AnalitikaGündəmSiyasət

Vətən müharibəsi Azərbaycanın tarixi Qələbəsi ilə yekunlaşdı

Bəzi tarixlər var ki, onları sadəcə təqvimdə qeyd etmək mümkün deyil. Çünki həmin tarixlər bir xalqın illərlə daşıdığı ağrını, həsrəti, ümidini və nəhayət, Zəfərini özündə yaşadır. 27 sentyabr 2020-ci il də Azərbaycan xalqı üçün məhz belə müqəddəs və unudulmaz tarixlərdən biridir. Həmin gün Vətən torpağının azadlığı uğrunda böyük mübarizə başladı. Bu mübarizənin hər anında şəhidlərimizin canı, qazilərimizin qanı, əsgərlərimizin qəhrəmanlığı və xalqımızın sarsılmaz iradəsi vardı.

Otuz ilə yaxın müddət ərzində Qarabağ həsrəti Azərbaycan xalqının qəlbində sağalmayan bir yaraya çevrilmişdi. Doğma yurdlarından didərgin salınan insanlar illərlə öz evlərinə, kəndlərinə, şəhərlərinə qayıdacaqları günü gözlədi. Qarabağla bağlı hər bir xatirə bir nisgil, hər bir şəhid məzarı isə Vətən qarşısında müqəddəs borcun xatırlatması idi. Lakin bu uzun ayrılıq xalqımızın ümidini söndürmədi. Əksinə, illər keçdikcə doğma torpaqlara qayıdış arzusu daha da möhkəmləndi.

27 sentyabr 2020-ci ildə bu həsrətin sonuna aparan yol başladı. Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərinə və yaşayış məntəqələrinə qarşı genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Bu andan etibarən Azərbaycanın hər yerində bir ürək döyündü – Vətən üçün, torpaq üçün, Qarabağ üçün. Cəbhədə əsgər, arxada isə bütün xalq bir amal ətrafında birləşdi.

Həmin 44 gün Azərbaycan tarixinin ən şanlı səhifələrindən birini yazdı. Hər azad edilən kənd, hər yüksəklik, hər şəhər xalqımızın illərlə ürəyində yaşatdığı qayıdış ümidini gerçəyə daha da yaxınlaşdırdı. Bu yolun ən uca zirvəsində isə şəhidlərimizin müqəddəs qanı, qazilərimizin qəhrəmanlığı və Azərbaycan əsgərinin misilsiz şücaəti dayanırdı.

“Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torpaqlarımıza qayıdırıq… Biz bu Qələbəyə görə onlara borcluyuq.”

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev
27 sentyabr 2020-ci il

Bu sözlərin arxasında bütöv bir xalqın yaşadığı ağrı, itirdiyi canlar və qazandığı böyük Zəfər dayanır. Bu Qələbə bizə sadəcə torpaqları qaytarmadı – illərlə susan Vətən həsrətinə səs, şəhid analarının göz yaşlarına məna, doğma yurda qayıdış arzularına gerçək verdi. Bu gün azad Qarabağın hər qarışında dalğalanan Azərbaycan bayrağı şəhidlərimizin ruhuna ehtiramın, qazilərimizin fədakarlığına minnətdarlığın və xalqımızın sarsılmaz iradəsinin rəmzidir.

Onlar getdilər ki, biz qayıdaq. Onlar can verdilər ki, Vətən yaşasın. Onların adı torpağa, torpağın adı isə tarixə yazıldı. Şəhidlərimizin müqəddəs xatirəsi qarşısında baş əyir, qazilərimizin qarşısında dərin ehtiramla dayanırıq. Çünki bu Zəfər bir nəslin deyil, bütün Azərbaycan xalqının yaddaşına həkk olunan əbədi Vətən salnaməsidir.

Ramilə Seyidova – YAP Siyəzən rayon təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button