Xankəndidə keçirilən futbol oyunu mühüm siyasi-mənəvi əhəmiyyətə malikdir
“Xankəndidə keçirilən futbol oyununun çox böyük rəmzi mənası var. Bir vaxtlar separatizmin yuvasına çevrilmiş Qarabağ, xüsusilə Xankəndi bu gün öz doğma sakinlərinin-azərbaycanlıların ixtiyarındadır. Uzun illərdən sonra işğaldan azad edilən ərazilərdə ilk dəfə keçirilən tarixi futbol yarışı zamanı təşkil edilməsi mühüm əhəmiyyət daşımaqla yanaşı, həm də dərin mənası var. Bu böyük hadisə xalqımız yaddaşında, dövlətimiz tarixində əbədi qalacaq, yaddaşlara həkk olunacaq”.
Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Xankəndidə “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması həqiqətən də böyük rəmzi məna daşıyır. Çünki Qarabağ–Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir. Xalqımız bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır. Heç şübhəsiz ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ilk dəfə olaraq Xankəndi stadionunda keçirilmiş oyunu qəhrəman şəhidlərimizin uşaqlarının və ailə üzvlərinin əhatəsində seyr etməsi şəhidlərimizin ruhuna ehtiramın göstəricisi və vətənpərvərlik nümunəsidir.
Onun sözlərinə görə, bu gün Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir, bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır. Bu, böyük tarixi hadisədir və bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər.