AnalitikaGündəmSiyasət

VIII Qurultay: keçmişdən gələcəyə uzanan siyasi xətt

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nəticələrin və qarşıda duran strateji vəzifələrin nəzərdən keçirilməsi baxımından da əhəmiyyətli oldu. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultayda çıxışı ölkəmizin son onilliklər ərzində keçdiyi siyasi, hərbi, iqtisadi və sosial inkişaf mərhələlərinə geniş nəzər salmaqla yanaşı, gələcək üçün qarşıda duran əsas istiqamətləri də müəyyənləşdirdi.

Yeni Azərbaycan Partiyasının qurultayının ölkəmizin ictimai-siyasi həyatında xüsusi yeri var. Çünki partiyanın fəaliyyəti, qəbul etdiyi qərarlar və müəyyən etdiyi siyasi xətt yalnız Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın ictimai-siyasi proseslərinə təsir edən amillər sırasında qiymətləndirilir. 1992-ci ildə Ulu Öndər Heydər Əliyevin ətrafında yaranan bu siyasi təşkilat artıq otuz ildən artıqdır ki, ölkənin siyasi həyatında mühüm rol oynayır. Məncə, YAP-ın keçdiyi tarixi yolu Azərbaycanın dövlətçilik tarixindən ayrı təsəvvür etmək mümkün deyil.

VIII Qurultayın əvvəlki qurultaylardan əsas fərqlərindən biri isə Azərbaycanın artıq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi yeni reallıq şəraitində keçirilməsidir. 2020-ci ilin Vətən müharibəsində qazanılan şanlı Zəfər və 2023-cü il sentyabrın 20-də Azərbaycanın öz suverenliyini bütün ərazisində bərpa etməsi tariximizin yeni mərhələsinin başlanğıcı oldu. 8 Noyabr xalqımız üçün əbədi Zəfər rəmzinə çevrildiyi kimi, 20 Sentyabr da Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını ifadə edən tarixi gün kimi yaddaşımızda yaşayacaq. Bu Zəfərlərin əldə olunmasında canından keçən şəhidlərimizin əziz xatirəsini daim ehtiramla yad etmək bizim mənəvi borcumuzdur.

Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri də Zəfərin yalnız hərbi nəticə kimi deyil, uzun illər davam edən siyasi, diplomatik və hərbi fəaliyyətin nəticəsi kimi təqdim olunması idi. Azərbaycan xalqının vahid mövqeyi, dövlətin qətiyyətli siyasəti və qarşıya qoyulan məqsəddən dönməmək iradəsi nəticə etibarilə Azərbaycanın tarixi ədaləti bərpa etməsinə imkan verdi. Mənim fikrimcə, bu Zəfərin ən mühüm xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, Azərbaycan öz milli maraqlarını ardıcıl şəkildə müdafiə edərək yeni reallıqlar formalaşdırdı.

İkinci Qarabağ müharibəsindən sonra da Azərbaycan bir gün belə öz əsas məqsədindən uzaqlaşmadı. Ərazi bütövlüyümüzün tam bərpası istiqamətində siyasi, diplomatik və hərbi müstəvilərdə ardıcıl addımlar atıldı. Beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyi müdafiə edildi, Qarabağdakı vəziyyətlə bağlı beynəlxalq ictimaiyyətə həqiqətlər çatdırıldı, eyni zamanda, ərazidə Azərbaycanın strateji mövqeləri möhkəmləndirildi. Bütün bunlar 2023-cü ilin sentyabrında Azərbaycanın öz suverenliyini tam bərpa etməsi ilə nəticələndi.

Azərbaycanın bugünkü Zəfər yolunun başlanğıcını isə daha əvvəlki tarixdə, Yeni Azərbaycan Partiyasının təsis qurultayında axtarmaq lazımdır. 1992-ci ilin noyabrında Naxçıvanda keçirilmiş təsis qurultayı ölkənin ağır siyasi və sosial-iqtisadi vəziyyətində xalqın sabitlik, güclü dövlətçilik və milli inkişaf istəyinin ifadəsi idi. Həmin dövrdə Azərbaycan torpaq itkiləri, siyasi böhran, iqtisadi çətinliklər və idarəetmə problemləri ilə üz-üzə idi. Belə bir şəraitdə Ulu Öndər Heydər Əliyevin ətrafında birləşən insanların əsas məqsədi Azərbaycanın dövlətçiliyini qorumaq və ölkəni bu ağır vəziyyətdən çıxarmaq idi.

Heydər Əliyevin siyasi hakimiyyətdən uzaqlaşdırılmasından sonra Azərbaycanda baş verən proseslərə nəzər saldıqda, Qarabağda separatizm meyillərinin necə gücləndiyini aydın görmək mümkündür. Prezident İlham Əliyevin çıxışında da qeyd edildiyi kimi, həmin dövrdə Azərbaycan rəhbərliyinin zəifliyi və siyasi iradəsizliyi ölkəni daha ağır vəziyyətə salmışdı. Bu tarixi hadisələri bilməyimiz xüsusilə gənc nəsil üçün vacibdir. Çünki dövlətimizin bu günə necə gəlib çatdığını anlamaq üçün keçmişin mürəkkəb və ağrılı səhifələrini də bilmək lazımdır.

1993-cü ildə Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtması xalqın iradəsi və tələbi ilə əlaqələndirilir. O dövrdə Azərbaycan iqtisadi böhran, siyasi qeyri-sabitlik, ərazi itkiləri və vətəndaş qarşıdurması təhlükəsi ilə üz-üzə idi. Ölkənin iqtisadi imkanları zəifləmiş, insanların sosial vəziyyəti ağırlaşmışdı. Belə bir şəraitdə Azərbaycan xalqı öz taleyini Heydər Əliyev kimi böyük dövlətçilik təcrübəsinə malik siyasi liderə etibar etdi.

Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsi, ölkənin parçalanma təhlükəsindən xilas edilməsi və gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. 1993–2003-cü illərdə həyata keçirilən siyasət nəticəsində Azərbaycan beynəlxalq təcriddən çıxmağa, iqtisadi imkanlarını genişləndirməyə və dövlətçiliyin əsaslarını daha da möhkəmləndirməyə nail oldu. “Əsrin müqaviləsi”nin imzalanması, xarici investisiyaların ölkəyə cəlb edilməsi və enerji strategiyasının formalaşdırılması sonrakı inkişaf üçün mühüm iqtisadi baza yaratdı.

Bu gün də Ulu Öndərin müəyyən etdiyi siyasi xəttin əsas prinsipləri dövlət müstəqilliyi, güclü dövlətçilik, iqtisadi müstəqillik, hərbi potensialın gücləndirilməsi və Azərbaycanın öz imkanlarından maksimum istifadə etməsi istiqamətində davam etdirilir. Məncə, bu siyasi xəttin əsas xüsusiyyəti zamanın dəyişən reallıqlarına uyğun yeni vəzifələrin müəyyənləşdirilməsi ilə yanaşı, dövlətçilik baxımından fundamental prinsiplərin qorunub saxlanılmasıdır.

Bu siyasətin nəticələrindən biri Azərbaycanın beynəlxalq müstəvidə mövqeyinin əhəmiyyətli dərəcədə güclənməsidir. Bu gün Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda fəal iştirak edir, çoxsaylı dövlətlərlə siyasi və iqtisadi əlaqələr qurur, regional və qlobal layihələrdə təşəbbüskar tərəf kimi çıxış edir. Azərbaycanın müxtəlif ölkələrlə strateji tərəfdaşlıq münasibətləri qurması və beynəlxalq dialoq üçün platformaya çevrilməsi ölkənin artan diplomatik rolunu göstərən faktorlardandır.

Qurultayda gələcək dövr üçün əsas vəzifələrdən biri kimi hərbi gücün artırılması da xüsusi vurğulandı. Azərbaycan Zəfər qazanmasına baxmayaraq, dünyada və regionda baş verən proseslər təhlükəsizlik məsələlərinin daim diqqətdə saxlanılmasını zəruri edir. Sülhün qorunması üçün güclü müdafiə imkanlarının olması müasir dövlətçilik baxımından mühüm amillərdən biridir.

Bu gün Azərbaycanla Ermənistan arasında münasibətlərdə yeni mərhələnin formalaşması, sülh prosesi və təmasların genişlənməsi region üçün yeni imkanlar yaradır. Azərbaycanın keçmişin ağır təcrübəsini unutmadan gələcəkdə davamlı sülhün təmin olunmasına çalışması xüsusilə əhəmiyyətlidir. Çünki xalqımız uzun illər müharibənin və işğalın ağır nəticələrini yaşayıb və bu səbəbdən sülh və təhlükəsizlik Azərbaycan üçün xüsusi dəyər daşıyır.

Prezident İlham Əliyevin çıxışında vurğulanan digər mühüm məsələ ideoloji təhlükəsizlik idi. Müasir informasiya məkanında dövlətlərin qarşılaşdığı təhlükələr artıq yalnız fiziki sərhədlərlə məhdudlaşmır. İnternet, sosial media, kiberməkan və süni intellekt imkanlarının genişlənməsi informasiya təhlükəsizliyinə yeni yanaşmalar tələb edir. Bu baxımdan təhsilli, savadlı və məlumatı düzgün təhlil edə bilən cəmiyyətin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.

Məncə, gənc nəslin tariximizi, dövlətçilik ənənələrimizi və milli dəyərlərimizi düzgün bilməsi bu gün daha vacibdir. Tarixi həqiqətləri bilən, məlumatı təhlil edə bilən və öz dövlətinin keçdiyi yolu anlayan gənclər müxtəlif informasiya manipulyasiyalarına qarşı daha dayanıqlı ola bilərlər.

Azərbaycanın xarici siyasətində müstəqillik və milli maraqların qorunması prinsipi də çıxışda xüsusi vurğulandı. Ölkəmizin müxtəlif siyasi və iqtisadi qütblərlə münasibətlər qurması, eyni zamanda, öz müstəqil mövqeyini qoruması Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri kimi təqdim edildi. İslam dünyası ilə əlaqələrin inkişaf etdirilməsi, İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində Azərbaycanın fəallığı da bu siyasətin mühüm istiqamətlərindəndir.

İqtisadi məsələlərə toxunarkən əhalinin sosial rifahının yüksəldilməsi, minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılması, investisiyaların cəlb edilməsi və maliyyə sabitliyinin qorunması qarşıdakı dövr üçün mühüm vəzifələr kimi qeyd edildi. İqtisadi sabitliyin qorunması, xarici borcun aşağı səviyyədə saxlanılması və investisiya imkanlarının genişləndirilməsi ölkənin uzunmüddətli inkişafı baxımından əhəmiyyətlidir.

Azərbaycanın enerji potensialı da ölkənin beynəlxalq mövqeyinin mühüm amillərindən biridir. Neft, qaz, elektrik enerjisi və digər enerji resurslarının istehsalı və ixracı Azərbaycanın regional enerji təhlükəsizliyində rolunu artırır. Enerji ilə yanaşı, nəqliyyat imkanlarının genişləndirilməsi, Orta Dəhliz və Şimal-Cənub Dəhlizi kimi layihələrin inkişaf etdirilməsi Azərbaycanın regional əhəmiyyətini daha da artıran istiqamətlərdəndir.

Qarabağ və Şərqi Zəngəzurun bərpası isə qarşıdakı dövrün ən mühüm vəzifələrindən biri olaraq qalır. Bölgədə aparılan genişmiqyaslı quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı “Böyük Qayıdış”ın artıq real prosesə çevrildiyini göstərir. Bundan sonrakı illərdə bu prosesin daha da sürətləndirilməsi qarşıda duran əsas strateji məqsədlərdən biridir.

Ümumilikdə, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səslənən fikirlər Azərbaycanın keçmişdən bu günə, bu gündən isə gələcəyə uzanan inkişaf yolunun əsas istiqamətlərini əks etdirir. Mənim üçün bu çıxışın əsas mahiyyəti ondan ibarətdir ki, əldə olunan Zəfər son deyil, yeni mərhələnin başlanğıcıdır. Qarşıda güclü dövlətçiliyin daha da möhkəmləndirilməsi, təhlükəsizliyin qorunması, iqtisadi inkişafın davam etdirilməsi, beynəlxalq mövqelərin gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpası və “Böyük Qayıdış”ın sürətləndirilməsi kimi mühüm vəzifələr dayanır.

Tarixi düzgün öyrənmək, əldə olunan nəticələri dəyərləndirmək və qarşıda duran vəzifələri aydın görmək hər bir Azərbaycan vətəndaşı üçün mühüm məsuliyyətdir. Çünki bu günümüzü dərk etmək üçün keçmişimizi bilməli, gələcəyimizi qurmaq üçün isə bu təcrübədən düzgün nəticələr çıxarmalıyıq.

Həcərxanım Vəliyeva,
YAP fəalı, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button