
Xocalı faciəsi bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Bəzən bu hadisəni alman faşizmi ilə müqayisə edirlər. Lakin burada mühüm fərqlər mövcuddur. Alman faşizmi dövründə indiki kimi beynəlxalq hüquq mexanizmləri – Birləşmiş Millətlər Təşkilatı, Cenevrə konvensiyaları və digər universal hüquqi sənədlər – mövcud deyildi. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi əməllər isə artıq beynəlxalq hüququn formalaşdığı, soyqırımı, deportasiya, işğal, terror və separatizmin açıq şəkildə qadağan olunduğu bir dövrdə baş verib.
26 fevral 1992-ci il tarixində Xocalı şəhərində 106-sı qadın, 63-ü uşaq və 70-i ahıl olmaqla, ümumilikdə 613 nəfər dinc və silahsız mülki əhalinin etnik mənsubiyyətinə görə məqsədli şəkildə, ağır işgəncələrə məruz qalaraq qətlə yetirilməsindən 34 il ötür.”Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə Xocalı şəhərində məhz etnik azərbaycanlı olduqlarına görə mülki əhalinin amansızcasına qətlə yetirilməsi Ermənistan tərəfindən azərbaycanlılara qarşı həyata keçirilmiş sistemli və məqsədyönlü soyqırımı siyasətinin tərkib hissəsi olmuşdur.Xocalı soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 130 uşaq bir valideynini, 25 uşaq isə hər iki valideynini itirmiş, habelə 68-i qadın, 26-sı uşaq olmaqla 1275 nəfər girov götürülmüş, ağır müharibə cinayətləri törədilmişdir.Soyqırımı cinayətinin əlamətlərini özündə ehtiva edən bu ağır cinayət əməli bəşər tarixinin ən faciəvi səhifələrindən biri olmaqla, fundamental insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasıdır.
Əvvəlcədən planlaşdırılmış Xocalıda törədilən cinayətlər etnik azərbaycanlıları milli əlamətlərinə görə qətlə yetirmək, onları tarixən yaşadıqları torpaqlardan zorla didərgin salmaq, əhali arasında qorxu və vahimə yaratmaq məqsədi daşımışdır.Xocalı soyqırımı törədilən zaman beynəlxalq insan hüquqları hüququ, beynəlxalq humanitar hüquq normaları, o cümlədən “Mülki və siyasi hüquqlar haqqında”, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” beynəlxalq paktların, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında”, “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə”, “Uşaq hüquqları haqqında”, “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında”, həmçinin “Müharibə qurbanlarının müdafiəsi haqqında” Cenevrə konvensiyalarının müddəaları, xüsusilə insanların yaşamaq, şəxsi toxunulmazlıq, mülkiyyət, işgəncəyə məruz qalmamaq və digər fundamental hüquqları kobud şəkildə pozulmuşdur.
Xocalı soyqırımına ilk siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən verilmiş və 26 fevral tarixi Xocalı Soyqırımı Günü kimi elan olunmuşdur.Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, bu cinayət əməlinə hüquqi və siyasi qiymətin verilməsi məqsədilə davamlı olaraq həyata keçirilən “Xocalıya ədalət” kampaniyası bu soyqırımı hadisəsi ilə bağlı beynəlxalq səviyyədə məlumatlılığın artırılması və ədalətin bərqərar olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu gün hər bir azərbaycanlı Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, ata vəsiyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və birgünlük antiterror əməliyyatı zamanı düşmən üzərində qazandığımız tarixi qələbənin qürurunu da yaşayır. Qəhrəman ordumuz Ali Baş Komandanımızın əmri ilə 2020-ci il sentyabrın 27-də başladılan “Dəmir yumruq” əməliyyatı ilə düşməni darmadağın edərək doğma Qarabağımızı 30 ilə yaxın əsarətdən xilas etdi. Şanlı Azərbaycan Ordusu tərəfindən məhv edilən düşmən qüvvələri içərisində Xocalı soyqırımının icraçılarından da var idi.
Tağı İmamverdiyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı



