AnalitikaGündəmSiyasət

Xocalı soyqırımı azərbaycanlılara və bəşəriyyətə qarşı törədilmiş qanlı cinayətdir

1980-ci illərdən erməni separatçıları Dağlıq Qarabağ ətrafında həyata keçirməyə başladıqları “dənizdən dənizə Ermənistan” adlandırdıqları absurd bir ideyasını reallaşdırmaq üçün cinayətkar fəaliyyətə başladılar. Artıq 1988-ci ildən etibarən Azərbaycanın əzəli, tarixi torpaqlarına yiyələnmək məqsədi ilə kəndlərimiz, qəsəbələrimiz, şəhər və rayonlarımız dağıdıldı, on minlərlə dinc və günahsız soydaşlarımız vəhşicəsinə öldürüldü, yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından didərgin düşdü. Bundan sonra Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları daha da kəskin şəkil aldı, Dağlıq Qarabağ və ətraf rayonlarda silahlı toqquşmalar başladı. 1991-ci ilin sonları, 1992-ci ilin əvvəllərində vəziyyət daha da ciddiləşmiş, Azərbaycanın suveren torpaqlarının işğalı prosesi sürətlənmişdir. Ermənilər, xüsusilə strateji əhəmiyyətə malık olan Xocalı şəhərini ələ keçirməyə can atırdılar. Burada Qarabağın yeganə hava limanı yerləşirdi. 1992-ci ilin fevralında şəhər mühasirəyə alındı, elektrik enerjisi və digər təminat kəsildi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinə ağır texnika ilə hücum edib, dinc əhaliyə qarşı misli görünməmiş vəhşiliklər törətdi. Bu hadisə təkcə bir şəhərin deyil, bütövlükdə Azərbaycan xalqının məhv edilməsinə yönəlmiş soyqırımı aktı kimi tarixə düşüb. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır və bütün bəşəriyyətə qarşı törədilmiş tarixi cinayətdir”. Bu hücum yalnız hərbi əməliyyat deyildi, bu dinc əhaliyə qarşı törədilmiş kütləvi soyqırım aktı idi. Xocalı soyqırımı XX əsrin Xatın, Holokost, Xirosima, Naqasaki kimi dəhşətli faciələri ilə bir sırada duran ümumbəşəri soyqırımı cinayətidir.
Bu qanlı cinayət nəticəsində 63 uşaq, 106 qadın, 70 qoca daxil olmaqla 613 nəfər bir gecədə qətlə yetirildi. Bu insanlığa xas olmayan dəhşətli vəhşiliyin, zülmün, vandallığın ayaq açdığı və ədalətin susduğu bir soyuq fevral gecəsi idi. Xocalı faciəsi uzun illər boyu erməni millətçilərinin Azərbaycan xalqına qarşı sistemli şəkildə apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin qanlı nəticəsi idi. Əli-ayağı yalın qadınlar, uşaqlar, qocalar xüsusi qəddarlıqla öldürülüb, bir çoxu şaxtalı dağlarda, meşələrdə donaraq həyatını itirib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib, yüzlərlə insan yaralanıb, minlərlə sakin əsir və girov götürülüb.
Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımın əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, Xocalı soyqırımı bəşər tarixində misli görünməmiş vəhşilik aktı kimi qiymətləndirmişdir. Belə ki, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. 1994-cü ilin fevralında Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalıda baş vermiş hadisələri təhlil edərək, ermənilərin törətdikləri cinayət əməllərinin azərbaycanlılara qarşı soyqırımı olduğunu beynəlxalq hüquq məsuliyyəti baxımından təsbit edərək, 26 fevral tarixinin “Xocalı soyqırımı günü” kimi qeyd olunması haqqında qərar vermişdir. Hər il bu tarixdə ölkə ərazisində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir. Ulu öndərin fikirləri bu faciənin mahiyyətini və miqyasını aydın şəkildə ifadə edir. Ümummilli lider Heydər Əliyev deyirdi: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.
Xocalı faciəsinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, faciəyə obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun müstəsna rolu danılmazdır. “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamışdır. Fondun məqsədyönlü fəaliyyəti nəticəsində dünya ölkələri erməni millətçilərinin insanlığa sığmayan qətlləri haqqında daha geniş və dərin məlumat əldə etmişlər. Heydər Əliyev Fondu Xocalı soyqırımı ilə bağlı çoxlu sayda materialların xaricdə sərgisini təşkil etmişdir.
Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Xocalı və digər işğal altında olan torpaqlarımız düşməndən azad edildi. Cənab Prezident İlham Əliyevin dediyi kimi, biz günahsız həlak olan Xocalı faciəsinin qurbanlarının, şəhidlərimizin qanını yerdə qoymadıq, onların qisasını döyüş meydanında aldıq və bunu da bütün dünyaya nümayiş etdirdik. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin Xocalı şəhərində Dövlət Bayrağını ucaltması ədalətin bərpasının və milli qürurun təntənəsinin rəmzinə çevrildi.
“20-yə yaxın ölkənin Xocalı soyqırımını rəsmən tanıması bir addım idi, Vətən müharibəsi və şanlı Zəfərimiz ikinci addım idi, Xocalı şəhərinin iki il yarım bundan əvvəl azad edilməsi isə son addımlardan biri idi. Nəhayət, axırıncı addım bu yaxınlarda hərbi cinayətkarlara qarşı Bakıda keçirilmiş məhkəmə prosesi idi. Xocalı soyqırımını törətmiş, əli Azərbaycan xalqının qanına batmış quldurlar məhkəmə qarşısında cavab verməli oldular”, – bu sözləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev demişdir. Belə ki, Azərbaycan dövləti bu gün beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq bütün cinayətkarların məsuliyyətə cəlb edilməsini təmin edir.
Xocalı soyqırımı heç vaxt xalqın yaddaşından silinməyəcək. Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq. Xocalı faciəsinin günahsız qurbanlarının xatirəsi Azərbaycan xalqının qəlbində və yaddaşında daim yaşayacaq.

Kamran Hacıyev,
Bakı Slavyan Universitetinin kafedra müdiri

Oxşar Xəbərlər

Back to top button