açılması ilə bağlı oldu. Prezident bəyan etdi ki, ilk növbədə, Zəngilanla Ordubad arasındakı ərazidə bizə maneəsiz keçid verməlidirlər: “Bu, onların öhdəliyidir. Mən artıq demişəm, bir daha demək istəyirəm, Azərbaycandan Azərbaycana gedən yüklər, vətəndaşlar və avtonəqliyyat vasitələri heç bir yoxlamadan keçmədən, gömrük inzibatçılığına cəlb edilmədən sərbəst keçməlidirlər. O ki qaldı digər ölkələrin yüklərinə, əgər, məsələn, Orta Asiyadan Türkiyəyə bir yük Ermənistan ərazisindən göndərilirsə və hətta Azərbaycandan Türkiyəyə hansısa bir yük göndərilirsə, təbii ki, bütün gömrük rüsumları da ödənilməlidir. Yəni bu, çox ədalətli mövqedir”Başqa bir önəmli məsələ isə bu yolun təhlükəsizliyi ilə bağlıdır. Dövlət başçısı diqqətə çatdırıb ki, Ermənistanın qarantiyalarının bizə kifayət etmədiyini dəfələrlə bu ölkənin rəhbərliyinə deyib: “10 noyabr bəyanatında göstərilmişdi ki, Rusiya sərhədçiləri 42-43 kilometr ərazidə təhlükəsizliyi və nəzarəti həyata keçirirlər və bu öhdəlik yerinə yetirilməlidir. Ermənistan isə bundan indi boyun qaçırmaq istəyir. Halbuki bu da məntiqli deyil. Çünki Rusiya sərhədçiləri Ermənistanın, İrəvanın aeroportundadırlar, Ermənistan-İran, Ermənistan-Türkiyə sərhədindədirlər. Niyə orada onlar qala bilərlər, amma burada qala bilməzlər? Sadəcə olaraq, bu, bir bəhanədir ki, bu yol açılmasın. Biz üç il gözləmişik, bizi ittiham edirdilər ki, biz güc tətbiq edərək o yolu açacağıq. Halbuki bu, cəfəng bir ittiham idi. Onu da bildirməliyəm ki, bu şayiələri, belə ucuz şayiələri yayan da Fransadır. Biz dəqiq bilirik ki, hər yerdə danışırdılar və bu gün də yəqin davam edir ki, bu gün-sabah Azərbaycan Ermənistana hücum edəcək. Halbuki bunun heç bir əsası yoxdur, heç bir hazırlıq da getmir və bu gün hazırlığı gizlətmək də mümkün deyil. Çünki hər şey yuxarıdan, peykdən görünür, digər informasiya mənbələri var. Biz, sadəcə olaraq, üç il gözləmişik, görəndə ki, bu alınmır, bizim başqa yolumuz qalmayıb. Biz qısa yolla Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməliyik və bildiyiniz kimi, İranla artıq razılıq da əldə edildi, nəinki razılıq, təməlqoyma mərasimi keçirildi”.Dövlət başçısı bəyan edib ki, bu məsələdə Bakının təklifi çox məntiqlidir. Məlumdur ki, gələn ay Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu seçkilərin keçirilməsini zəruri edən səbəblər barədə siyasətçilər, ekspertlər tərəfindən müəyyən arqumentlər səsləndirilib. Dövlət başçısı müsahibə zamanı bunun əsas səbəblərini açıqlayıb. Bildirib ki, birinci səbəb təbii ki, suverenliyimizin tam bərpasıdır, çünki seçkilər bir dövrə yekun vurur. Sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Həm Ermənistan rəhbərliyinə, həm də beynəlxalq aktorlara bir dəqiqə ərzində düyməyə basıb bu əməliyyatı keçirəcəyini, onların heç nə də edə bilməyəcəklərini açıq şəkildə dediyini vurğulayan dövlətimizin başçısı bildirib ki, “Bu hadisələrin gedişatı onu göstərdi ki, – hesab edirəm, bu, təkcə Ermənistan üçün yox, Ermənistanın arxasında dayananlar üçün də bir dərs olmalıdır, – bizimlə hədə-qorxu dili ilə, yaxud da təkəbbürlə davranmaq mümkün deyil”. Hesab edirəm ki, sözügedən müsahibədə bu məqama toxunulması heç də təsadüfi deyil. Eyni zamanda, bu, hələ də Azərbaycanla təzyiq dili ilə danışmaq istəyən bəlli xarici güclərə növbəti xəbərdarlıq olmalıdır.
Əyyub Əliyev,
YAP-ın gənc fəalı