AnalitikaGündəmSiyasət

Vəzifə daşımaq imtiyaz deyil, xalqa xidmət borcudur

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkədə dövlət idarəçiliyinin təkmilləşdirilməsi, şəffaflığın və səmərəliliyin artırılması istiqamətində ardıcıl islahatlar həyata keçirir. Bu islahatların mühüm mərhələlərindən biri 12 noyabr 2025-ci il tarixində Naxçıvan şəhərində keçirilən qəbul zamanı öz əksini tapıb.  Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərək, onların qarşısında çox mühüm vəzifələr qoyub. Bu çıxış, həm yeni təyin olunmuş rəhbərlərə ünvanlanmış inam və etimad mesajı, həm də dövlət idarəçiliyinin gələcək istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.  O cümlədən 12 noyabr tarixində keçirilən qəbulda Prezident İlham Əliyev bir sıra mühüm təyinatları elan etdi. Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi təyin olundu, həmçinin bir neçə rayonun – Balakən, Göyçay, Qax, Göygöl və Kürdəmir rayonlarının icra hakimiyyətlərinə yeni başçılar təyin edildi. Dövlət başçısı bu görüşdə yeni rəhbərlərə müraciət edərək, onların qarşısına xalqa xidmət, təvazökarlıq və məsuliyyət prinsiplərinə əsaslanan fəaliyyət strategiyası qoydu.

Prezidentin çıxışında əsas vurğulardan biri bu idi ki, vəzifə daşımaq imtiyaz deyil, xalqa xidmət borcudur. Dövlət başçısı bildirdi ki, hər bir məmur öz fəaliyyətində vətəndaşların rifahını, onların problemlərinin həllini və dövlətin maraqlarını hər şeydən üstün tutmalıdır. Vətəndaş cəmiyyətinə əsaslanan, demokratik dəyərlərə istinad edən prioritetlərin qorunması bu məsələni tənzimləyən şəxslərin üzərinə daha böyük məsuliyyət qoyur. Dövlət başçısının 12 noyabr tarixli çıxışı yalnız kadr dəyişiklikləri ilə məhdudlaşmır. Bu çıxış dövlət idarəçiliyində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcını simvolizə edir. İndi əsas məqsəd, məmur-vətəndaş münasibətlərində xidmət mədəniyyətinin formalaşdırılması, yəni “vəzifə imtiyaz deyil, məsuliyyət” prinsipinin praktik reallığa çevrilməsidir. Yeni təyin olunan icra başçılarına verilən göstərişlər həmçinin dövlət qulluğunda etik davranış, şəffaflıq və hesabatlılıq mədəniyyətinin gücləndirilməsinə xidmət edir. Beləliklə, Azərbaycan dövlət idarəçiliyində şəffaf və məsuliyyətli kadr siyasətinin davam etdirildiyini bir daha nümayiş etdirdi.

Dövlət məmurlarının əsas vəzifələrinə, sadiqlik məsələsinə xüsusi  diqqət yetirilib. Xalqa yaxın olmaq, vətəndaşların problemlərini yerində öyrənmək və operativ həll etmək, dövlət vəsaitlərindən səmərəli istifadə etmək, şəffaf idarəetmə sistemini formalaşdırmaq, regionların sosial-iqtisadi inkişafını təmin etmək və infrastrukturun müasir tələblərə uyğun yenilənməsini sürətləndirmək, dövlət məmuru davranışında nümunə olmaq – təvazökar, ədalətli və məsuliyyətli idarəçilik nümayiş etdirmək, korrupsiya və rüşvət hallarına qarşı prinsipial və güzəştsiz mövqe sərgiləmək kimi əsaslar vurğulanıb. Bu vəzifələr hər bir rəhbər üçün fəaliyyət proqramı olmaqla yanaşı, eyni zamanda bütün icra strukturlarında vahid idarəetmə mədəniyyətinin formalaşmasına xidmət edir.

Səsləndirilən fikirlər Azərbaycan dövlətinin gələcək inkişaf yolunun strateji istiqamətlərini müəyyənləşdirir. Əsas mesaj ondan ibarətdir ki, hər bir dövlət məmuru xalqa xidmət etməli, vəzifəsini vicdanla icra etməli və dövlətin etimadını doğrultmalıdır. Bu yanaşma müasir Azərbaycan idarəçilik modelinin əsasını təşkil edir. Şəffaflıq, məsuliyyət və vətəndaş məmnunluğu üzərində qurulmuş bir modelin tətbiq edilməsi hüquqi, demokratik əsaslara söykənən güclü dövlətçiliyin təməlidir.

Gülər İsmayılova
Xəzər rayonu,  156 nömrəli tam orta məktəbin direktoru

Oxşar Xəbərlər

Back to top button