GündəmSiyasət

YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələr və gənclərin partiya həyatında fəallığı müzakirə olunub

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “İsmayıl Məmmədov küçəsi, 148” ünvanında yerləşən ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə həsr olunmuş görüş keçirilib.

Aktualinfo Media Qrup xəbər verir ki, tədbir şəhidlərin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov VIII Qurultayın partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynadığını bildirib. O, Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi tapşırıq və tövsiyələrin partiya üzvləri qarşısında yeni vəzifələr müəyyənləşdirdiyini qeyd edərək, bu istiqamətdə fəallığın və təşəbbüskarlığın vacibliyini vurğulayıb. O, həmçinin gənclərin partiya həyatında fəal iştirakının, onların potensialının və təşəbbüslərinin dəstəklənməsinin əhəmiyyətinə toxunub.

Daha sonra çıxış edən Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Şaban Cəərçiyev qurultayda müəyyənləşdirilən hədəflərdən danışıb. O, gənclərin dövlətçilik prinsiplərinə sadiq ruhda yetişməsinin, ictimai fəallığının artırılmasının və ölkənin inkişafına töhfə verməsinin vacibliyini diqqətə çatdırıb.

Görüşdə YAP-ın qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri, partiya üzvlərinin qarşısında duran vəzifələr, eləcə də gənclərin partiyanın fəaliyyətində iştirakı və təşəbbüskarlığının artırılması ətrafında fikir mübadiləsi aparılıb.

Sonda xatirə şəkli çəkdirilib.

Oxşar Xəbərlər

Back to top button