Azərbaycan Respublikası 2020-ci ildə uzunmüddətli işğal prosesinə son qoydu. 44 Günlük Vətən müharibəsində erməni işğalçılarına qarşı parlaq zəfər çaldı. Həm döyüş meydanında, həm də siyasi arenada parlaq qələbə əldə etdi. Lakin erməni xilqətinə uyğun olaraq Ermənistan sülh prosesindən yayınmağa çalışırdı. Sülh danışıqlarını da bundan öncə dövrlərdəki davranışları kimi provokasiya edirdi. Dövlət başçısının apardığı uğurlu xarici siyasət nəticəsində artıq sülh müqaviləsinin mətnin böyük bir qismi hər iki dövlət tərəfindən razılaşdırılıb. Müharibədən sonrakı dönəmdə erməni terror dəstələri Qarabağı tamamilə tərk etməmişdi. Bu məsələ də dəfələrlə Ermənistana məsələnin sülh ilə edilməsi üçün müraciət edilmişdir. Azərbaycan Cənubi Qafqazda, o cümlədən dünyada sülh carçısı olmaq siyasi xəttinə sadiqliyini qorumağa çalışırdı. Bütün xəbərdarlıqlara baxmayaraq bu məsələ sülh yolu ilə həll edilə bilmədi. Azərbaycan Respublikası öz dövləti daxilində suverenliyini tam şəkildə bərpa etmək üçün 2023-cü il 19 sentyabr antiterror əməliyyatlarına başladı. 24 saat davam edən əməliyyat nəticəsində torpaqlarımız məkrli erməni terrorçularından təmizləndi. Dövlətimiz xalqımızın qarşılaşdığı tarixi ədalətsizliyi bərpa etdi. Şanlı və müzəffər ordumuzun şücaəti yenə də döyüş meydanın da öz sözünü demişdi. Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Beynəlxalq hüquq zəfər çaldı, Azərbaycan öz gücünü bir daha göstərdi.
Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini daim qəlbimizdə saxlayırıq və saxlayacağıq. Vətən müharibəsi və antiterror əməliyyatı keçirilərkən bizim 3200-dən çox qəhrəman şəhidimiz şəhadət zirvəsinə ucalmışdır. Vətən uğrunda İkinci Qarabağ müharibəsində 90 mindən çox gənc azərbaycanlı iştirak etmişdir. 44 gün ərzində şanlı Ordumuz hər gün irəliləyərək yaşayış məntəqələri işğalçılardan azad edilirdi. Bir gün belə geriyə addım atmamış, hər gün bir neçə kənd, bir neçə qəsəbə, şəhər azad edilmişdi. Bir nəfər olsun döyüş meydanını tərk etməmişdir. Amma Ermənistan rəsmi nümayəndələrinin özlərinin etirafına görə, Ermənistan ordusunda 12 mindən çox fərari olmuşdur. Mənəvi-psixoloji üstünlük bizim ümumi üstünlüyümüzü göstərir. Sinəsini qabağa verən, ölümə gedən gənclər bir amalla yaşayırdılar ki, milli ləyaqətimizi bərpa edək və bunu etdik. Mənəvi üstünlük olmasa, milli düşüncə olmasa, heç bir ən güclü ordu heç vaxt heç bir qələbə qazana bilməz.
Bu gün dünyada bir çox yerlərdə müharibələr, hərbi münaqişələr, toqquşmalar gedir. Müqayisə etmək üçün də kifayət qədər imkanlarımız var, məlumatlarımız var. 44 gün ərzində çətin coğrafiyada düşmənin 5-6, bəzi yerlərdə 7 müdafiə xəttini yararaq hər gün irəliyə getmək, itkilər verərək aşağıdan yuxarıya qalxmaq, Şuşa kimi alınmaz qalanı sıldırım qayalara dırmaşaraq ancaq yüngül silahlarla azad etmək Azərbaycanın rəşadətli ordusunun qəhrəmanlıq dastanıdır. Müasir tarixdə hansı ordu buna bənzər qəhrəmanlıq, peşəkarlıq göstərmişdir. Haqlı olaraq qələbə ilə, hərbçilərimizlə əbədi fəxr edəcəyik. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı imkan verdi ki, Azərbaycan həm milli qürurunu, həm də beynəlxalq hüququ bərpa etdi. Cəmi bir neçə saat davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam zəfəri ilə başa çatmışdır. Ermənistan ordusunun 15 mindən çox hərbi kontingenti tamamilə iflic vəziyyətinə düşmüşdür. Bir neçə saatdan sonra kapitulyasiya şərtlərini artıq biz onlarla müzakirə etməyə başlamışdıq.
Bu müharibədə vətənpərvərlik ruhu xalqımızın zəfər simgəsinin mənəvi gücü idi. Biz göstərdik ki, güclü iradə, peşəkarlıq, vətənpərvərlik, milli ruhda tərbiyə olunan gənc nəsil olarsa, heç bir qüvvə o xalqın qabağında dura bilməz. İnam heç vaxt qırılmamalıdır. Biz bütün dünyaya və bu gün işğaldan əziyyət çəkən, hətta müstəmləkəçilikdən əziyyət çəkən xalqlara göstərdik ki, inamla yaşamaq lazımdır. Ədalətə çatmaq üçün sən gərək onu əldə edəsən, o, göydən düşməz. Ona görə gələcək fəaliyyətimiz üçün də bu, əsas olmalıdır. Bu gün işğaldan əziyyət çəkən və ədalətsizliklərlə üzləşən bir çox xalqlar üçün bizim nümunəmiz bir ümid işığıdır. Gələcəkdə öz gücünə güvənmək, güclü olmaq, güclü dövlət qurmaq, heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək – bu, əsas hədəflərimizdir.
Güclü dövlətin təməlində daxili sabitlik dayanır. Bunun da əsas mənbəyi cəmiyyətdə birliyin olmasıdır. 44 günlük Vətən müharibəsi onu göstərdi ki, bəlkə də heç bir ölkədə bizim cəmiyyətimiz qədər birlik nümayiş etdirən cəmiyyət yoxdur. Bizdən sonra gələn nəsil, gənclər də bu yolla getməlidirlər. Onlar, ilk növbədə, milli ruhda tərbiyə almalıdırlar. Öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq olsunlar. Heç kimin təsiri altına düşməməli, müxtəlif vədlərə aldanmamalıdırlar. Demək olar ki, bütün böyük güclər, onların hamısı bu işğalı əbədi etmək istəyirdi. Heç biri istəmirdi ki, xalqımız bu işğaldan yaxasını qurtarsın. Yəni, daim bizi təzyiq altında saxlamaq, daim bu işğaldan bir təsir amili kimi istifadə etmək, öz maraqlarını təmin etmək və nəticə etibarilə bizi bu vəziyyətlə barışdırmaq istəyirdilər. Qüdrətli xalqlar onlara verilənlərlə deyil, öz seçimləri ilə müqəddəratını həll edər. Bizim müharibəmiz azadlıq müharibəsi idi. İkili standartlar, ikiüzlülük, riyakarlıq, islamofobiya və xalqımıza olan düşmənçilik – biz bunu heç vaxt unutmamalıyıq və gənc nəsil bunu bilməlidir.
Cəmiyyətdə iki tərbiyə mənbəyi var. Ailə və müəllim bu bu məsələdə əsas söz sahibidir. Xoşbəxtlikdən Azərbaycanda ailə dəyərləri üstün tutulur. Bizim ənənələrimiz bunu öyrədir. Bəzi Qərb ölkələrində ailə dəyərlərinin tamamilə eybəcər formasına düşməsi hər birimizdə haqlı olaraq ikrah hissi doğurur. Ona görə ailə dəyərləri, ailə tərbiyəsi birinci növbədə qorunmalıdır.Müəllimlər uşaqların, gənclərin biliklərini artırmaq, eyni zamanda, onların vətənpərvərlik ruhunda tərbiyəsi üçün fəal və səmərəli işləyirlər. İkinci Qarabağ müharibəsi bunu göstərdi. Heç vaxt Qarabağı görməyən gənclər Qarabağ uğrunda ölümə gedirdilər, ölümə getməyə hazır idilər, şəhid oldular, yaralandılar.
Qələbəmizin daha bir mənəvi göstəricisi 2024-cü tədris ilində Qarabağ universitetinin fəaliyyətinə başlaması oldu. Qarabağ Universitetinin yaradılması tarixi hadisədir. Universitetinin yaradılması ilə bağlı müvafiq Sərəncam keçən ilin noyabrında imzalandı. Universitetinin 1200 tələbəsi var. Ölkəmizin hər bir bölgəsindən tələbə var. Qarbağ universiteti torpaqlarımızda sülhün, təhsilin, mədəniyyətin nişanəsi olaraq əbədi fəaliyyət göstərəcək. Dünyanın ən güclü elm mərkəzlərindən biri olaraq özünəməxsus mövqeyini göstərəcək. Bu istiqamətdə hər bir Azərbaycan gənci öz seçimi ilə sözünü deyəcək. Yeni yaradılmasına baxmayaraq gənclərimizin Qarabağ universitetində təhsil almaq üçün bir-biri ilə sağlam rəqabət aparması qürurvericidir. Məktəbimizin məzunu Leyla Əlihümbətovanın məhz Qarabağ universitetində təhsil almaq üçün etdiyi seçim bunun əməli sübutudur. Hər bir Azərbaycan gənci bu yolda addımlamaq üçün həyəcanlıdır.
Quruculuq və inkişaf işlərinin məntiqi nəticəsi 8 Noyabr – Zəfər Günümüzdür. Şuşanın azad olunması, Ermənistanın kapitulyasiyası və ondan sonrakı tarix artıq göz qabağındadır. Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsək görərik ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi. Zəfər yolundakı hər addımın son məqsədi 20 Sentyabr – Dövlət Suverenliyi Günü idi. Biz buna Ali Baş Komandanımızın rəhbərliyi ilə xalqımız, güclü ordumuz ilə birlikdə nail olduq. Müstəqil, suveren Azərbaycan dövləti xalqımızın qoruyacağı qiymətli bir incidir.
Gülər İsmayılova,
Xəzər rayonu, 156 nömrəli tam orta məktəbin direktoru: