Analitika

Xalqımızın tarixində unudulmaz səhifə

XX yüzillik Azərbaycan xalqının tarixinə ən qanlı hadisələrlə, faciələrlə, misli görünməmiş soyqırımlarla yanaşı, müstəqillik və azadlıq uğrunda mübarizə, hünər və qəhrəmanlıq, milli oyanış və özünüdərk əsri kimi də daxil oldu. Qan yaddaşımıza böyük faciə və qəhrəmanlıq kimi həkk olunan 20 Yanvar müstəqillik əzmimizi, milli kimliyimizi dünyaya tanıdan gün oldu. Bu tarix Azərbaycanın istiqlalı yolunda milli məfkurəmizdən güc alan qarşısıalınmaz azadlıq istəyinin dünyaya bəyan edilməsinin başlanğıcıdır.

Azadlığı uğrunda mübarizə tariximizə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 34 il ötür. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

20 Yanvar qırğını Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mubarizəsini boğmaq, ona mənəvi zərbə vurmaq məqsədi daşıyırdı. Lakin sovet imperiyası insanlıq adına sığmayan əməlləri ilə Azərbaycan xalqının iradəsini qıra bilmədi. 20 Yanvar hadisələrin təfərrüatlarını hər bir azərbaycanlı bilməlidir və unutmamalıdır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib.

Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonla-rında 146 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edildi. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər (polislər) də vardı.

20 Yanvar hadisələri Azərbaycana qarşı törədilmiş hərbi və siyasi cinayətdir. 20 Yanvar hadisələri beynəlxalq hüquqi riyakarlığın təzahürüdür. SSRİ Baş Prokurorluğunun ədliyyə polkovniki V.Medvedyevin istintaq qrupu hərbçilərin hərəkətlərində cinayət tərkibi olmaması nəticəsinə gəldi və 20 iyul 1990-cı il tarixində cinayət işinə xitam verilməsi barədə qərarı verildi. 100 cildlik istintaq materiallarının 68 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparıldı və qaytarılmadı.

20 Yanvar hadisələrindən siyasi dərslər çıxarılmalıdır. Azərbaycan xalqını dəhşət və müsibətə düçar etmiş 20 Yanvar faciəsi bütün dünyada əks-səda doğurmuş, mütərəqqi qüvvələrin qəzəb və hiddətinə səbəb olmuşdur. Bir çox ölkələrin radiostansiyaları da yanvar faciəsi haqqında hərtərəfli informasiya verir və imperiya qüvvələrini lənətləyirdi. Sivil dövlətlərin təcrübəsindən fərqli olaraq Azərbaycanın siyasi rəhbərliyi nəinki istefaya getməmiş, hətta belə bir məqamda susmağı daha üstün tutmuşdur. Xalqının şəhidlər verdiyi faciəli günlərdə, o bu faciəyə rəsmi bəyanatla münasibətini bildirməmiş, xalqın qəzəbindən qorxaraq şəhidlərin dəfn mərasimində iştirak etməmiş, yas içində olan xalqına başsağlığı belə verməmişdir.

20 Yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərin qanı ilə Azərbaycanın yeni tarixi yazılıb. Həmin hadisə xalqımızın qəhrəmanlıq dastanına ən parlaq səhifələrdən biri kimi daxil olub. Dövlət müstəqilliyimizin bərpası, azadlığımız üçün ilk növbədə 20 Yanvar şəhidlərinə borcluyuq. Yanvar faciəsinin ertəsi günü o vaxt Moskvada yaşayan ümummilli lider Heydər Əliyev Azərbaycanın Rusiyadakı daimi nümayəndəliyinə gəlib, burada xalqımızın kədərini bölüşüb və kommunist rejiminin respublikamızda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pisləyən bəyanatla çıxış edib. Böyük liderin bu addımı xalqımıza güc verib, ona dayaq və dəstək olub.

1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra 1990-cı ilin Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Ulu Öndər sonradan o günləri xatırlayarkən deyirdi: “Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir. Maddi dəstəklə 11 yanaşı, mənəvi dəstəyin də əhəmiyyətini yüksək dəyərləndirən cənab İlham Əliyevin təşəbbüsü ilə Bakı şəhərinin Yasamal rayonundakı 20 Yanvar dairəsində “20 Yanvar şəhidlərinin əziz xatirəsinə – abidə-kompleksi” inşa edilmişdir. 2009-cu ilin oktyabrında tikintisinə başlanan abidə-kompleksin açılışı 2010-cu il Yanvarın 20-də olmuşdur. Abidə kompleksinin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş və yaralanmış insanların ad və soyadları, eləcə də ümummilli lider Heydər Əliyevin Qanlı Yanvar hadisələri ilə bağlı dediyi “1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur”- sözləri qızıl hərflərlə həkk olunub. Bundan başqa 2007-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Şəhidlər Xiyabanı rekonstruksiya olunarkən “Əbədi məşəl” abidəsinin sütunları hündürləşdirilmiş, abidədəki səkkizguşəli ulduz və məsamələri qızılla işlənmişdir.

Xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz olan yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.

Azərbaycan xalqı onun qanlı yaddaşında silinməz iz qoyan 20 Yanvar faciəsini hər il qeyd edir, öz qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir və bu faciəni heç vaxt unutmayacaqdır.

Allah bütün şəhidlərə rəhmət eləsin!

Əbdüləlizadə Fidan,
Xəzər rayon, 323 №li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button