Analitika

Xalqın yaddaşına yazılan 33-cü Qanlı Yanvar..

Qanlı Yanvar hadisələrindən 33 il keçir. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Təpədən-dırnağadək silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdi.

Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. Tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilməmişdi. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edililmişdi.

SSRİ tarixində ilk dəfə idi ki, Sovet Silahlı Qüvvələri Sovet şəhərinə — Bakıya hərbi müdaxilə etdilər. Bu, həm Azərbaycan, həm də Sovet İttifaqı üçün böyük faciə oldu. Ordu hissələri cəmi bir neçə saat ərzində şəhəri tam nəzarətə aldı və Moskvanın hakimiyyəti bərpa edildi. Lakin Moskva məhz elə 1990-ci il yanvarın 20-də Azərbaycanı itirdi. 20 yanvar deputat istintaq komissiyasının məlumatına görə, Bakıda olan Sovet qoşunları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə əsasən beş istiqamətdə hərəkət edirdi. Sovet qoşunlarının Binə-Qala yolu ilə hərəkəti 1990-cı il yanvarın 19-u saat 22:00 radələrində başlayıb. Azərbaycan xalqı ilk qurbanlarını da elə Binə-Qala yolunda verib. Həmin istiqamətdən Bakıya doğru hərəkət edən qoşunların qarşısını keçmiş “Komsomol” dairəsində dinc əhalinin barrikadası kəsib. Gecə saat təqribən 11 radələrində barrikadanı yaran qoşun “Komsomol” dairəsində təcili yardım maşınlarına da atəş açıb.Həmin gecə saat 23-dən Xəzər dənizindəki sovet hərbi gəmiləri döyüş hazırlığı vəziyyətinə gətirilmişdi.

Doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları düz 33 il əvvəl həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının ovaxtkı rəhbərlərinə və onların Azərbaycandakı əlaltılarına dərin nifrətini bildirir.

20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər olmuşdur. Qara Yanvar faciəsi nəticəsində SSRİ Konstitusiyası və Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan hazırlanan bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır. Eyni zamanda bu gecədə evlərə girib uşaqları girov götürür, bəzilərini isə öldürürdülər.

1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.

Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət Başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır. Azərbaycanın hər bir vətəndaşının qəlbində şəhidlərə dərin ehtiram hissi var. Hər il yanvarın 20-də Şəhidlər xiyabanında xüsusi anım tədbiri keçirilir. Həmin gün Vətənin igid övladlarınm xatirəsini yad etməyə gələn insan axınının ucu-bucağı görünmür, məzarlar, xiyabana gedən yollar qırmızı qərənfil yağışına qərq olur Şəhidlərin məzarını ziyarət edən insanlan birləşdirir, onların fikrini, düşüncəsini bir-birinə daha yaxın edir. Bura gələn hər kəs şəhidlərin ruhu qarşısında baş əyərək and içir: Vətəni, doğma Azərbaycanımızı sizin kimi sevəcəyik!

Məmmədova Nazilə,
Xəzər rayonu, 120 nömrəli məktəbin direktoru

Oxşar Xəbərlər

Back to top button