
Yeni Azərbaycan Partiyası ötən 34 ildə zəngin və şərəfli yol keçib. Bu müddət ərzində əsil ümumxalq partiyasına çevrilən YAP ölkəmizin inkişafında və formalaşmasında misilsiz rol oynayıb, Azərbaycanın dünya dövlətləri sırasında öz sözünü deyə biləcək bir orta gücə çevirib. Partiyanın irəli sürdüyü hər bir təşəbbüs, qəbul etdiyi hər bir qərar dövlətimizin daha da qüdrətlənməsinə, xalqımızın yüksək rifah şəraitində yaşamasına xidmət edir.
Azərbaycan Respublikasının bugünkü uğurlarında partiyanın xidmətləri şəksizdir. Dövlətimizin qazandığı bütün bu nailiyyətlərin kökündə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kurs və partiyanın Sədri, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Məhz ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar xalqın partiyaya etimadının əsasını təşkil edir.
Cari ilin oktyabrın 2-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının VIII qurultayı keçirilib. Böyük qürur hissi ilə qeyd etmək istəyirəm ki, Ərazi Partiya Təşkilatı sədri kimi və bir şəhid atası kimi qurultaya nümayəndə seçilməyilmlə fəxr edirəm. Əminliklə deyə bilərəm ki, bu qurultay partiyanın tarixində yeni mərhələnin və yeni dövrünbaşlanğıcı kimi tarixə düşəcək.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevinqurultaydakı çıxışında çox mühüm, aktual və vacibməsələlərə toxunulub.
Dövlətimizin başçısı və Partiyamızın sədri İlham Əliyevin qurultayda söylədiyi proqram xarakterli nitqində faktlar, dediyi fikirlər və gəldiyi nəticələr tam mənada bizim ürəyimizdən xəbər verir.
YAP-ın Sədri çıxışının əvvəlində xüsusilə vurğuladı ki, “ilk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir. VII qurultayın da o vaxt üçün yeni mühitdə keçirildiyini iştirakçılara xatırladan dövlətimizin başçısı bildirdi ki, çünki o şanlı Zəfərimizdən cəmi bir neçə ay keçmişdi və bütün dünya bizim Zəfərimizdən danışırdı. Azərbaycan özü təkbaşına həm işğala son qoymuşdu, eyni zamanda, bölgədə yeni reallıqlar yaratmışdı. O vaxtdan – İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir.
Daha sonra Partiyamızın sədri Yeni Azərbaycan Partiyasının nəinki Azərbaycanın, hətta bütün Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olduğunu və otuz ildən artıqdır ki, iqtidarda olduğunu vurğuladı və qeyd etdi ki, ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var.
Bu sözlər Astara Pedaqoji Kolleci ərazi partiya təşkilatının sədri və şəhid atası kimi məni qürurlandırdı, həm də təsirləndirdi. Biz daim Partiyanın qərar və göstərişlərini əsas tutaraq öz fəaliyyətimizi qurur, gəncləri vətənpərvərlik və Vətənə sədaqət ruhunda tərbiyə edirik. Çalışırıq ki, tələbə-gənclərimiz yüksək bilik və savad almaqla yanaşı, həm də öz Vətənini, doğma torpağını sevsinlər. Şəxsən öz övladım – tək oğlum Vüsal da bütün varlığı ilə Vətənə, torpağa bağlanan gənc vətənpərvər kimi könüllü olaraq döyüş meydanına atıldı. Şuşa uğrunda döyüşlər zamanı Şəhidlik zirvəsinə yüksələn Vüsal bütün Şəhidlərimiz kimi adını tarixə qanı ilə yazdı. Bu bir faktdır ki, Vətən müharibəsində Azərbaycan gəncliyi döyüş meydanında öz cəsurluğu, fədakarlığı və vətənpərvərliyi ilə bütün dünyaya milli kimliyini sübut etdi. Müstəqil Azərbaycanda boya-başa çatmış bu gənc nəsil Ali Baş Komandanın rəhbərliyi ilə Vətən qarşısında öz borcunu şərəflə yerinə yetirdi. Xatirimdədir, Prezident İlham Əliyev öz çıxışlarının birində bugünkü gənclərin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlarından, onların Vətən uğrunda necə ölümə getdiklərindən qürur hissi keçirdiyini belə ifadə etmişdi: “Çox şadam, fəxr edirəm ki, Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Əgər bu siyasət olmasaydı, əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı müharibənin nəticələri necə ola bilərdi”.
YAP sədri Ermənistan rəhbərliyinin apardığı riyakar siyasəti ifşa edərək bildirdi ki, “Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz. Halbuki əvvəlki Ermənistan rəhbərləri, onların hamısı hərbi cinayətkarlardır və öz cəzalarını çəkməlidirlər. Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi, Azərbaycan xalqını təhqir etməyə çalışırdı, yersiz və mədəniyyətsiz açıqlamalarla Azərbaycan xalqının heysiyyətinə toxunurdu”. Bax, bütün bunları biz heç vaxt unutmamalıyıq.
Ötən illər ərzində atılan hər bir addım və qəbul olunan hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması.
Xalq-iqtidar bir yumruq kimi birləşərək cəmi 44 gün ərzində tarixi ədaləti bərpa etdi, düşməni torpaqlarımızdan qovdu. Xalqımız Ordumuzla tam birləşdi. Ona görə biz hamımız deyirik ki, bu, ümumxalq Qələbəsidir. 8 noyabr 2020-ci il hamımızın yaddaşında əbədi qalacaq.
Azərbaycanda şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində hər zaman yüksək diqqət və qayğı mövcuddur. Amma bununla yanaşı ölkə vətəndaşları da bu kateqoriyadan olan insanlara hər zaman həssaslıqla yanaşıblar. Bu yanaşma özünü daha qabarıq formada İkinci Qarabağ savaşında büruzə verdi. Xalqımız qazi və şəhid ailələrinə böyük diqqət və qayğı göstərdi, öz maddi və mənəvi dəstəklərini onlardan əsirgəmədi. Bu Azərbaycan xalqının böyüklüyünü bir daha təsdiq edir.
Böyük Vətən Müharibəsində misilsiz qəhrəmanlıq göstərən əsgər və zabitlərimizin şücaəti ən yüksək ehtirama layiqdir. Azərbaycanda müharibədə həyatını itirən hər bir şəhidin xatirəsi əziz tutulur. Qazilərə böyük ehtiram göstərilir. Müzəffər Ordumuzun hər bir üzvünün qəhrəmanlığı, onların sonsuz Vətən sevgisi hər cür xoş sözə layiqdir.
Bütün bunlar insanların şəhidlərin xatirəsinə ehtiramlarının, həssas münasibətlərinin ifadəsidir. Şəhidlərin davamçıları varsa, arzuları həyata keçirsə, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyiblər, sıralarımızda yaşayırlar.
Yeni Azərbaycan Partiyası şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərir. Bu sahədə YAP Astara rayon təşkilatının fəaliyyətini xüsusi olaraq qeyd etməliyəm. Şəhid ailələri, müharibə veteranları və qazilər daim diqqət mərkəzində saxlanılır və onların sosial problemlərinin həllinə köməklik göstərilir. Bu istiqamətdə çoxsaylı tədbirlər və sosial-humanitar təşəbbüslər həyata keçirilir. Bütün bu fəaliyyətlər böyük əhəmiyyətə malik olmaqla yüksək qiymətləndirilməlidir.
Bu gün Qələbəni qorumaq, güclü dövlətimizi daha da inkişaf etdirmək, gənc nəslin dövlətçilik ruhunda yetişməsinə nail olmaq hər birimizin vəzifəsidir. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının gənclər siyasəti xüsusi əhəmiyyət daşıyır. Bu gün partiyanın sıralarında vətənpərvər gənclərin fəal iştirakı olduqca önəmlidir. Onlar Azərbaycanın gələcəyinə inanır, dövlətçilik ənənələrinə sadiqdir və ölkəmizin inkişafında öz məsuliyyətini dərk edirlər.
Bizim şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi. Dövlətimizin başçısı qurultayda qeyd edib ki, bir gün belə ara vermədik, bu şərəfli missiyamızın həyata keçirilməsində bir gün də istirahət etmədik. Nəticə etibarilə İkinci Qarabağ müharibəsindən antiterror əməliyyatına qədər olan dövr ərzində biz bir neçə cəbhədə fəaliyyət göstərmişik.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət, partiya xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin, partiyanın və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Böyük Qayıdış strategiyası hal-hazırda uğurla həyata keçirilir. Yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin, ümumən regionun yeni inkişaf modelinə çevirmək məhz Böyük Qayıdış Strategiyası nəticəsində həyata keçiriləcək.
Bu məsələyə ciddi önəm verən Prezident qurultayda qeyd etdi ki, Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır. Bu bölgələrin inkişafına bu günə qədər 28 milyard manat vəsaitin xərcləndiyini bildirən dövlət başçısı vurğuladı ki, onların böyük əksəriyyəti infrastruktur layihələrinə istiqamətləndirilib və böyük hissəsi başa çatıb. Eyni zamanda, bu gün 48 yaşayış məntəqəsində keçmiş köçkünlər artıq məskunlaşıb. Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək.
Böyük Qələbə milli yaddaşın qızıl fondudur. Qələbə ilə regionda yaradılmış yeni reallıq müstəqilliyin tarixində yeni “Qalib xalq” düşüncə fəlsəfəsinin formalaşmasını tələb edir. Vətən Müharibəsində tarixi qələbə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması, Azərbaycanın dünyada hazırkı layiqli yeri, əldə etdiyi böyük nüfuz ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı rəmzi hadisələrə yeni baxışın formalaşmasını tələb edir.
Möhtərəm Prezident qurultayda partiya üzvləri qarşısında bir sıra mühüm vəzifələr qoydu. O vəzifələrdən ən əhəmiyyətlisi müasir ideoloji işlərin aparılması və bu sahədə yeniliyə daha çox əməl edilməsidir. Prezident tapşırdı ki, artıq düzgün ideoloji işin qurulması, şablonlardan əl çəkmək, hansısa formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb. Yəni yeni, müasir ideoloji işlər aparılmalıdır.Bizim üstünlüyümüz ondan ibarətdir ki, bəzi ölkələrdən fərqli olaraq bizə əfsanə yaratmaq lazım deyil.
Prezident İlham Əliyev Azərbaycan dövlətinin bu gün beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkə olmasını diqqətçəkən məsələ kimi iştirakçıların nəzərinə çatdırdı. Dövlətimizin başçısı vurğuladı ki, bir çox tanınmış ekspertlər və təhlilçilər Azərbaycanı artıq orta güc dövləti sırasına daxil edirlər. Bunun da bir çox parametrləri var. Biz iqtisadi müstəqilliyi tam təmin etmişik və bu gün beynəlxalq aləmin çox dəyərli üzvüyük, öz taleyimiz öz əlimizdədir.
Güc faktoru beynəlxalq münasibətlər sistemində öz aktuallığını qoruyub saxladığı üçün YAP hakim partiya olaraq öz siyasətini adekvat olaraq qurur. Dövlətin siyasi prioritetləri və beynəlxalq əməkdaşlıq vektoru milli maraqlar əsasında müəyyən olunur. Beynəlxalq müstəvidə fəal mövqe və qlobal təşəbbüslər Azərbaycana çoxlu sayda tərəfdaş qazandırıb.
Məlum olduğu kimi, 2026-cı ilin avqustunda Prezident İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığında Azərbaycan Liderinin G20-yə dəvəti ayrıca qeyd edilib. Bu da sıradan hadisə deyil. G20 dəvətini belə izah etmək olar ki, əvvəllər saya alınmayan aqrar bir ölkə kimi tanınan Azərbaycan son onilliklərdə beynəlxalq münasibətlər sistemində öz çəkisini tədricən artırıb və qüdrətli dövlət kimi çıxış edir. Əlbəttə, böyük zaman tələb edən bu proses bir gün müddətində baş tutmayıb. Ümummilli Liderimiz Heydər Əliyevin enerji diplomatiyasından nəqliyyat siyasətinə, regional təhlükəsizlikdən humanitar təşəbbüslərə qədər müxtəlif istiqamətlərdə toplanan təcrübə Azərbaycanın diplomatik kapitalını formalaşdırıb. Prezident İlham Əliyev həmin siyasi kursu inkişaf etdirərək zirvələrə yüksəldib. Ancaq bu fikrin reallaşmasının arxasında Azərbaycan Prezidenti İlham Əliyevin son dərəcə ağıllı siyasəti, diplomatiyamızın uğurlu fəaliyyəti, xalqımızın sıx birliyi, iqtisadiyyatımızın inkişaf etdirilməsi, beynəlxalq aləmdə çeviklik, irimiqyaslı neft-qaz və yol-nəqliyyat layihələri, silahlı qüvvələrin daha da gücləndirilməsi və s. mühüm amillər durur. Qısaca desək, möcüzə sayılacaq ağlagəlməz bir zirvə fəthi. Otuz dörd il əvvəl, açığını deyək bizi saya alan yox idi. Baxın, indi görün, bizimlə necə danışırlar? Deməli, fakt odur ki, müasir dünyada hər şeyi ağıllı liderlər və illər həll edir.
Xarici siyasət haqıında danışarkən Prezident qətiyyətli mesajlar verdi: Biz xarici siyasətmizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin. Bizim ideoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır. Bu, eyni zamanda, bizim xarici siyasət strategiyamızdır. Bizə heç kimin köməyi də lazım deyil, himayadarlığı da lazım deyil.
Azərbaycan Prezidenti qurultay tribunasından bəyan etdi ki, bütün fəaliyyəti zamanı Ulu Öndərin siyasi xəttinə daima sadiq qalıb və Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır. Təbii ki, illər keçdikcə taktiki və hətta strateji məqsədlər də müəyyən dərəcədə dəyişir, amma ana xətt dəyişməz olaraq qalır – müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və öz imkanlarımızdan maksimum istifadə etmə imkanları. Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt imkan verə bilməzdi ki, Azərbaycan xalqının başına bu oyunlar açılsın, heç vaxt imkan verməzdi ki, separatizm meylləri Qarabağda yer alsın. Ona görə Azərbaycan xalqı bütün bunları yaxşı bilərək öz nicat yolunu ancaq Heydər Əliyevlə bağlayırdı. Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi. Yeni Azərbaycan Partiyasının yaradılması da xalqın tələbi idi.
Ulu Öndərin varisi, davamçısı Prezident İlham Əliyev onun siyasi xəttini davam və inkişaf etdirərəkgüclü Azərbaycan dövləti qurmağa nail oldu. Bu günsözün əsl mənasında, hər bir azərbaycanlı bu doğma dövlətimizlə fəxr edir.
Bu gün fəxr və qürurla danışılası çox hadisələr var. Lakin ən ümdə yerdə cəmi 44 gün ərzində düşməni tarixi torpaqlarımızdan qovan, tarixi ədaləti, xalqımızın qürurunu bərpa edən və bu gün Azərbaycan dövlətinin təhlükəsizliyinin qarantı olan Azərbaycan Ordusu artıq özünü təsdiqləyib. Güclü Ordu quruculuğu sahəsində möhtəşəm işlər davam etdirilir.
Bu gün nəinki Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları başını dik tutub. Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Həyatımızda, ölkəmizin həyatında tamamilə yeni dövrdür. Bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq.
Ulu Öndər müdrikcəsinə deyirdi: “Yeni Azərbaycan dünənin, bu günün və gələcəyin partiyasıdır.” İndi artıq tam qətiyyətlə deyə bilərik ki, partiyanın dünəni zəngin və şərəfli olub. Bu günü fəal, quruculuq və xalqa xidmət qayğılarından ibarətdir. Gələcəyimiz isə daha işiqlı və parlaq olacaqdır.
fil.e.d Kamran Kazımov ,
Astara Pedaqoji Kollecinin direktoru



