AnalitikaGündəmSiyasət

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə – Suveren Azərbaycanın Qürur Simvolları

Azərbaycanın müasir tarixində 20 sentyabr tarixi xüsusi siyasi və mənəvi əhəmiyyətə malikdir. Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində dövlət suverenliyinin tam bərqərar olmasının, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsinin və Qarabağda yeni inkişaf mərhələsinin başlanmasının rəmzi kimi qeyd olunur.

Müstəqillik illəri ərzində Azərbaycan dövləti milli maraqların qorunmasını, beynəlxalq hüququn norma və prinsiplərinin təmin olunmasını xarici və daxili siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Qarabağ məsələsinin həlli istiqamətində aparılan ardıcıl siyasət nəticəsində ölkəmizin bütün ərazilərində dövlət hakimiyyəti və konstitusiya quruluşu tam bərpa edilmişdir. Bu, Azərbaycanın siyasi qətiyyətinin, güclü dövlətçilik ənənələrinin və xalqın milli həmrəyliyinin mühüm nəticəsidir.

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri uzun illər regionun ağrılı səhifələrinin simvolu olmuşdur. Bu gün isə həmin şəhərlər yenidən qurulan, inkişaf edən və gələcəyə inamla baxan Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi yeni həyat yaşayır. Dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq layihələri nəticəsində infrastruktur yenilənir, yaşayış məntəqələri müasir standartlara uyğun şəkildə bərpa edilir, sosial obyektlər istifadəyə verilir.

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr yalnız bölgənin deyil, bütövlükdə Azərbaycanın sosial-iqtisadi inkişafına mühüm töhfə verir. Böyük Qayıdış proqramı çərçivəsində doğma torpaqlarına qayıdan sakinlər üçün rahat yaşayış şəraiti yaradılır, yeni iş imkanları formalaşdırılır və bölgənin iqtisadi potensialının reallaşdırılması istiqamətində mühüm addımlar atılır.

20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Şəhərləri Günü hər bir Azərbaycan vətəndaşı üçün dövlətçilik dəyərlərinin, milli birliyin və vətənpərvərlik ruhunun təcəssümüdür. Bu gün xalqımızın əzmkarlığını, dövlətimizin gücünü və Qarabağın firavan gələcəyinə olan inamını ifadə edir. Qarabağda yüksələn yeni yaşayış məntəqələri, bərpa olunan şəhərlər və həyata keçirilən layihələr Azərbaycanın davamlı inkişafının və güclü gələcəyinin parlaq göstəricisidir.

Əminliklə demək olar ki, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri yaxın illərdə regionun sosial, iqtisadi və mədəni həyatının mühüm mərkəzlərindən birinə çevriləcək, Qarabağın dirçəliş salnaməsində xüsusi yer tutacaqdır.

Ləman Cəlilova,
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru

Oxşar Xəbərlər

Back to top button