
2 oktyabr 2026-cı il tarixində Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib. Qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev nitq söyləyib. Tədbir Azərbaycanın ictimai-siyasi həyatında baş verən mühüm proseslərin, ölkənin son illərdə keçdiyi inkişaf yolunun və qarşıdakı dövr üçün müəyyənləşdirilən əsas vəzifələrin müzakirə edildiyi tədbir kimi diqqət çəkib.
VIII Qurultayın keçirildiyi dövr Azərbaycanın müasir tarixində mühüm dəyişikliklərlə səciyyələnir. Qurultay ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsindən sonrakı mərhələdə keçirilib. Bu xüsusiyyət tədbirin siyasi əhəmiyyətini müəyyən edən əsas amillərdən biri kimi çıxış edir. Prezident İlham Əliyev də çıxışında məhz bu məqamı xüsusi vurğulayıb.
Qurultay yalnız partiyanın fəaliyyəti ilə bağlı məsələlərin müzakirəsi ilə məhdudlaşmayıb. Tədbirdə Azərbaycanın keçdiyi tarixi yol, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün və suverenliyin bərpası, təhlükəsizlik, xarici siyasət, iqtisadi inkişaf, enerji və nəqliyyat imkanları, Qarabağ və Şərqi Zəngəzurun bərpası, eləcə də informasiya və ideoloji təhlükəsizlik məsələləri barədə fikirlər səsləndirilib.
Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın müstəqillik tarixinin mürəkkəb dövrünə təsadüf edir. Partiyanın təsis qurultayı 1992-ci ilin noyabrında Naxçıvanda keçirilib. VIII Qurultayda bu tarixi mərhələ xatırlanaraq YAP-ın yaranmasının həmin dövrdə cəmiyyətdə mövcud olan siyasi və ictimai proseslərlə bağlılığı qeyd edilib. Prezident İlham Əliyevin çıxışında partiyanın təsis qurultayı Azərbaycanın sonrakı siyasi inkişafı baxımından mühüm başlanğıc nöqtəsi kimi təqdim olunub.
Qurultayda Azərbaycanın son onilliklər ərzində keçdiyi yolun müxtəlif mərhələlərinə nəzər salınıb. Müstəqilliyin ilk illərində ölkənin üzləşdiyi siyasi, iqtisadi və sosial çətinliklər, torpaqların işğalı nəticəsində yaranmış ağır vəziyyət və qaçqın-köçkün problemi diqqətə çatdırılıb. Çıxışda həmin dövrdə ölkənin qarşısında dayanan əsas vəzifələrin dövlətçiliyin qorunması, sabitliyin təmin edilməsi və Azərbaycanın müstəqil inkişaf yoluna çıxarılması olduğu vurğulanıb.
Azərbaycanın sonrakı inkişaf mərhələsində iqtisadi imkanların genişləndirilməsi, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi və dövlət institutlarının möhkəmləndirilməsi məsələləri də ön plana çıxıb. Qurultayda Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi, müxtəlif dövlətlərlə əlaqələrin genişləndirilməsi və ölkənin xarici siyasətdə çoxşaxəli əməkdaşlıq imkanlarından istifadə etməsi barədə məlumat verilib.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın Çin və Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlıq münasibətlərinə gəldiyini, həmçinin Avropa İttifaqına üzv dövlətlərin bir çoxu ilə strateji tərəfdaşlıq formatlarının mövcud olduğunu bildirib. Bu faktlar Azərbaycanın müxtəlif beynəlxalq tərəfdaşlarla əlaqələr qurmaq siyasətinin tərkib hissəsi kimi təqdim edilib.
Qurultayın mühüm mövzularından biri Azərbaycanın hərbi və təhlükəsizlik imkanlarının gələcək inkişafı olub. Prezident çıxışında hərbi gücün artırılmasının qarşıdakı əsas vəzifələrdən biri olduğunu bildirib. Bu məsələ həm regional, həm də qlobal təhlükəsizlik mühitində baş verən dəyişikliklərlə əlaqələndirilib. Dünyanın müxtəlif bölgələrində münaqişələrin davam etməsi və yeni risklərin meydana çıxması fonunda dövlətin təhlükəsizlik imkanlarının daim gücləndirilməsinin vacibliyi vurğulanıb.
Bununla yanaşı, müasir dövrdə təhlükəsizlik anlayışının yalnız hərbi məsələlərlə məhdudlaşmadığı da diqqətə çatdırılıb. İnformasiya texnologiyalarının, internetin, kiberməkanın və süni intellektin inkişafı yeni çağırışlar formalaşdırır. Bu baxımdan təhsil, maarifləndirmə, informasiya savadlılığı və vətənpərvərlik tərbiyəsi mühüm amillər kimi qeyd olunub.
Qurultayda ideoloji fəaliyyətin də yeni yanaşmalar əsasında qurulmasının vacibliyi bildirilib. Prezident İlham Əliyev partiya fəallarının informasiya mühitində daha müasir üsullardan istifadə etməli olduğunu, formal xarakter daşıyan yanaşmaların yerinə müasir kommunikasiya imkanlarından yararlanmağın zəruriliyini qeyd edib. Bu yanaşma müasir informasiya məkanında ictimai-siyasi proseslərin daha geniş auditoriyaya çatdırılması məsələsini gündəmə gətirir.
Azərbaycanın iqtisadi inkişafı da VIII Qurultayda müzakirə olunan əsas istiqamətlərdən olub. Ölkənin enerji potensialı, neft və qaz hasilatı, neft məhsullarının istehsalı və ixracı, həmçinin elektrik enerjisi və digər enerji məhsulları Azərbaycanın iqtisadi və geosiyasi imkanları baxımından qiymətləndirilib. Çıxışda enerji təhlükəsizliyinin dövlətlərin milli təhlükəsizliyinin mühüm komponentlərindən biri olduğu vurğulanıb.
Nəqliyyat və tranzit imkanlarının genişləndirilməsi də qarşıdakı dövr üçün mühüm istiqamətlər sırasında göstərilib. Azərbaycan ərazisindən keçən Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi ölkənin regional logistika imkanlarının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Qurultayda orta müddətdə Azərbaycan ərazisindən keçən tranzit yüklərin 30 milyon tona çatdırılması hədəfi səsləndirilib.
Qarabağ və Şərqi Zəngəzurun bərpası da qurultayda xüsusi yer tutub. Verilən məlumata əsasən, həmin ərazilərin inkişafına indiyədək 28 milyard manat vəsait ayrılıb, 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşması təmin edilib. Regionda məskunlaşma, infrastrukturun qurulması və sosial-iqtisadi inkişaf istiqamətində işlərin növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulur.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın yeni siyasi, iqtisadi və geosiyasi reallıqları fonunda keçirilib. Qurultayda həm partiyanın tarixi fəaliyyətinə nəzər salınıb, həm də ölkənin qarşısında duran strateji məsələlər diqqətə çatdırılıb.
Tədbirdə təhlükəsizlik, iqtisadi inkişaf, enerji, nəqliyyat, beynəlxalq əməkdaşlıq, informasiya və ideoloji təhlükəsizlik, Qarabağ və Şərqi Zəngəzurun bərpası kimi istiqamətlər üzrə qarşıdakı vəzifələr ifadə olunub. Beləliklə, 2 oktyabr 2026-cı ildə keçirilən VIII Qurultay Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonrakı yeni mərhələdə ölkənin siyasi gündəliyinin əsas istiqamətlərinin müzakirə olunduğu mühüm tədbir kimi səciyyələnir.
Nəzrin Əlizadə,
YAP Nərimanov rayon təşkilatının məsləhətçisi



