Analitika

Yaşıl enerji dəhlizinin yaradılması strateji prioritetimizdir

“Azərbaycanın birbaşa təşəbbüskarı və iştirakçısı olduğu qlobal əhəmiyyətli layihələr Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynadığı üçün qitə dövlətlərin rəsmi Bakının reallaşdırdığı layihələrə olan marağı ildən-ilə artır. Ölkəmizlə əməkdaşlıq Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan etibarlı tərəfdaş olduğunu sübuta yetirib və buna görə də Avropa dövlətləri Azərbaycanla yaxından əməkdaşlıq edərək strateji tərəfdaşlıq əlaqələrini artırmaq niyyətindədir”.

Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, fevralın 3-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında çıxışlar zamanı ölkəmizin energetika sahəsindəki planlarə, gələcək perspektivlər geniş müzakirə olunub. Artıq Cənub Qaz Dəhlizi Məşvərət Şurası ilə yanaşı, Yaşıl Enerji Məşvərət Şurasının fəaliyyətə başlaması təbii qazla bərabər, yaşıl enerjinin də ölkəmiz üçün prioritet olduğunu təsdiqlədi:

“2023-cü il həm Cənub Qaz Dəhlizi, həm də Xəzərin yaşıl enerjisinin Avropaya ötürülməsi ilə bağlı fəaliyyətimizdə həlledici ildir. 2022-ci ildə Cənub Qaz Dəhlizi ilə Avropaya qaz tədarükü 11,4 milyard kubmetrə çatdırıldı. Qaz tədarükünün 2027-ci ilə qədər iki dəfə artırılaraq 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub. Həmçinin bu gün mənbəyi Azərbaycan olan yaşıl enerji dəhlizinin yaradılması da strateji prioritetimizdir. Ötən ilin dekabrında Avropa Komissiyasının siyasi dəstəyi ilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Xəzərin Avropaya yaşıl enerji ilə birləşdirilməsi üzrə tarixi addım atdılar. XXI əsrin yaşıl enerji dəhlizi olmağa iddialı bu marşrutla ikin mərhələdə 3-4 QVt-lıq yaşıl enerjinin ötürülməsi nəzərdən keçirilir. Xarici enerji şirkətləri ilə 25 QVt-dan çox yaşıl enerji layihələri üzrə əməkdaşlığımız imkan verir ki, Azərbaycan yaxın gələcəkdə Avropa üçün yaşıl enerjini və hidrogeni də təchiz edən mühüm və etibarlı tərəfdaşa çevrilsin”.

Onun sözlərinə görə, ölkəmizin dünyanın enerji xəritəsində möhkəmlənən rolu daha da artmaqdadır. Yeni əməkdaşlıqlar, keçirlən görüşlər ölkəmiz üçün yeni perspektivlərlə zəngin olacaq.

Oxşar Xəbərlər

Back to top button