Xalqımıza qarşı törədilmiş qanlı faciə
1918-ci il Quba qırğınları – 1918-ci il may ayının 1-də türklərə qarşı törətdikləri vəhşilikləri ilə məşhurlaşmış erməni-daşnak zabiti Hamazaspın komandanlığı altında yalnız ermənilərdən ibarət 3 minlik hərbi birləşmələr üç tərəfdən Quba şəhərinə daxil oldular. Bu hadisədən bir müddət sonra Quba şəhər polis idarəsinin rəisi öz raportunda belə yazacaq: “… Fövqəladə Təhqiqat Komissiyasına bildirirəm ki, Quba şəhərinin I hissəsinin ərazisində erməni quldurları tərəfindən yaralanan və şikəstedilənlər yoxdur və ola da bilməz, çünki onlar çox sərrastatırdılar və bir güllə əvəzinə 40-50 güllə işlədirdilər. Bundan əlavə onlar qabaqlarına çıxan hər kəsi xəncərlə doğrayır, ölənə qədər tüfəngdən atəşə tutur, öldürəndən sonra isəmeyitləri eybəcər hala salırdılar…”
Quba qəzası 1918-ci il qanlı mart hadisələrindən sonra bolşeviklərin Bakı və Şamaxı qəzalarında qurduqları Sovet hakimiyyətini genişləndirmək istədikləri üçüncü Azərbaycan regionu oldu. Lakin, Qubada olan şərait Bakı və Şamaxıdan bir qədər fərqli idi. Tarixən Quba xanlığının və eyni adlı qəzanın sosial-siyasi və iqtisadi həyatında erməni elementi heç bir gözə çarpan rol oynamamışdı. 1918-ci ildə Quba şəhərində və yığcam şəkildə qəzanın 2-3 erməni kəndində yaşayan azsaylı erməni əhalisinin öz kilsələri, dini məktəbləri və s. olsa da, yerli zadəgan dairələrində nüfuzlu elitası və gözəçarpan zəngin təbəqəsi olmadığından onlar, şəhərin və qəzanın inzibati-idarəçilik və ictimai strukturunda demək olar ki, təmsil olunmurdular. Həmin strukturlarda əsas vəzifələri və rütbələri rus, azərbaycanlı, tat, ləzgi və yəhudi xalqlarının nümayəndələri tuturdu. Quba fəhlə və əsgər deputatları Sovetində Quba bolşeviklərinin mövqeyi də yeni Sovet hakimiyyətinin qurulması işində dayaq olmaq üçün kifayət qədər güclü deyildi. Bu dövrdə Quba qəzasında rəsmi olaraq real hakimiyyəti Zaqafqaziya Seyminə tabe olan ictimai təşkilatların İcraiyyə komitəsi təmsil edirdi.
Bu səbəblərdənmi, yaxud tarixi qanunauyğunluğa əməl edərək, rus çar hakimiyyəti zamanı olduğu kimi, 1918-ci il mart qırğınlarından sonra Bakıda qurulmuş bolşevik-daşnak hökuməti – Bakı Xalq Komissarları Soveti də – bu qəzanı əvvəlcə sülh yolu ilə ələ almağa, yəni, qubalılara bolşeviklərin hakimiyyətinikönüllü olaraq qəbul etdirməyə qərar verir. Quba ictimaiyyəti ilə danışıqlar aparmaq David Aleksandroviç Gelovaniyə tapşırılır. Bakı bolşevikləri-nin siyasi dairələrində tamamilə təsadüfi bir adam sayılan Gelovani Bakı Soveti İcraiyyə Komitəsinin sədri P.Caparidze tərəfindən milis müvəkkili kimi bolşevik hökumətinin icra aparatına cəlb olunmuşdu və belə mühüm işin azsaylı da olsa, yerli bolşeviklərə deyil, Azərbaycana yenicə gəlmiş 30 yaşlı, mənşəcə – gürcü knyazlarından, siyasi görüşlərinə görə – sosial-demokrat–menşevik olan bir şəxsə tapşırılması Quba hadisələrinin əsas iştirakçıları, o cümlədən Gelovaninin özü üçün də sona qədər sual olaraq qalır. Gelovaninin əsasən ermənilərdən və bir neçə nəfər rus və yəhudidən ibarət beynəlmiləl dəstəsinin Qubaya yaxınlaşdığı haqda məlumat alan qubalılar öz növbəsində şəhərin müsəlman, rus və yəhudi cəmiyyətlərinin nümayəndələrindən ibarət beynəlmiləl bir heyəti bolşeviklərin dayandığı Xaçmaz stansiyasına göndərirlər. Nümayəndələr hərbi dəstənin Qubaya nə məqsədlə gəldiyini öyrənmək istəyir, daha sonra “bolşeviklərin proqramı ilə tanış olmaq və bu proqramın qubalılar üçün nə dərəcədə məqbul olub-olmadığını müəyyənləşdirmək məqsədilə” özlərinin Bakıya buraxılmasını xahiş edirlər. Gelovani qubalıların xahişinə hörmətlə yanaşır və özü şəxsən onlara Bakıya getməyi və bu məsələni “bolşeviklərin rəhbərləri ilə” araşdırmağı tövsiyə edir. Lakin bolşevik hakimiyyətinin qubalılar tərəfindən “könüllü olaraq” tanınmasını gözləmədən, Gelovani bu hadisədən 2 gün sonra 187 əsgərdən ibarət silahlı dəstə ilə şəhərə daxil olur və qubalıları fakt qarşısında qoyur.
Quba sakinləri, təbii ki, Bakıda və Şamaxıda baş vermiş qanlı toqquşmalardan və bu qəzaların şəhər və kəndlərinin müsəlman əhalisi üzərində erməni əsgərləri tərəfindən törədilmiş zorakılıqlardan xəbərdar idilər. Bakıda yaşayan bir çox qubalılar ermənilərin özbaşınalıqlarından xilas olmaq üçün ailələri ilə birlikdə Qubaya köçmüşdülər və həmyerlilərinə baş vermiş hadisələrin faciəvi nəticələrindən danışmışdılar. Bununla bərabər, Bakıda və Şamaxıda öldürülənlərin qisasını almaq üçün yerli erməniləri cəzalandırmağı qərar vermiş bəzi Quba sakinlərinin bir neçə erməni evinə hücum edərək onları qarət etməsi kimi halların qarşısı şəhər hakimiyyəti və müsəlman cəmiyyəti tərəfindən dərhal alınmış, Qubanın erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görülmüşdü. Bu tədbirlərdən biri özünün qeyri-adiliyi ilə fərqlənirdi: Qubada yaşayan onlarla erməninin (40-dan 200-dək) həyatını hər hansı təcavüzdən qorumaq məqsədilə müsəlmanlar onları yerli camaatdan təcrid etməyi lazım bilmiş və etibarlı mühafizə təyin edərək şəhər həbsxanasında yerləşdirmişdilər. Qubalılar “məhbusları” yaxşıca yedirdir, müsəlman qonşuları onları ziyarət edir, özləri ilə yemək gətirir, onların evlərindən və əmlakından muğayat olurdular. Şəhərdə vəziyyət o dərəcədə sakit və nəzarət altında idi ki, Sovet hakimiyyətinin Qubaya gəlmiş ilk “müjdəçisi” – D.Gelovani, ermənilərə qarşı hər hansı bir təhlükənin gözlənilmədiyini qərara alaraq dərhal onları “azad edir”. Lakin az sonra məlum olur ki, Sovet hakimiyyətini tanımaq və ona tabe olmaq haqqında Gelovani tərəfindən irəli sürülən ultimatum qəbul edilməyəcəyi təqdirdə, artıq bütün şəhəri təhlükə gözləyir.
Qeyd etmək lazımdır ki, bu hadisələr ərəfəsində Qubada şəhər başçısı və aşağı inzibati orqanlardan savayı hər hansı hakimiyyət mövcud deyildi. Həmin vaxt qəza komissarı Əli bəy Zizikski Bakıda və Şamaxıda mart hadisələrindən dərhal sonra öz hərbi dəstələri ilə Qubadan çaxaraq Dağıstandan azərbaycanlıların köməyinə gəlmiş Nəcməddin Qotsinskinin dəstələri ilə birlikdə artıq Bakının girəcəyində, Xırdalan yaxınlığında şəhəri və onun müsəlman əhalisini xilas etmək məqsədilə bolşevik-daşnak qoşunları ilə döyüşlər aparırdı.
Bakı və Şamaxı hadisələrindən sonra kifayət qədər qorxmuş və “imtina edildiyi halda şəhər yerlə yeksan ediləcək” hədəsi ilə düşünməyə cəmi 2 saat vaxt verilmiş Quba sakinləri ultimatumu qəbul edirdilər və düz 8 gün Sovet hakimiyyəti altında yaşadılar. Bu qısamüddətli hadisə dərhal Bakı bolşeviklərinin qəzetlərində əks olunur və göstərilir ki, aprelin 23-də Qubada, şəhər meydanında təntənəli surətdə Sovet hakimiyyəti elan olunmuş və “zəhmətkeşlər bu hadisəni böyük ruh yüksəkliyi ilə qeyd etmişlər”. Gelovani özünü Qubanın qəza komissarı elan edir.
Lakin, sanki tarixən yaranmış ənənələrə uyğun olaraq, yenə də dağlılar – yeni hakimiyyəti qəbul etməyən və tanımayan ətraf kənlərin ləzgi əhalisi hadisələrə müdaxilə edir. Qubada Sovet hakimiyyətinin 9-cu günü şəhərin yəhudi məhəlləsi tərəfindən əsasən ləzgilərdən ibarət dəstələrin silahlı hücumu başlanır. Gelovaniyə Xaçmazdan 2 topla birlikdə Ağacanyanın rəhbərlik etdiyi və yalnız ermənilərdən ibarət olan 150 nəfərlik hərbi dəstək gəlir. Üç gün davam edən şiddətli döyüşlərdən sonra ləzgi dəstələri bolşeviklərin ilk “komandasını” Qubadan qovub çıxarırlar. Ləzgilərin “azadlıq” əməliyyatının təşəbbüskarlarının kim olduğunu müəyyən etmədən bolşevik – erməni hərbçiləri həmin günlər guya ləzgiləri qarşılamağa çıxmış 27 nəfər Quba şəhər sakinini güllələyirlər.
Quba qırğınları zamanı şəhərdə öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır.
Abdulmütəllibova Arzu,
Xəzər rayon Mərkəzləşdirilmiş kitabxana sisteminin əməkdaşı