Vaxt gələcək biz Qərbi Azərbaycana da qayıdacağıq!
Hər birimizin yaralı yeri olan Qərbi Azərbaycan, havası, suyu, təbiəti ilə göz oxşayan, mənəvi olaraq bizi yaşadan məmləkətimizdir.
Qərbi Azərbaycanda xalqımızın çox zəngin, mədəni-tarixi irsi vardır. Bu da təsadüfi deyil ki əcdadlarımız minillər boyu bu ərazidə yaşamış və yaratmışlar. Bu gün isə mədəni-tarixi irsimiz ermənilər tərəfindən dağıdılır, yer üzündən silməyə çalışırlar.
“Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir” Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında həmin bölgədən olan bir qrup ziyalıları ilə görüşdə dövlətçiliyimiz və xalqımızın gələcəyi ilə bağlı böyük tarixi və siyasi əhəmiyyətə malik nitqlər söylədi.
Qərbi Azərbaycanlılar etnik mənsubiyyətinə görə müxtəlif vaxtlarda, kütləvi şəkildə deportasiyaya məruz qalmışlar. İlk olaraq azərbaycanlılara qarşı 1905-1906-cı illərdə və 1918-1920-ci illərdə etnik təmizləmə, 1930-cu illərdə kütləvi repressiyalar, 1948-1953-cü illərdə deportasiya həyata keçirmişlər.Artıq 1988-1989-cü illərdə etnik təmizləməni başa çatdırmağa müvəffəq olmuşlar. Onlar soydaşlarımızı öz ata-baba yurdlarından deportasiya etməklə öz məkirli niyyətlərinə çatmışlar.
Qeyd etmək istərdim ki, sentyabr ayında Ermənistanın növbəti təxribatına cavab olaraq həyata keçirilmiş “Qisas” əməliyyatının hərbi-siyasi əhəmiyyətindən söz açan Prezident, Azərbaycan ordusunun artıq Qərbi Azərbaycanın ərazisinə qismən nəzarətə nail olduğuna öz çıxışlarında diqqətə çatdırdı: “Bu gün biz artıq Bala Göyçənin sahilindəyik. Bu gün biz Göyçə gölünü binoklsuz görürük. Birincisi, hesab edirəm ki, bu, ədalətlidir. İkincisi, sentyabr toqquşmaları bizi gələcəkdə böyük problemlərdən sığortalayacaq… Bu gün yerləşdiyimiz yüksəkliklərdən hətta Naxçıvan dağları da görsənir. Yəni, bu, doğrudan da tarixi nailiyyətdir”.
Bəli, gün gələcək biz Qarabağa və Şərqi Zəngəzura qayıtdığımız kimi, Qərbi Azərbaycana da mütləq qayıdacağıq. Özümüzə, doğma yurd-yuvamıza dönəcəyimiz günü səbirsizliklə gözləyirik. Qərbi Azərbaycanlı kimi İnanırıq ki, üçrəngli şanlı bayrağımız digər bölgələrimizdə olduğu kimi Qərbi Azərbaycanda da Cənab Prezident tərəfindən ucaldılacaq.
Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi