
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası sayəsində müstəqil Azərbaycan dövləti qurulub möhkəmlənmiş, Ulu Öndərin rəhbərliyi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini yaratmışdır. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və uzaqgörən strategiyası, sarsılmaz liderliyi və Silahlı Qüvvələrimizin misilsiz qəhrəmanlığı sayəsində Vətən müharibəsində qazandığımız Zəfər və lokal xarakterli antiterror əməliyyatı nəticəsində suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa edilmişdir.
Suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.
Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.
Təklif olunan amnistiya müstəqil Azərbaycanın tarixində miqyasına görə ən böyük amnistiya aktı olacaq. Proqnozlara əsasən, bu amnistiya ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcək. Onlardan 5 mindən artıq məhkum azadlıqdan məhrumetmə cəzasından tam azad ediləcək, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzası azaldılacaq. Eyni zamanda, 7 mindən çox məhkum azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkum azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan azad ediləcək, mindən artıq şəxs isə ümumiyyətlə cinayət məsuliyyətindən azad olunacaq. Azərbaycanın müstəqillik dövründə amnistiya və əfv institutlarının tətbiqi ardıcıl və sistemli xarakter daşıyıb.
Ümumilikdə bugünə kimi 71 əfv fərmanı və sərəncamla 10 162 məhkum əfv edilmiş, onlardan 7 060 nəfəri Prezident İlham Əliyevin imzaladığı sənədlər əsasında azadlığa buraxılmışdır. Bundan əlavə, Mehriban xanım Əliyevanın Milli Məclisin deputatı olduğu dövrdə – 2007, 2009, 2013 və 2016-cı illərdə – amnistiya aktlarının qəbul edilməsi təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinin qanunvericilikdə geniş tətbiqinin bariz nümunəsidir. Bütün bu faktlar göstərir ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən amnistiya təşəbbüsü təkcə hüquqi akt deyil, həm də güclü dövlətçilik ənənələrinə, konstitusion dəyərlərə və insan mərkəzli idarəetmə fəlsəfəsinə söykənən strateji qərardır. Bu qərar Azərbaycan dövlətinin gücünü, humanist mahiyyətini və gələcəyə yönəlmiş sosial məsuliyyətini bir daha nümayiş etdirir.
Arzu Yaqubova,
Xəzər rayonu, 181 nömrəli tam orta məktəbin Tarix müəllimi, tarixçi türkoloq



