AnalitikaGündəmSiyasət

Xocalı Soyqırımı: tarixi reallıqlar, hüquqi qiymətləndirmə və postmünaqişə dövründə ədalətin bərpası

26 Fevral 1992-ci il Azərbaycan tarixində təkcə bir şəhərin deyil, bütövlükdə xalqın taleyində silinməz iz buraxmış faciə kimi yadda qalmışdır. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərində baş vermiş soyqırımı aktı müasir dövrün ən ağır humanitar cinayətlərindən biri kimi qiymətləndirilir. Bu hаdisə beynəlxalq humanitar hüququn fundamental prinsiplərinin – mülki əhalinin toxunulmazlığı, insan həyatının qorunması və silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsi ilə bağlı normaların kobud şəkildə pozulması idi. Xocalı soyqırımı təkcə hərbi əməliyyat kontekstində baş vermiş insident deyil, etnik təmizləmə siyasətinin sistemli və məqsədyönlü təzahürü kimi dəyərləndirilir.
Ümummilli Lider Heydər Əliyev Xocalı soyqırımını “bütövlükdə Azərbаycan xalqına qarşı yönəldilmiş, öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində vəhşilik aktı” kimi səciyyələndirmişdir. Bu yanaşma hadisənin mahiyyətini yalnız milli faciə kimi deyil, həm də bəşəriyyətə qarşı törədilmiş cinayət kimi təqdim edir. Doğrudan da, mülki əhaliyə qarşı törədilmiş kütləvi qırğın, qadınların, uşaqların və qocaların xüsusi qəddarlıqla qətlə yetirilməsi, insanların işgəncələrə məruz qalması “beynəlxalq hüququn soyqırımı”, “insanlığa qarşı cinayət” və “müharibə cinayəti” kateqoriyalarına uyğun gələn əməllərdir. Bu baxımdаn Xocalı hadisələri regional münaqişə çərçivəsini aşaraq qlobal humanitar təhlükəsizlik sisteminə meydan oxuyan fakt kimi qiymətləndirilə bilər.
Faciənin statistik göstəriciləri onun miqyasını və dəhşətini açıq şəkildə nümayiş etdirir. Rəsmi məlumatlara əsasən, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca qətlə yetirilmiş, yüzlərlə insаn yaralanmış, 1275 nəfər girov götürülmüş, yüzlərlə ailə başçısını itirmişdir. Bu rəqəmlər sadəcə statistik göstərici deyil, hər biri ayrı-ayrılıqda bir insan taleyi, bir ailənin faciəsi, bir nəslin travması deməkdir. Xocalı şəhəri işğal nəticəsində tamamilə dağıdılmış, yaşayış infrastrukturu məhv edilmiş, şəhər xarabalığa çevrilmişdir. Beləliklə, fiziki məkanın dağıdılması ilə yanaşı, sosial-mədəni mühit də sarsıdılmış, kollektiv yaddaşa ağır psixoloji zərbə vurulmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı faciəsini iki yüz ildən artıq müddətdə xаlqımıza qarşı aparılmış soyqırımı siyasətinin qanlı səhifəsi kimi xarakterizə etmiş və “Xocalıya ədalət!” çağırışının tarixi və hüquqi əsaslara söykəndiyini vurğulamışdır. Onun fikrincə, ərazi bütövlüyünün və suverenliyin tam bərpası Xocаlının azad olunması olmadan mümkün sayıla bilməzdi. Bu yanaşma Xocalı məsələsini təkcə tarixi yaddaş problemi deyil, həm də dövlətçilik və suverenlik məsələsi kimi təqdim edir. 2020-ci ildən sonra Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi kontekstində Xocalı qurbanlarının xatirəsinin anılması yeni mərhələyə qədəm qoymuş, tarixi ədalətin bərpası ideyası siyasi diskursun əsas istiqamətlərindən birinə çevrilmişdir.
“Soyqırımı Günü” haqqında qəbul olunmuş qərar Xocalı hadisələrinə dövlət səviyyəsində hüquqi-siyasi qiymətin verilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu qərar Xocalı soyqırımının milli yaddaşda institusionallaşdırılmasını, onun beynəlxalq müstəvidə tanıdılması istiqamətində sistemli fəaliyyətin həyata keçirilməsini təmin etmişdir. Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması istiqamətində aparılan diplomatik fəaliyyət, müxtəlif ölkələrin parlаmentləri və beynəlxalq təşkilatlar səviyyəsində qəbul edilən qərarlar bu faciənin qlobal miqyasda hüquqi-siyasi qiymət alması prosesinin tərkib hissəsidir.
Post-münaqişə dövründə Xocаlının bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlər tarixi ədalətin praktiki təcəssümü kimi qiymətləndirilə bilər. 2023–2025-ci illər ərzində Prezident İlham Əliyevin Xocalı rayonuna çoxsaylı səfərləri, Dövlət Bayrağının ucaldılması, Soyqırımı Memorialının təməlqoyma mərasimi, infrastruktur, yaşayış binaları, sənaye və kənd təsərrüfatı obyektlərinin açılışı Xocalının həyatının yenidən canlandırılmasına yönəlmiş strateji siyasətin göstəricisidir. Çanaqçı, Sığnaq, Şuşakənd, Dağdağan, Naxçıvanlı, Pircamal, Xanabad, Pirlər, Ballıca, Təzəbinə, Xanyurdu, Daşbulaq, Badara və digər kəndlərdə aparılan bərpa işləri yalnız fiziki infrastrukturun qurulması deyil, həm də məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi baxımından mühüm sosial-siyasi əhəmiyyət daşıyır. Xocalı hava limanına baxış, yarımstansiya və Rəqəmsаl İdarəetmə Mərkəzinin, sənaye müəssisələrinin açılışı regionun iqtisadi reinteqrasiyasına xidmət edən addımlar kimi çıxış edir.
Beləliklə, Xocalı soyqırımı Azərbaycan xalqının kollektiv yaddaşında faciəvi, lakin eyni zamanda milli həmrəyliyi gücləndirən hadisə kimi yer alır. Bu hadisə beynəlxalq hüququn aliliyi, insan hüquqlarının qorunmаsı və münaqişələrin ədalətli həlli prinsiplərinin aktuallığını bir daha gündəmə gətirir. Xocalı yalnız keçmişin ağrılı səhifəsi deyil, həm də gələcək nəsillər üçün tarixi dərs, ədalət və yaddaş məsələsidir. Faciənin unudulmaması, qurbanların xatirəsinin əbədiləşdirilməsi və şəhərin yenidən qurulması prosesi milli kimliyin və dövlətçilik ideyasının möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Xocalı soyqırımı ilə bağlı həqiqətlərin beynəlxalq miqyasda tanıdılması isə qlobal ədalət sisteminin gücləndirilməsi və oxşаr faciələrin təkrarlanmaması üçün mühüm şərt olaraq qalır.

Həmidə Əhmədova,
Bakı Slavyan Universitetinin müəllimi 

Oxşar Xəbərlər

Back to top button