AnalitikaGündəmSosial

Xalqın Səsi Olan İlk Nəşr

“Əkinçi” qəzeti Azərbaycanın milli mətbuat tarixində ilk addım kimi həm ideoloji, həm də mədəni inqilab xarakteri daşıyır. 1875-ci ildə Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşr olunan bu qəzet, ana dilində yazılan və xalqın problemlərindən bəhs edən ilk mətbuat orqanı idi. Onun əsas məqsədi sadə insanların maariflənməsi, kənd təsərrüfatının inkişafı və cəmiyyətin sosial məsələlərinin gündəmə gətirilməsi idi.

“Əkinçi”nin səhifələrində din, elm, təbiət və gündəlik həyatla bağlı yazılar dərc olunur, savadsızlıq və cəhalətə qarşı mübarizə aparılırdı. Bu nəşr dövrünün senzura şəraitində çıxmasına baxmayaraq, ictimai fikrin formalaşmasına mühüm təsir göstərdi. Həsən bəy Zərdabi qələm dostları ilə birgə xalqı maarifə səsləyir, elmi düşüncəni yayır və geriliyə qarşı çıxırdı.

Qəzetin nəşri cəmi iki il davam etsə də, onun təsiri uzunmüddətli oldu. “Əkinçi”dən sonra yaranan digər qəzet və jurnallar bu yolun davamçısı kimi fəaliyyət göstərdi. Bu nəşr təkcə informasiya qaynağı deyil, həm də milli özünüdərkin və azad fikrin başlanğıcı oldu. Onun sayəsində jurnalistika peşə kimi formalaşmağa başladı.

Bu gün “Əkinçi”nin ənənələri müasir Azərbaycan mediasında yaşayır. Onun qoyduğu maarifçilik, obyektivlik və xalqa xidmət prinsipləri yenə də jurnalistikanın təməl dəyərləri kimi qorunur. “Əkinçi” sadəcə qəzet deyil, bir millətin oyanışının simvoludur.

Nigar Cəlalova
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button