Analitika

“Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının fəaliyyəti mehriban qonşuluq əlaqələrimizin əməli göstəricisidir

2020-ci il Vətən müharibəsi ilə ərazi bütövlüyümüzün bərpa edilməsi nəticəsində İran İslam Respublikası ilə də sərhədlərimiz bərpa edildi. Azərbaycan İran sərhədində tikilən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları elektrik enerjisi istehsalı və suvarma məqsədi ilə tikilmişdi. Hidroqovşaqların layihələri Sovet İttifaqı ilə İran İslam Respublikası arasında 1977-ci ilin oktyabrında imzalanan razılaşma əsasında hazırlanmışdı. Daha sonra layihə 1990-ci illərin əvvəllərində yenidən işlənilən hidroqovşaqların tikintisi Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi ilə dayandırılmışdır. İşğal dövründə tikinti işlərinə yalnız İran İslam Respublikası tərəfindən aparılmışdı.Vətən müharibəsi nəticəsində Azərbaycanın torpaqları, o cümlədən hidroqovşaqların tikildiyi ərazi işğaldan azad edilib. Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismara qəbulu ilə əlaqədar bəzi məsələlər barədə Sərəncama əsasən, 2021-ci ildə “AzərEnerji” ASC Azərbaycan Respublikası tərəfindən sifarişçi kimi müəyyən edilib. Araz çayının su ehtiyatlarından səmərəli istifadə olunmaqla elektrik enerjisinin istehsalı və əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına xidmət edəcək “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarında su bəndlərinin tikintisi üzrə işlər tamamlanıb, su anbarlarının doldurulması işlərinə başlanılıb. Hazırda “Xudafərin” su anbarında 503 milyon kubmetr, “Qız Qalası” su anbarında isə 42 milyon kubmetr su yığılıb ki, bu da ümumi tutumun 40 və 85 faizini təşkil edir.

“Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir. İranın bu layihələri ərsəyə gətirmək üçün geniş imkanları, böyük təcrübəsi var. Bu layihə böyük bilik, səriştə və təcrübə tələb edirdi. Layihələrin reallaşdırılması dostluğun növbəti təzahürüdür. İki qonşu dövlət arasındakı dostluğun dərin kökləri və tarixi var. Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar. Bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb. Gələcəyə yönəlmiş əməkdaşlıq hər iki dövlət üçün böyük uğurlar vədd edir. Qədim tarixdən gələn qarşılıqlı hörmət, anlaşma, dəstək hissləri bu gün həm bu nəhəng layihədə, aparılan danışıqlarda və əldə edilmiş razılaşmalarda özünü göstərir, eyni zamanda, gələcək planlarımızda özünü göstərəcək. İstər beynəlxalq məsələlərlə əlaqədar, istərsə də regional təhlükəsizlik məsələləri ilə bağlı olan fikirlər üst-üstə düşür. Bu, çox önəmli bir amildir. Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir. Regiondakı sabitliyin təməlində mehriban qonşuluq münasibətləri dayanmalıdı. Hər iki respublika bu məsələdə həmfikirdir. Bunu əməli olaraqda edirik. Biz üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. Bundan sonra da bu dəstəyi göstərəcəyik. Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və BMT-də bir-birimizə dəstək verməklə, eyni zamanda, öz siyasətimizi, öz niyyətimizi ifadə edirik.

Bizi birləşdirən layihələr arasında nəqliyyat layihələri xüsusi rol oynayır. Bu gün nəinki ölkələrimiz üçün, daha geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyan Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə əlaqədar birgə səylər göstərilib. Bu günə qədər göstərilən səylər artıq real layihələrə çevrilib. Bundan sonra həm İran ərazisində, həm Azərbaycan ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal-Cənub Nəqliyyat Dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına çevirəcəkdir. Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə keçən il yükdaşımaların həcmi 50 faizdən çox artıb. Bütövlükdə isə İranla Azərbaycan arasındakı yükdaşımaların artımı 50 faizdən çoxdur. Bu, hələ başlanğıc sayılır. Dəmir yolu tam istismara veriləndən sonra bu rəqəmlər daha da artacaq. Ağbənd istiqamətində yeni avtomobil körpüsü tikilir. Bu körpü tikiləndən sonra o da Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olacaq. Bu körpü təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən körpü deyil, bu, beynəlxalq nəqliyyat dəhlizinin bir parçasıdır. Həm Şimal-Cənub, eyni zamanda, Şərq-Qərb Nəqliyyat dəhlizlərinin bir hissəsi olacaq.

Azərbaycanın azad edilmiş torpaqlarında bu gün çox genişmiqyaslı nəqliyyat layihələri həyata keçirilir. Avtomobil yolları, hava limanları, dəmir yolu Ağbəndə qədər çəkilir. Yaxın gələcəkdə istismara veriləcək. Birgə səylərlə həm ölkələrimizin gələcək inkişafını, eyni zamanda, bir çox ölkələrin nəqliyyat təhlükəsizliyini təmin edəcəyik. Energetika sahəsində çox böyük planlar mövcuddur. 280 meqavat gücündə iki su elektrik stansiyasının inşası nəzərdə tutulur. Enerji güclərinin də bərabər bölünməsi hər iki ölkəyə əlavə fayda verəcək.Ticarət dövriyyəsinin artırılması, yeni birgə müəssisələrin yaradılması – bütün bunlar göz qabağındadır. Bütün planları həyata keçirmək üçün gələcəkdə də yaşadığımız bölgədə sülh, əmin-amanlıq, sabitlik olmalıdır.

Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri 30 ilə yaxın Ermənistanın işğalı altında idi. Torpaqlarımızın təxminən 20 faizi zəbt edilmişdi. Doğma torpaqlarımızdan Azərbaycan əhalisi çıxarılmışdı. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdı, bir milyon azərbaycanlı evsiz-eşiksiz qalmışdı. Uzun illər bu məsələ ilə məşğul olan ATƏT-in Minsk qrupu və onun həmsədrləri məsələni həll etmək üçün yox, məsələni dondurmaq üçün çalışırdılar. 28 il ərzində fəaliyyət göstərən, əslində, fəaliyyətsiz olan Minsk qrupunun tamamilə ləğv edilməsi Azərbaycanın haqlı tələbidir. Uzun fasilədən sonra Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər. Azərbaycan Ermənistanla olan məsələni – öz ərazi bütövlüyünün bərpasını 2020-ci ildə hərbi-siyasi yollarla, beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq çərçivəsində həll edib və 2023-cü ildə öz dövlət suverenliyini tam bərpa edib. İndi isə Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi prosesi gedir. Sərhədimizin şimal hissəsində artıq delimitasiya və demarkasiya başlanmışdır.

İran bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsi istiqamətində çox önəmli və dəyərli səylər göstərir. Bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin edilməlidir. Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir. Biz Azərbaycan olaraq bütün ölkələrlə əlaqələri qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq və qarşılıqlı mənfəət əsasında qururuq və bundan sonra da quracağıq. İran-Azərbaycan əlaqələrinin gələcək inkişafı çox müsbətdir. Son illər ərzində ölkə rəhbərlərinin artıq beşinci görüşü təşkil olunur. Bundan sonra da bu görüşlər olacaq. Bu görüşlərin həm mahiyyət üzrə çox böyük əhəmiyyəti var, həm də xalqlarımıza, bölgəyə və dünyaya ciddi mesajdır. İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır. Heç kim bizim aramıza girə bilməz. Bu səylər əbəsdir və biz bugünkü mərasimlə bunu bir daha sübut edirik.

Mənzər Ağabəyova,
Xəzər rayonu, 156 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button