Analitika

Yaddaşlardan silinməyən qanlı tarix

1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktına beynəlxalq miqyasda hələ də hüquqi qiymət verilməyib. Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə almışdı. Daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırmışdılar. Azərbaycanlıların soyqırımı əsasən Bakı, Şamaxı, Quba, Kürdəmir və Salyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda xüsusi qəddarlıqla həyata keçirilib. Mart hadisələri zamanı Şamaxının 75 kəndi ermənilər tərəfindən tamamilə məhv edilmişdi. Şamaxı şəhəri və ona qonşu olan kəndlərdə törədilmiş soyqırımı hadisələri haqqında bu gün arxivlərdə 7 cild, 925 səhifədən ibarət araşdırma materiallarının olması bu bölgədə baş vermiş qətliamların miqyasını bir daha göstərir. Tarixi mənbələrdə qeyd olunduğu kimi, Şamaxıya hələ mart ayının ortalarında 2000 erməni əsgərinin və 60 maşına yüklənmiş silah-sursatın göndərilməsi buradakı qırğına əvvəlcədən hazırlıq görülməsinin sübutudur. Zəngəzurun 115 kəndi dağıdılıb, dinc müsəlman əhalisinin əmlakı qarət olunub. Quba qəzasında da qanlı hadisələr eyni müstəvidə cərəyan etmiş, erməni hərbi dəstələri 122 kəndi yandırmış, 60 kişi, qadın və uşağı qətlə yetiriblər, 53 nəfər isə yaralanmışdı. Bütövlükdə isə həmin dövrdə Azərbaycan ərazisində 700 min nəfər soyqırımına məruz qalıb. Lənkəran qəzasının Girdəni, Verəvul, Vilvan kəndləri, ümumən 40-a yaxın kənd dağıdılıb, yüzlərlə günahsız insan öldürülüb, neçə-neçə ev talan edilib və yandırılıb. Aradan illər keçsə də, o qanlı-qadalı hadisələr unudulmayıb, xalqımızın qan yaddaşında silinməz izlər buraxıb. Bəyanatda qeyd edilir ki, son dövrdə Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılıb. Tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni vandalizmini təsdiqləyən əyani dəlillərdir. Bu ərazidə on minlərlə insanın qətlə yetirilməsinin sübutu kimi və onların xatirəsinə ehtiram əlaməti olaraq Quba Soyqırımı Memorial Kompleksi yaradılıb. 2013-cü il sentyabrın 18-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Quba Soyqırımı Memorial Kompleksinin açılışını ediblər. Qubada aşkar edilən kütləvi məzarlığın yanında ucaldılan Memorial Kompleksdə tarixi sənəd və faktlar əsasında zəngin muzey yaradılıb.

Fərmin Quliyev,
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi

Oxşar Xəbərlər

Back to top button