Xarici təsirlərə baxmayaraq, bu gün də Azərbaycan və İsrail arasında münasibətlər inkişaf edir
Ölkəmizdə həyata keçirilən müstəqil xarici siyasət Azərbaycan dövlətçiliyini müntəzəm şəkildə möhkəmləndirib inkişaf etdirməyə və milli mənafeləri qorumağa yönəldilmişdir. Biz öz xarici siyasətimizi beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurmuşuq. Regional səviyyədə bölgədə əmin-amanlıq və sabitliyin bərqərar edilməsi, nəhəng nəqliyyat və əməkdaşlıq layihələrinin gerçəkləşdirilməsi kimi strateji məqsədlərə nail olmaq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Qloballaşan dünyada Azərbaycan xalqının maraqlarının daha səmərəli müdafiəsi naminə ölkə iqtisadiyyatının inkişafı üçün müxtəlif layihələrə xarici sərmayələrin cəlb edilməsi də Azərbaycanın xarici siyasəti üçün müstəsna əhəmiyyət daşımaqdadır.
Demokratik tərəqqi yolunu seçmiş Azərbaycan özünün qonşusu olan və olmayan digər dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli əsasda bərabər və qarşılıqlı faydalı münasibətlərin qurulub-inkişaf etdirilməsi üzrə ümumi məqsədi mümkün qədər tam şəkildə həyata keçirmək əzmindədir. Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən Azərbaycanın xarici siyasəti qarşılıqlı faydalı münasibətlərin hərtərəfli inkişafı kursuna öz möhkəm sadiqliyini nümayiş etdirməkdədir və ölkəmizin çiçəklənməsi, davamlı tərəqqi və əhalinin rifahının təmin edilməsinə yönəldilmişdir. Azərbaycanın xarici siyasətində İsrail ilə əməkdaşlıq xüsusi yer tutur. İsrail 1991-ci ildə Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri oldu və 7 aprel 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr quruldu. İkinci Qarabağ Müharibəsində Azərbaycanın haqq savaşında İsrail dövləti birmənalı şəkildə Azərbaycanı dəstəkləmiş və silah, artilleriya ilə təmin etmişdir. Həm yəhudi xalqının, həm də İsrail hökumətinin ölkəmizə verdiyi dəstək müqayisə edilməyəcək dərəcədə böyükdür. Xarici təsirlərə baxmayaraq, bu gün də Azərbaycan və İsrail arasında münasibətlər inkişaf edir.
Azərbaycan və İsrail münasibətləri xalqlarımız arasında tarixən mövcud olmuş sıx dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Ötən 30 ildən artıq müddətdə siyasi, iqtisadi, hərbi-texniki, səhiyyə, mədəni və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf etmiş, dostluq əlaqələrimiz daha da möhkəmlənmişdir. Belə ki, mayın 30-da İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ölkəmizə rəsmi səfərə gəlib və Prezident cənab İlham Əliyev ilə iki ölkə arasında əməkdaşlığın perspektivləri və regional məsələlərlə bağlı görüş keçirilib. İsxak Hersoq tərəfindən Azərbaycanla İsrail arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən İsxak Hersoqun ölkəmizə səfərinin əlaqələrimizin genişlənməsi işinə töhfə verəcəyini vurğulayıb. Dövlətimizin başçısı Azərbaycanla İsrail arasında münasibətlərin dostluq və tərəfdaşlıq xarakteri daşıdığını, müxtəlif sahələrdə, o cümlədən müdafiə və hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdiyini bildirib.
Azərbaycan və İsrail bir-birinin mühüm və yaxın tərəfdaşıdır. Ölkələrimiz elm, təhsil, təhlükəsizlik, biznes, innovasiya, turizm, mədəniyyət və bir çox digər sahələrdə dinamik əməkdaşlıq edir. Azərbaycan və yəhudi xalqları arasındakı qardaşlıq münasibətləri, eləcə də dini tolerantlığın təbliği istiqamətində xalqlarımızın birgə səyləri tərəfdaşlığımızın əsasını təşkil edir. Müsəlman və yəhudi xalqları arasında münasibətlər onların tarixi qədər qədim və möhkəmdir. Azərbaycanda xalqlarımızın əsrlərdən bəri mehribanlıq, əmin-amanlıq, harmoniya şəraitində qardaş və bacı kimi yaşayışı bunun parlaq nümunəsidir. Azərbaycanda yaşayan yəhudi icması, həm İsraildə, həm də dünyanın digər ölkələrində məskunlaşmış yəhudi əsilli həmvətənlərimiz dövlətlərarası münasibətlərimizin möhkəmlənməsinə öz töhfələrini verməkdədilər.
Bu gün ölkələrimiz arasında əməkdaşlığın inkişafı və əhatə dairəsinin genişlənməsi üçün yaxşı imkanlar vardır. Heç şübhəsiz ki, bir-birinə böyük rəğbət bəsləyən xalqlarımızın rifahı naminə mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə ənənəvi dostluq əlaqələrimizin, səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail ola biləcəyik. Azərbaycan və İsrail arasındakı münasibətlər, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Namiq Əhmədov,
YAP Xəzər rayon təşkilatının sədri