AnalitikaGündəmSiyasət

Yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi qurulacaq

Yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə Bakı şəhəri və Abşeron yarımadası üçün strateji əhəmiyyət daşıyan su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramının mahiyyətini və miqyasını bir daha aydın şəkildə ortaya qoydu. Dövlətimizin başçısının çıxışı həm son 20 ildə ölkədə həyata keçirilmiş nəhəng infrastruktur layihələrinin məntiqi davamı, həm də qarşıdakı onillik üçün su təhlükəsizliyi sahəsində yol xəritəsi kimi dəyərləndirilə bilər.

Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Azərbaycan son illər ərzində əsas infrastruktur problemlərini böyük ölçüdə həll edib. Elektrik enerjisi sahəsində generasiya güclərinin yaradılması, ötürücü və paylayıcı şəbəkələrin vahid sistem halına gətirilməsi ölkəni idxaldan ixraca aparan mərhələyə çıxarıb. Bu gün Azərbaycan təkcə öz enerji tələbatını tam ödəməklə kifayətlənmir, eyni zamanda, bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verən ixracatçı dövlətə çevrilib. Qazlaşma səviyyəsinin əhali üzrə 96 faizə çatdırılması, yol infrastrukturunun ölkə üzrə və xüsusilə işğaldan azad edilmiş ərazilərdə sürətlə bərpa olunması da bu siyasətin real nəticələridir.

Bütün bu uğurlar fonunda su məsələsinin xüsusi həssaslıq daşıdığını bildirən dövlət başçısı xatırlatdı ki, vaxtilə içməli su və suvarma problemləri əhalini ən çox narahat edən məsələlərdən biri idi. Son 20 ildə dörd böyük su anbarının, xüsusilə, Taxtakörpü və Şəmkirçay su anbarlarının inşası Bakının və ölkənin qərb zonasının su təminatında həlledici rol oynayıb. Samur sularının Ceyranbatan anbarına yönəldilməsi, Ceyranbatanın tamamilə yenidən qurulması və müasir təmizləyici qurğularla təchiz edilməsi bu sahədə atılan strateji addımlar sırasındadır.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən su layihələri isə həm ekoloji, həm də təhlükəsizlik baxımından xüsusi əhəmiyyət kəsb edir. Sərsəng və Suqovuşan su anbarlarının bərpası ilə Ermənistanın illər boyu həyata keçirdiyi su terroruna son qoyulub. Füzuli, Ağdam, Laçın rayonlarında su anbarlarının yenidən qurulması, Həkəriçay və Bərgüşadçay su anbarlarının tikintisinə hazırlıq işlərinin aparılması ölkənin su ehtiyatlarının daha səmərəli və təhlükəsiz idarə olunmasına xidmət edir.

Bütün bu kontekstdə Bakı şəhəri və Abşeron yarımadası üçün hazırlanmış yeni Dövlət Proqramı xüsusi aktuallıq daşıyır. Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, paytaxtın və yarımadanın içməli su problemləri hələ də tam həllini tapmayıb və artıq genişmiqyaslı, müfəssəl bir proqramın icrası zərurətə çevrilib. 2035-ci ilə qədər nəzərdə tutulan bu proqram həm dövlət büdcəsi, həm də xarici kreditlər hesabına maliyyələşdiriləcək. Azərbaycanın xarici borcunun ÜDM-ə nisbətdə cəmi 6 faizdən bir qədər çox olması belə layihələr üçün maliyyə manevr imkanlarının geniş olduğunu göstərir.

Proqramın əsas hədəfi Bakı, Sumqayıt, Abşeron rayonu və 64 yaşayış məntəqəsinin dayanıqlı içməli su ilə təmin olunmasıdır. Bu çərçivədə 30-a yaxın yeni su anbarının tikilməsi, 200 kilometrdən artıq magistral kanalların və geniş paylayıcı şəbəkələrin inşası nəzərdə tutulur. Sayğaclaşdırmanın 100 faizə çatdırılması, fasiləsiz su ilə təmin olunan əhalinin payının 70 faizdən 95 faizə yüksəldilməsi qarşıya qoyulan konkret məqsədlərdəndir. Eyni zamanda, hazırda 40–45 faiz təşkil edən su itkilərinin kəskin azaldılması proqramın ən vacib komponentlərindən biri kimi müəyyən edilib.

Müşavirədə xüsusilə diqqət çəkən və geniş müzakirə olunan mövzulardan biri yağış sularının idarə olunması məsələsi oldu. Prezident İlham Əliyev bildirdi ki, leysan yağışları zamanı Bakıda şəhər nəqliyyatının iflic vəziyyətinə düşməsi, küçə və prospektlərin su altında qalması ciddi problemlər yaradır. Bu problem təkcə Bakı üçün deyil, dünyanın ən inkişaf etmiş şəhərləri üçün də xarakterik olsa da, paytaxtımızın bu sahədə zəif cəhətlərinin olduğu vurğulandı. Məhz buna görə də Dövlət Proqramında yağış sularının idarə olunmasına xüsusi yer ayrılıb.

Proqram çərçivəsində Bakının 30 küçəsində yeni kollektor şəbəkəsinin qurulması nəzərdə tutulur. Bu layihə təkcə texniki deyil, eyni zamanda, şəhər həyatının keyfiyyətini köklü şəkildə dəyişəcək mühüm addımdır. Yeni kollektorlar leysan sularının operativ şəkildə toplanaraq yönləndirilməsinə imkan verəcək, küçə və yolların su altında qalmasının qarşısını alacaq, nəqliyyatın fasiləsiz hərəkətini təmin edəcək. Bununla yanaşı, yeraltı infrastrukturun müasirləşdirilməsi şəhərin ekoloji vəziyyətinə də müsbət təsir göstərəcək, binaların və yol örtüyünün vaxtından əvvəl sıradan çıxmasının qarşısını alacaq.

Yağış sularının düzgün idarə olunması eyni zamanda kanalizasiya sisteminə düşən yükü azaldacaq. Bu gün kanalizasiya xidməti ilə əhatə olunan əhalinin cəmi 50 faiz təşkil etməsi ciddi problem kimi qiymətləndirildi və proqramın icrası nəticəsində bu göstəricinin 95 faizə çatdırılması qarşıya məqsəd qoyuldu. Yağış və tullantı sularının ayrılıqda idarə olunması Xəzər dənizinin çirklənməsinin qarşısının alınmasında da mühüm rol oynayacaq. Dənizə buraxılan suların 100 faiz təmizlənməsi, Hövsan sutəmizləyici stansiyasının modernləşdirilməsi və potensialının artırılması bu strategiyanın ayrılmaz hissəsidir.
Prezident İlham Əliyev çıxışında su sektorunda rəqəmsal idarəetmə sisteminin tətbiqinin vacibliyini də xüsusi qeyd etdi. Uçotun tam aparılması, itkilərin dəqiq müəyyənləşdirilməsi və real vaxt rejimində idarəetmə mexanizmlərinin qurulması həm içməli su, həm də yağış sularının səmərəli idarə olunmasına xidmət edəcək. Abşeron yarımadasında ilk dəfə duzsuzlaşdırma zavodunun inşasının nəzərdə tutulması da su mənbələrinin şaxələndirilməsi baxımından tarixi əhəmiyyət daşıyır.

Ümumilikdə, Bakı şəhəri və Abşeron yarımadası üzrə su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı ölkənin sosial-iqtisadi inkişaf strategiyasında yeni və mühüm mərhələdir. Bu proqramın icrası paytaxtın su təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, şəhər infrastrukturunu müasir tələblərə uyğunlaşdıracaq, xüsusilə, yağış sularının idarə olunması sahəsində illərdir yığılıb qalmış problemlərin sistemli həllinə imkan verəcək. Prezident İlham Əliyevin vurğuladığı kimi, proqram 2035-ci ilə qədər nəzərdə tutulsa da, əsas prinsip keyfiyyətli və vaxtında icradır və bu sahədə bir gün də yubanmağa yol verilməməlidir.

Daşqın Mikayılov,
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button