Xocalı soyqırımı tariximizin qanlı səhifələrindən biridir
Xocalı faciəsi Azərbaycan xalqının tarixinin ən dəhşətli səhifələrindəndir. Bu təkcə xalqımıza qarşı deyil, bütün insanlıq və bəşəriyyət əleyhinə yönəlmiş ən ağır cinayətlərdən biridir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri, Qarabağda yerləşdirilmiş erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərindəki 366-cı motoatıcı alayı 7 min nəfərin yaşadığı Xocalı şəhərinə basqın etmiş, bəşər tarixində insanlığa qarşı ən dəhşətli vəhşiliklərdən birini törətmişdir. Erməni silahlı quldurları tərəfindən aylarla mühasirədə saxlanılan Xocalı sakinləri – qocalar, qadınlar, südəmər körpələr amansızlıqla qətlə yetirilmişdir. Xocalı qətliamı zamanı 613 nəfər öldürülmüş, onlardan 106-sı qadın, 63 nəfəri uşaq, 70-i yaşlı insanlardır. 8 ailə tamam məhv edilmiş, 1275 nəfər girov götürülmüşdür.
Həmin dövrdə Azərbaycana rəhbərlik edən şəxslərin Xocalı soyqırımına qarşı göstərdiyi biganə münasibət xalqımıza qarşı törədilmiş bu ağır cinayətlərin dünya ictimaiyyətinə çatdırılmasına maneçilik törədilmiş bir sözlə ört bastır edilməsinə çalışmışlar. Lakin, həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən Ümummilli Liderimiz Heydər Əliyev ilk dəfə Xocalı soyqırımı haqqında xüsusi bəyanat vermiş, faciəni törədənləri və səbəbkarların məsuliyyətə cəlb olunmasını tələb etmişdir. Hakimiyyətə qayıdışından sonra Ümummilli Lider Xocalı faciəsinin əsl siyasi və hüquqi qiymətini almasını təmin etdi. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul etdi. O dövrdən başlayaraq dünya azərbaycanlıları soyqırımının bütün dünyada tanıdılması istiqamətində fəallığa çağırıldı, bununla əlaqədar onlara müraciət edildi. Həmin vaxtdan Azərbaycan diasporu Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəal iş görməyə başlamışdır. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xüsusi xidmətləri vardır. Xocalı soyqırımı ilə əlaqədar xarici ölkələrdə layihələr həyata keçirilir. Məqsəd bu soyqırımının dünya ictimaiyyətinə çatdırılması və erməni vəhşiliklərini əks etdirən materialların beynəlxalq təşkilatlar qarşısında nümayiş etdirilməsidir. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünya ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunmuşdur. Bu kompaniyanən nəticəsində dünyasının 17 ölkəsi, ABŞ-ın 24 ştatı və İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Xocalıda törədilmiş soyqırımı tanıyan qətnamələr qəbul edilmişdir. Bundan sonrada Xocalı həqiqətlərini dünyaya çatdırması prosesi cənab prezidentin rəhbərliyi altında daha da davam etdiriləcəkdir.
Sahil Əliyev,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının gənc fəalı