Yeni Azərbaycan Partiyasının VII qurultayı partiyamızın inkişafında yeni mərhələnin başlanğıcıdır
Yeni Azərbaycan Partiyasının VII qurultayı Azərbaycanın ictimai-siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu. Azərbaycan dünyada islahatçı ölkə kimi tanınır. Xüsusilə də, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər bütün sahələri əhatə edən genişmiqyaslı islahatlara start verilib. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar kompleks xarakter daşıyır, ardıcıl və məqsədyönlüdür. Dövlət başçısının islahatlar kursu Azərbaycanın bugünkü inkişafını təmin, gələcək strateji hədəflərinin gerçəkləşməsini isə mümkün edən faktorlardandır. Bir il əvvəl – 5 mart 2021-ci il tarixdə islahatlar kursunun tərkib hissəsi kimi və yeni dövrdə milli vəzifələrin reallaşdırılması zərurəti ilə əlaqədar partiyamızın VII qurultayı keçirilib. Tarixi Zəfərdən sonra istər ölkədə, istərsə də beynəlxalq müstəvidə yaranmış yeni reallıqlar fonunda keçirilmiş YAP-ın VII qurultayı partiyamızın və ölkəmizin inkişafında yeni mərhələnin əsasını qoyub. Qurultayda qəbul edilən qərarlar partiyamızın inkişafı və müasir çağırışlara cavab verməsi ictimai-siyasi öhdəlikləri layiqincə yerinə yetirməsi üçün olduqca əhəmiyyətlidir.Partiyanın yeni Nizamnaməsinin təsdiq edilməsi fəaliyyətin yeni yol xəritəsinin müxtəlif istiqamətlərinin müəyyənləşdirilməsi baxımından önəmlidir. Partiyanın Nizamnaməsinin qəbul olunmasından xeyli müddət keçmişdi, bu müddət ərəfəsində Yeni Azərbaycan Partiyası əhəmiyyətli uğurlar qazanıb, yeni çağırışlar və vəzifələr meydana çıxıb. Ona görə də yeni Nizamnamənin qəbulu, partiya fəaliyyətinin tənzimlənməsində yeni mexanizmlərin müəyyənləşdirilməsi vacib idi və VII qurultayda bu istiqamətdə önəmli qərar verildi. YAP-ın İdarə Heyətinin, Təftiş Komissiyasının, Gənclər Birliyinin yenidən formalaşdırılması, Veteranlar Şurasının təsis edilməsi də partiya idarəetməsində yeni mərhələnin başlanmasıdır. 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edilməsi partiyamızın yüksək nüfuzunun, inam və etimad ünvanı olmasının daha bir nümunəsi-əyani ifadəsidir. Bu fakt həm də siyasi birlik və milli həmrəylik örnəyi, yeni siyasi mədəniyyət nümunəsi kimi diqqətəlayiqdir. Partiyamızın Sədri, dövlət başçısı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş, eləcə də yuxarıda bəhs olunan strateji prioritetlərdən irəli gələn vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə yerinə yetirilməsi Azərbaycanın yeni dönəmdə davamlı uğurlar əldə etməsinə yeni imkanlar, dayanıqlı, etibarlı və möhkəm zəmin yaradacaqdır. Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə tədbirlərin keçirilməsi də milli maraqların qorunmasına siyasi-ideoloji dəstəyin verilməsi, o cümlədən dövlətin strateji maraqlarının müdafiəsi naminə ictimai rəyin formalaşması baxımından da önəmlidir. Vətən müharibəsində qazanılmış möhtəşəm qələbənin strateji prosesə çevrilməsi, diplomatik müstəvidə möhkəmləndirilməsi istiqamətində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mühüm addımlar atılır. Yeni Azərbaycan Partiyası da bu istiqamətdə öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrində dost və qardaş Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın aparıcı siyasi partiyaları və qurumları ilə münasibətlər mühüm yer tutur. Bu münasibətlər çərçivəsində partiyalar arasında intensiv təmaslar davam etdirilir, səmərəli, faydalı müzakirələr, fikir və təcrübə mübadilələri aparılır.
Lalə Müseyibova,
Nizami rayon 210 saylı məktəbin direktor müavini