“Xocalıya ədalət” kampaniyası

Xocalı soyqırımı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət istiqamətlərindən biri “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyasıdır. Kampaniya 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanmışdır. Bu təbliğat-təşviqat prosesi Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və digər ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədini daşıyır. Kampaniyanın fəaliyyəti həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlmişdir.
Kampaniya qlobal səviyyədə fəaliyyət göstərmək və öz müraciətlərini çatdırmaq üçün müxtəlif kommunikasiya vasitələri və resurslarından, o cümlədən media, internet və canlı tədbirlərdən fəal şəkildə istifadə edir. Kampaniya çərçivəsində təşkil edilən tədbirlərdə əsas diqqət kütləvi qırğınlara, etnik təmizləmə və irqi, etnik və ya dini ayrı-seçkilik hallarına qarşı güclü müqaviməti nümayiş etdirməyə, Xocalı soyqırımı qurbanları ilə həmrəyliyi ifadə etməyə və Xocalıda azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə cəzasızlıq halları ilə mübarizəyə yönəlmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 120 mindən çox şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələr, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan digər səmərəli vasitələri təşkil edir.
Kampaniyanın strateji məqsədləri Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsi, Ermənistan hökuməti tərəfindən Xocalı soyqırımına görə rəsmi üzr istənilməsi, bu hadisələrin bir daha törədilməyəcəyinə təminatın verilməsi və vurulmuş ziyana (maddi və mənəvi) görə tam olaraq kompensasiyanın ödənilməsi, müvafiq cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması, Xocalı soyqırımı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəbləri və nəticələri və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərindən tez bir zamanda və heç bir qeyd-şərt olmadan çıxarılmasının zəruriliyi barədə dünya ictimaiyyətinin məlumatlılığının artırılması, soyqırım qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması xüsusən də gənc nəsil tərəfindən unudulmamasıdır.
Həyata keçirilən tədbirlər çərçivəsdində Almaniyanın Berlin şəhərində, Brandenburq qapıları önündə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş fləşmob, Avstriyanın paytaxtı Vyana şəhərindəki məşhur Heldenplatz meydanında Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı aksiya, 26 fevral 2023-cü il tarixində Ağdam Konfrans Mərkəzində “Unudulmayan tarix” adlı anım tədbiri, dünya mətbuatında dərc olunan məqalələri misal gətirmək olar.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktı BMT Baş Məclisinin “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada ifadə olunmuş tərifə tam uyğun gəldiyini sübut edir. Qabaqcadan planlaşdırılmış kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək niyyəti ilə törədilmişdir. Kampaniyanın iştirakçıları “Xocalıya ədalət!” çağırış çərçivəsində beynəlxalq terror təşkilatlarının, erməni silahlı birləşmələrinin Dağlıq Qarabağı necə dağıdıb viran qoyduqlarını təhlil etməyi və müvafiq olaraq beynəlxalq auditoriyaya çatdırmağı bacarmalıdır. Belə bir yanaşma metodunu təqdim edən“Xocalıya ədalət!” çağırışı imkan yaradır ki, terrora məruz qalmış soydaşlarımız və ayrı-ayrı yaşayış məntəqələrimiz haqqında ictimaiyyəti, eləcə də bəşəriyyəti, demokratik institutları məlumatlandıraq.
Hər birimiz harada yaşamağımızdan asılı olmayaraq, bu kampaniyaya dəstək verməli, Azərbaycan həqiqətlərinin, xalqımızın başına gətirilən bütün müsibətlərin təbliğ edilməsi, erməni yalanlarının qarşısının alınması istiqamətində fəaliyyət göstəməliyik.
Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 saylı tam orta məktəbin müəllimi