Analitika

Xankəndidə futbol matçının keçirilməsinin böyük tarixi və siyasi əhəmiyyəti var

“Məlum olduğu kimi, dekabrın 21-də Xankəndi stadionunda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun keçirildi. İşğaldan azad edilmiş ərazilərdə futbol matçının keçirilməsi bütün Azərbaycan xalqının sevincinə səbəb oldu və şübhə yoxdur ki, yaddaşlarda unudulmaz hadisə kimi qalacaq. Eyni zamanda, Xankəndi stadionunda keçirilmiş oyunda qəhrəman şəhidlərimizin uşaqları və ailə üzvləri də iştirak etdilər. Bu da öz növbəsində şəhidlərin ruhuna ehtiram və vətənpərvərlik nümunəsi kimi hafizələrə keçdi”.

Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, futbol matçının Xankəndidə keçirilməsinin çox böyük tarixi və siyasi mənası var: “Çünki Xankəndi qədim Azərbaycan diyarıdır. Xankəndinin təməli Qarabağ xanı tərəfindən qoyulub və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılıb. Lakin 30 il ərzində Xankəndi şəhəri separatizmin rəmzinə çevrilmişdi. Bütün bunlara baxmayaraq, birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan dövlət suverenliyini tam təmin etdi və bu gün bütün Qarabağ bölgəsində, xüsusilə də Xankəndidə Azərbaycan Bayrağı dalğalanır. Məhz bu tarixi zəfərdən sonra Xankəndi şəhərində geniş quruculuq-abadlıq işləri aparılmaqdadır. Elə futbol matçının keçirildiyi stadion da iki ay ərzində yenidən inşa edilib, əsaslı təmir olunub, separatizm simvolikasını əks etdirən bütün yazılar tarixin zibilxanasına atılıb”.

“Xankəndidə futbol matçının keçirilməsi həm də sabitliyin, təhlükəsizliyin simvoluna çevrildi” – deyən Ramil Vəlibəyov əlavə edib ki, bununla Azərbaycan bütün dünyaya Qarabağın və Şərqi Zəngəzurun artıq əvvəlki kimi “boz zona” deyil, inkişaf edən, bərpa olunan, stabillik məkanı olduğunu nümayiş etdirdi.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button