Analitika

Yeni Azərbaycan Partiyası ölkəmizin ən güclü siyasi qüvvəsidir

Azərbaycanın yeni tarixində mühüm siyasi əhəmiyyəti olan hadisələr arasında Yeni Azərbaycan Partiyasının yaradılması xüsusi yer tutur. Hər bir siyasi partiyanın fəaliyyətini tədqiq etmək üçün bir sıra müxtəlif məqamlara toxunmaq lazımdır. Bunlardan biri partiyanın hansı ictimai-siyasi şəraitdə yaranması və fəaliyyət göstərməsidir. Müstəqilliyimizin bərpasının ilk illərində yaşananlar ölkəmizi düşdüyü çətin vəziyyətdən xilas edə biləcək bir siyasi qüvvənin yaradılmasını qarşısı alınmaz tələbə çevirdi. Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. 1990-cı illərin əvvəllərində Azərbaycanda daxili hərc-mərclik, hakimiyyət uğrunda mübarizə, siyasi çəkişmələr, özbaşınalıq hökm sürürdü. Eyni zamanda Ermənistanın Azərbaycana qarşı təcavüzü davam edir, torpaqlarımız işğal olunurdu. Azərbaycanın gələcək taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir siyasi partiya yaradılması təşəbbüsü ilə çıxış etdi.

Azərbaycanın görkəmli nümayəndələri , vətənpərvər insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər. Məhz buna görə də 1992-ci il oktyabrın 16-da 91 nəfər Azərbaycan ziyalısının imzası ilə xalqımızın uzaqgörən, müdrik dövlət xadimi ulu öndər Heydər Əliyevə müraciət ünvanlamışdı. Bu müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyaların şərəflə yerinə yetirdilər. Hər zaman xalqının yanında olan ümummilli liderimiz xalqın çağırışlarına səs verərək müraciəti qəbul etdi. Həm ziyalıların müraciəti, həm də ulu öndərin cavabı “Səs” qəzetində dərc olundu. Beləliklə, 1992-ci il noyabrın 21-də 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyası təsis olundu və Ulu öndər Heydər Əliyev partiyanın sədri seçildi. Ulu öndərin siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Heydər Əliyev dahi şəxsiyyət , cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdi.

Dahi şəxsiyyətlər nadir hallarda yetişir və özləri tarix yaradırlar. Azərbaycan xalqının böyük və dahi oğlu dünya şöhrətli siyasətçi Heydər Əliyev məhz tarix yaradan əvəzolunmaz şəxsiyyət idi. Partiyanın yaradılması xalq-Lider birliyi və milli həmrəylik şəraitində qarşıda duran milli vəzifələrin yerinə yetirilməsində müstəsna rol oynadı. Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yolu keçərək Azərbaycanın tərəqqisində müstəsna rol oynadı.

Milli maraqlar və müstəqillik Ulu Öndər Heydər Əliyevin dövlət siyasətinin mütləq prioritetləri olmuşdur. 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi. Yeni Azərbaycan Partiyasının yarandığı gündən başlayaraq şərəfli yol keçərək gücləndi, parlaq qələbələri ilə heç bir seçkidə rəqib tanımadı. Seçkilərdə qazandığı qələbələr partiyanın cəmiyyətdəki yerinin möhkəmliyini, dövlətçiliyimizin gücləndirilməsi istiqamətində həyata keçirilən xalq dəstəyini, insanların bu təşkilata yüksək etimadını göstərir.

Ərazi bütövlüyün bərpa olunması Ulu Öndərin siyasi vəsiyyəti idi. Xalq-iqtidar bir yumruq kimi birləşməsinin nəticəsində cəmi 44 gün ərzində tarixi ədalət bərpa olundu və düşmən torpaqlarımızdan qovuldu. Bu Qələbə bizim qürur mənbəyimizdir. 44 gün ərzində tariximizin Zəfər salnaməsi yazıldı, Qarabağımıza qovuşduq. Məhz bu böyük tarixi qələbə Ulu Öndərin ideyalarının təntənəsi, Prezident İlham Əliyevin siyasi iradəsinin, əsgərlərimizin mübarizliyinin və zabitlərimizin yüksək peşəkarlığının nəticəsidir.

Prezident İlham Əliyevin Heydər Əliyev ideyalarına əsaslanan, milli maraqlara və müasir çağırışlara cavab verən ardıcıl siyasəti Azərbaycanın bugünkü inkişafını təmin, gələcək strateji hədəflərinin isə gerçəkləşməsini mümkün edən başlıca amildir. Yeni Azərbaycan Partiyasının hər bir qurultayı respublikamızın ictimai-siyasi həyatında böyük hadisə kimi yadda qalıb. 2021-ci ilin martın 5-də Yeni Azərbaycan Partiyasının Vll qurultayı əlamətdar tarixi hadisə, Zəfərimizin yaratdığı reallıqlara uyğun olaraq atılan addımdır. Qurultayda ölkə həyatının bütün istiqamətlərində, o cümlədən partiyanın qarşısında dayanan vəzifələr diqqətə çatdırılmışdır. Prezidentimiz, partiyanın sədri cənab İlham Əliyevin vurğuladığı kimi, YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var: “ Həyat dəyişir, zəmanə dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın”.

Vll qurultayda YAP-ın yeni Nizamnaməsi təsdiq olunmuş, İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edilmiş, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, Veteranlar Şurasının üzvləri, sədri və sədr müavini seçilmişdir. Eyni zamanda Partiyanın Mərkəzi Aparatının strukturunun, Partiya işçilərinin vəzifə maaşlarının təsdiq edilməsi haqqında Partiya sədrinin sərəncamları da imzalanmışdır. Qurultayda qəbul olunmuş qərarlar partiyanın fəaliyyətinin effektivliyinin artmasına və bu fəaliyyətin xalqın və dövlətin maraqlarına daha səmərəli xidmət etməsinə ciddi zəmin yaratmışdır. Qurultay zamanı ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın (Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Kəndli Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Milli Qurtuluş Partiyası) Yeni Azərbaycan Partiyasına qoşulmaq barədə müraciətləri öz müsbət həllini tapmışdır.

Prezident İlham Əliyevin qurultaydakı çıxışı zamanı toxunduğu məqamlardan biri də ölkəmizdə həyata keçirilən gənclər siyasəti, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyi, milli-mədəni köklərə bağlı gəncliyin formalaşmasının ölkəmiz üçün əhəmiyyətinin vacibliyi oldu. Bu gün ölkəmizdə gənclər siyasəti sahəsində fəaliyyət göstərən bir sıra dövlət müəssisələri mövcuddur. Gənclər üçün kifayət qədər geniş imkanlar yaradılıb. İlham Əliyevin başlatdığı yeni islatahatlar dalğasında da gənclər prosesin mərkəzindədirlər. Eyni zamanda bu qurultayın keçirilməsi ölkədə aparılan islahatların davamıdır. Bu gün Azərbaycanda genişmiqyaslı islahatlar həyata keçirilir, bu islahatların nəticələri gündəlik həyatda, ölkənin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə əksini tapır. Azərbaycanın uğurlu enerji və nəqliyyat siyasəti nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlq formatları yaratdı. Qurultaydan sonra ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Partiya sədrinin birinci müavini, həmçinin digər müavini və Partiyanın Mərkəzi Aparatına rəhbərlik edəcək müavini təyin edilmişdir.

Qurultaydan keçən dövr ərzində Partiyanın strukturunun yenilənməsi, hüquqi bazanın yaradılması, əmək haqlarının artırılması, uçot sisteminin təkmilləşdirilməsi, kadr siyasətində mövcud olan boşluqların aradan qaldırılması, ideoloji işin səmərəliliyinin artırılması, maliyyə dayanıqlılığının təmin olunması üçün müvafiq islahatlar həyata keçirilmişdir. Bu gün regionda yeni reallıqlar yaranıb. Azərbaycan köklü surətdə bölgədə vəziyyəti dəyişdirə bilib. Regionda Azərbaycanın razılığı olmadan heç bir layihə icra olunmur. Ölkəmiz iqtisadi inkişafa nail oldu, dünyadakı nüfuzunu daha da artırdı, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi.

İlham Əliyevin təkmil və uzaqgörən inkişaf strategiyası nəticəsində qazandığı uğurlar xalqımızın seçimində yanılmadığını təsdiqləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası bundan sonra da qarşısında dayanan vəzifələrin öhdəsindən layiqincə gələcək, Azərbaycanın bütün sahələrini əhatə edən genişmiqyaslı islahatlarının sürətli və hərtərəfli inkişafına davamlı töhfələr verəcək.

Tağıyeva Aytən,
Xəzər rayonu, 149 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button