AnalitikaGündəmSiyasət

Xocalıda Memorial Kompleksin açılışı ədalətin təntənəsidir

 

Tarixi Zəfərimizdən ötən dövrün mühüm reallıqlarından biri işğaldan azad edilmiş ərazilərimizin müasir tələbələrə uyğun yenidən qurulması, bərpası, soydaşlarımızın mərhələ-mərhələ öz dogma yurd-yuvalarına qayıdışıdır. Bu gün qürurla sakinlərinə qovuşan şəhərlərimizin, kənd və qəsəbələrimizin artan sayından bəhs edirik.

Bərpa-quruculuq işlərinin geniş miqyas alması Azərbaycanın iqtisadi qüdrəti ilə yanaşı, xalqımızın necə qurucu xalq olduğunun təqdimatıdır. 30 illik işğal dövrünün dağıntılarını quruculuq mərhələsi əvəzləyib. Bundan böyük xoşbəxtlik ola bilməz. Xalqımız 30 il məhz bu günlərin həsrəti ilə yaşadı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük İkinici Qarabağ müharibəsində, eyni zamanda, bir günlük antiterror tədbirlərində qazandığı Zəfərlər bu reallıqları şərtləndirdi.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdilər. Memorialla tanış oldular və Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər. Dövlətimizin başçısı İlham Əliyev görüşdə Xocalı faciəsinin soyqırımı kimi beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində həm Azərbaycan dövlətinin, həm də ictimai təşkilatların, qeyri-hökumət təşkilatlarının, bir çox qurumların gördüyü işlərdən, həyata keçirilən layihələrdən geniş bəhs etdi. Bildirdi ki, bu Kompleks silinməz yaddaşımızın təcəssümü olacaq. Xocalı soyqırımını heç vaxt unutmamalıyıq.

Görüşdə tarixi Zəfərimizə gedən yoldan da geniş bəhs edildi. Təbii ki, güclü Azərbaycan həmişə əsas hədəf olub. Güclü Azərbaycan qurmasaydıq heç vaxt ərazi bütövlüyümüzü bərpa edə bilməzdik. Prezident İlham Əliyev Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu reallıqları bir daha diqqətə çatdırdı. Ərazi bütövlüyümüzün bərpasının əsas məsələ olduğunu önə çəkən dövlətimizin başçısı vurğuladı ki, hazırlıq dövrü çox çəkdi, bu da təbiidir. Çünki güc yığmalı, öz haqq işimizi beynəlxalq müstəvidə təsdiqləməli, Ermənistan dövlətinin hərbi cinayətləri haqqında məlumatı, Xocalı soyqırımı ilə bağlı həqiqətləri çatdırmalı idik və çatdırmışıq. Son illər ərzində bir çox beynəlxalq təşkilatlar məcburiyyət qarşısında ədalətli mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etmişdir. Bu, Ermənistan-Azərbaycan münaqişəsinin həllinin hüquqi əsasını təşkil etmişdir. Biz bir çox ölkələrlə sıx ikitərəfli, bir çox ölkələrlə strateji tərəfdaşlıq münasibətləri qurduq. Bu da beynəlxalq müstəvidə Azərbaycan həqiqətlərini, Qarabağ münaqişəsi həqiqətlərini çatdırmaq üçün imkan yaratmışdır.

Bu gün bu Memorial Kompleksin timsalında Azərbaycan xalqının əyilməz ruhunu görürük. 30 il ərzində ədalətsizliklə üzləşən xalqımız öz mənliyini, ləyaqətini, inamını saxladı. Dövlətimizin başçısı İlham Əliyev bir daha bu çağırışı etdi ki, bu gün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin. Artıq Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. Bu gün dövlətimiz güclü, özünü müdafiə etməyə qadir olan dövlətdir. Bu gün biz sülh içində yaşayırıq və bunun təminatçısı Azərbaycan dövlətidir, bizim siyasətimizdir.

Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button