Analitika

Xocalı soyqırımına ədalətsiz yanaşma!

Azərbaycan xalqının sağalmayan yarası olan Xocalı faciəsi ilk dəfədir ki, Xocalıda qeyd olunub. Otuz iki ildən sonra doğma torpağımıza qayıtmışıq. Bu tarixi qayıdışın nəticəsidir ki, Xocalıda Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün Memorial Kompleksin təməli qoyulub. Belə bir gündə Xocalı əhalisi ilə birlikdə olan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Görüşdə Cənab prezident Xocalı qurbanlarına həsr olunmuş Memorial Kompleksinin layihəsi çoxdan hazır olduğunu, ancaq Memorial Kompleksin tikintisinin hər il təxirə salındığını bildirdi. O bildirdi ki, heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq. Otuz iki il bundan əvvəl Ermənistan dövləti bu qanlı faciəni törədərək günahsız insanları qətlə yetirmişdir. 613 insan vəhşicəsinə qətlə yetirilmişdir, 150 insan itkin düşmüşdür, 1000-dən çox insan girov götürülmüşdür, 60-dan çox uşaq, 100-dən çox qadın, yaşlı 70 insan erməni vəhşiləri, faşistləri tərəfindən vəhşicəsinə bir gecə içində qətlə yetirilmişdir.

İllər boyu “Xocalıya ədalət!” çağırışımızın cavabsız qaldığını da xatırladaraq, cəmi 18 ölkənin bizim səylərimizin nəticəsi olaraq bu qanlı faciəni soyqırımı kimi tanıdığını bildirən cənab prezident bu ölkələrin arasında böyük dövlətlərin adlarının olmamasını təəssüflə vurğuladı. Heydər Əliyev Fondunun səyi ilə geniş vüsət almış “Xocalıya ədalət!” kampaniyası dünyanın müxtəlif yerlərində özünü göstərmişdir, bir çox tədbirlər, təqdimatlar həyata keçirilmişdir, kitablar, məqalələr dərc edilmişdir, sərgilər təşkil olunmuşdur. Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır. Ermənistan dövləti, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələr, eyni ölkələr əlindən gələni ediblər ki, Xocalı soyqırımı ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsın.

2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı qaldırıldı. Beş ay əvvəl antiterror əməliyyatı nəticəsində Xocalı daxil olmaqla bütün ərazilər azad edildi. Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik. İllərdi dilimizdən düşünmədiyimiz “Xocalıya ədalət!” tələbimiz tam haqlı idi. Bu ədaləti döyüş meydanında təmin etməyimiz beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur. Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın.

Cənab İlham Əliyev bildirdi ki, Xocalıda artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Quruculuq işləri geniş vüsət alıb. Bu il yeni yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Cari ildə həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək, o cümlədən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək. Sentyabrın 20-də öz suverenliyimizi tam bərpa edəndən sonra dərhal göstəriş verildi ki, ilk növbədə, Xocalıda xocalılıların evləri bərpa edilsin. Çünki mənfur düşmən qanlı soyqırımı törətmişdir, xocalılıları öz doğma torpağından didərgin salmışdır. Xocalının tarixi adını dəyişdirməyə cəhdlər olmuşdur. Azərbaycanlıların evlərinə isə separatçılar və xarici ölkələrdən olan insanlar yerləşdirmişdi.

Biz həm İkinci Qarabağ müharibəsi zamanı, həm antiterror əməliyyatı zamanı qisasımızı cinayətkarlardan aldıq. Azərbaycan ordusu Ermənistan ordusunu məhv etdi və iki dəfə kapitulyasiyaya imza atmağa məcbur etdi. Azərbaycan rəsmi İrəvandan fərqli olaraq dinc əhali ilə heç vaxt müharibə aparmayıb və bunu hər kəs görür və bilir. Həm 2020-ci ildə, həm keçən ilin sentyabr ayında apardığımız hərbi əməliyyatlar bütün beynəlxalq humanitar hüquqa uyğun şəkildə aparılmışdır və bunu hər kəs bilir və heç kim bizə heç bir irad tuta bilmir. Ali baş komandan qürurla vurğuladı ki, 30 il yox, 300 il keçsə də qəzəb bizi buraxmayacaq. Bu, təbiidir, biz insanıq, ancaq eyni zamanda, biz, böyük xalqın nümayəndələriyik.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Babayeva Ləman,
Xəzər rayonu, 292 №li məktəbin direktor müavini

Oxşar Xəbərlər

Back to top button