Yaşıl enerji layihələrinin baş tutması enerji ticarətimizdə inqilabi dəyişikliklərə səbəb olacaq
“Ölkə başçısının son bir ildəki işgüzar səfərlərinə baxsaq, bunların həm siyasi, həm də iqtisadi əhəmiyyəti həddindən artıq çoxdur. Siyasi nəzəriyyəçilərin çox vaxt müdafiə etdikləri biz tezis var: “İqtisadi münasibətlər ictimai münasibətləri formalaşdırır”. Biz də buna əsaslanıb deyə bilərik ki, son bir ildə Avropa ölkələri ilə aramızda imzalanan sazişlər həm də siyasi nüfuzumuzu nəzərəçarpacaq dərəcədə gücləndirib”.
Bunu “Aktualinfo.az”a açıqlamasında siyasi ekspert Əli Babazadə bildirib.
Əli Babazadə bildirib ki, Rusiyanın Qərbə qarşı yeganə təzyiq aləti onun enerji resurslarıdır və bu, Qərbin müəyyən asılılığını yaradırdı. Bu kontekstdə Azərbaycan Avropa üçün alternativ kimi fərqlənir. Azərbaycan qazı qaza tələbatı nisbətən aşağı olan bəzi Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayır və beləliklə, Azərbaycan qazı Kremldən asılılığın azaldılmasında mühüm rol oynaya bilər. Məsələn, Sofiyanın enerji haqqını rublla ödəməkdən imtina etməsinə cavab olaraq Rusiyanın qaz tədarükünü dayandırdığı Qara dəniz ölkəsi Bolqarıstan Azərbaycan qazının idxalını artırmağa çalışır. Birinci mərhələdə bu əməkdaşlıq daha çox Şərqi Avropa ölkələri ilə başlasa da, bu il daha baha böyük miqyasda Avropanın aparıcı gücləri ilə davam edir. Təsadüfi deyil ki, son dövrdə Avropanın 10 ölkəsindən qaz ixracı ilə bağlı təkliflər almışıq.
“Bu baxımdan cari ilin martın 13-də Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri xüsusi əhəmiyyətlidir. Almaniya iqtisadi inkişaf baxından Avropa məkanında önəmli rola malikdir. Bu gün Azərbaycan və Almaniya arasında iqtisadi-ticariəməkdaşlığın genişləndirilməsinə böyük ehtiyac var idi. Almaniyanın da bizimlə əməkdaşlığa maraqlı olduğu bir vaxtda bu səfərin baş tutması böyük hadisədir. Prezident İlham Əliyevin görüşləri iki istiqamətdə idi. O həm Almaniyanın siyasi rəhbərliyi ilə, həm də biznes elitası ilə görüşlər keçirdi. Burada məqsəd birinci növbədə iqtisadi əməkdaşlığa dair dayanıqlı razılaşma əldə etmək, həm də xarici investorların cəlb edilməsidir. Belə demək olar ki, bu görüşlər əsnasında hər iki istiqamətdə ciddi nəticələrin əldə edilməsi gözlənilir. Bu gün nəqliyyat və enerji sahəsində Azərbaycanın qlobal təşəbbüsləri göz önündədir. Bura həm Cənub Qaz Dəhlizi, həm də Orta Dəhliz və Zəngəzur dəhlizi aiddir. Həmçinin Qara dənizin dibi ilə yaşıl enerji dəhlizinin formalaşması əsas müzakirə mövzularından biri kimi qiymətləndirilə bilər”- deyən Əli Babazadə həmçinin əlavə edib ki, Yaşıl enerji layihələrini isə xüsusi vurğulamaq gərəkdir. Məlum olduğu kimi, uzun müddət Avropa ilə enerji ticarətimizin subyekti ənənəvi resurslarımız olub. Bu gün isə həm də alternativ enerji ticarətini gücləndirmək və icrac zamanı klassik resursların payına düşən yükü azaltmaq üçün böyük işlər görülür. Təbii imkanlarımız və maddi potensialımız şərait yaradır ki, uğurlu yaşıl enerji layihələrini həyata keçirə bilək. Bu layihələrin həyata keçməsi bizə imkan verəcək ki, ənənəvi enerji ticarətindən əldə etdiyimiz gəlirdən daha böyük gəlirlər əldə edək.