Analitika

Yeni Azərbaycan Partiyası ötən 31 il ərzində böyük inkişaf yolu keçib

21 noyabr 1992-ci il ictimai-siyasi fikir tariximizin ən əlamətdar və unudulmaz təqvimlərindən biridir. Məhz həmin gün Yeni Azərbaycan Partiyasının yarandığı gündür. 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi, Heydər Əliyevin Partiyanın Sədri seçilməsi Azərbaycanın gələcək taleyini, perspektivlərini müəyyənləşdirən fövqəladə və əlamətdar hadisə oldu. Bu, nəinki müstəqillik, eyni zamanda, dövlətçilik tariximizin həlledici anlarından, dönüş nöqtələrindən idi. Yarandığı vaxtdan etibarən xalqın, ölkənin milli maraqlarını hər şeydən uca tutan və yalnız bu amallar uğrunda siyasi mübarizəyə qoşulan Yeni Azərbaycan Partiyası şanlı tariximizin parlaq səhifələrindən biri olub qüdrətli Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır.

Yeni Azərbaycan Partiyası ötən 31 il ərzində böyük inkişaf yolu keçib. Öz gücünü xalqın dəstəyindən alan Yeni Azərbaycan Partiyası ölkəmizdə davamlı islahatların həyata keçirilməsinə, ictimai-siyasi sabitliyin qorunmasına, Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artmasına misilsiz töhfələr verib. YAP-ın həm də Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsində müstəsna rol oynayıb. Yeni Azərbaycan Partiyası həm Avropanın, həm də Asiyanın bir çox ölkələrinin aparıcı siyasi partiyaları ilə ikitərəfli və çoxtərəfli əlaqələrini inkişaf etdirib, partiyalar səviyyəsində beynəlxalq qurumlarda uğurla təmsil olunub. Eyni zamanda, partiyamızın çoxşaxəli beynəlxalq əlaqələrini uğurla davam etdirməsi nəticəsində Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılıb.

Bu gün ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin Sədri olduğu YAP-ın nüfuzu getdikcə daha da artmaqdadır. Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Möhtərəm Prezident cənab İlham Əliyevin Sədrliyi ilə böyük inkişaf yolu keçib. Bu gün YAP xalqımızın milli maraqlarını ifadə edən vahid və avanqard siyasi qüvvəyə çevrilib

Yeni Azərbaycan Partiyasının tarixi Zəfərimiz ruhunda keçirilən VII qurultayı da yeni hədəflərin təqdimatı baxımından müstəsna əhəmiyyətə malikdir. Yeni tərkib, yeni qərarlar partiyanın qarşısında geniş üfüqlər açdı. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyasının Sədrinin birinci müavini seçilməsi də bu yeniliklər sırasında oldu. Birgə səyləri nəticəsində ulu öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycanı zirvələrə yüksəldən dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının qarşısında dayanan vəzifələrin icra edilməsi istiqamətində uğurla fəaliyyət göstərirlər. Yeni Azərbaycan Partiyasının VII qurultayında dövlət başçısı, YAP Sədri İlham Əliyevin “Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə bütün proseslərin mərkəzində olacaq” çağırışı qarşıdakı dövrün aydın mənzərəsini təqdim etmiş oldu.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button