
16 yanvar 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatının 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Hesabat yığıncağında YAP Şəki rayon təşkilatının rəhbərliyi və əməkdaşları, ərazi partiya təşkilatlarının sədrləri, partiya fəalları iştirak etmişlər. İclasa başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Aktualinfo.az xəbər verir ki, hesabat yığıncağını giriş sözü ilə açan YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov 2025-ci il ərzində təşkilatın fəaliyyət istiqamətləri, “Konstitusiya və Suverenlik ili” çərçivəsində həyata keçirilmiş tədbirlər, ideoloji işin təşkili, üzvlərlə iş, gənclərin partiya fəaliyyətinə cəlb olunması sahəsində görülən işlər barədə məlumat vermişdir. Məlumatda qeyd olunmuşdur ki, ötən il ərzində Yeni Azərbaycan Partiyasının proqram və nizamnamə tələblərinə uyğun olaraq rayon təşkilatı tərəfindən ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirilmiş, Prezident İlham Əliyevin müəyyən etdiyi siyasi kursun təbliği istiqamətində mühüm addımlar atılmışdır. Partiya sədrimizin rəhbərliyi altında ölkəmizin qazandığı uğurlardan, Azərbaycanın regionda və beynəlxalq müstəvidə artan nüfuzundan bəhs etmişdir.
Sədr xüsusi olaraq vurğulanmışdır ki, YAP Şəki rayon təşkilatı dövlət başçısının sosial-iqtisadi inkişaf strategiyasının, regionların inkişafına dair dövlət proqramlarının, “Böyük Qayıdış” Proqramının mahiyyətinin ictimaiyyətə çatdırılmasında fəal mövqe nümayiş etdirmişdir. Rayon üzrə keçirilən silsilə tədbirlər, konfranslar, dəyirmi masalar və görüşlər vasitəsilə əhali arasında partiyanın ideoloji xətti, milli maraqlara əsaslanan siyasəti ardıcıl şəkildə təbliğ olunmuşdur.
Hesabat yığıncağında məruzə ilə çıxış edən sədr müavini Ziya Vəliyev il ərzində təşkilatımız tərəfindən keçirilmiş tədbirlər, Bələdiyyə seçkilərində təşkilatımızın uğurlu fəaliyyəti, bir neçə ƏPT-də yeni sədr və müavinlərin seçilməsi haqqında məlumat vermiş, Partiyanın sıralarında təmsil olunmağın böyük məsuliyyət və qürur olduğunu vurğulayaraq, YAP-ın cəmiyyətdəki aparıcı rolundan bəhs etmişdir. Eyni zamanda, qarşıdakı dövrdə ideoloji işin daha da gücləndirilməsi, təşkilati intizamın möhkəmləndirilməsi və ictimai-siyasi proseslərdə və sosial şəbəkə platformalarında fəallığın artırılması ilə bağlı təkliflərini səsləndirmişdir.
Təşkilatın əməkdaşı Araz Fəttahov çıxışında ərazi partiya təşkilatlarının fəaliyyəti, uçot işinin təşkili, yeni üzvlərin cəlb edilməsi istiqamətində görülən işlər barədə məlumat vermiş, xüsusilə gənclərin və fəal ictimaiyyət nümayəndələrinin partiya sıralarında təmsil olunmasının önəmini qeyd etmişdir. Bildirmişdir ki, 2025-ci ildə Şəki rayon təşkilatının üzvlərinin sayının artırılması, ərazi təşkilatlarının fəaliyyəti daha da gücləndirilməsi məqsədilə mühüm işlər görülmüşdür.
“Dörd yol” ərazi partiya təşkilatının sədri Niymət Yusifov çıxışında təşkilatımızın fəaliyyətini yüksək qiymətləndirmiş, təşkilat rəhbərliyi tərəfindən ƏPT-lərə göstərilən diqqətə görə təşəkkürünü bildirmiş və bütün siyasi həmfikirlərə uğurlar arzulamışdır. Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşərək ölkəmizin davamlı inkişafı və milli maraqların qorunması naminə bundan sonra da fəal şəkildə çalışacaqlarını bəyan etmişdir.
Sonda təşkilati məsələlər və qarşıda duran vəzifələr müzakirə edilmiş, lazımi tapşırıq və tövsiyələr verilmişdir.














