Unudulmaz tarix

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” adı altında əks-hücum əməliyyatına başladı. Dövlətimizin başçısının qətiyyətli sərkərdəliyi, əsgər və zabitlərimizin şücaəti və igidliyi nəticəsində tarixə qızıl hərflərlə həkk olunan möhtəşəm Zəfər əldə edildi və bununla da təxminən otuzillik işğala son qoyuldu.
Ölkəmizin Vətən müharibəsi zamanı göstərdiyi döyüş taktikası, istifadə olunan texnikalar bütün dünyada maraqla izlənilirdi. Bu gün iftixarla deyə bilərik ki, Azərbaycan Ordusu hərbi əməliyyatlar zamanı ən yüksək səviyyədə innovativ yenilikləri tətbiq edən ordudur. Vətən müharibəsində apardığımız azadlıq mübarizəsi zamanı silah-sursatını qoyub qaçan, fərarilik edən işğalçı Ermənistan ordusuna məxsus xeyli texnika və silah-sursat hərbi qənimət olaraq götürülüb. Döyüşlərdə Ermənistan silahlı qüvvələrinə məxsus hərbi texnikanın xeyli hissəsi məhv edilib, saz vəziyyətdə ələ keçirilənləri isə qənimət olaraq Azərbaycan Silahlı Qüvvələrinin sərəncamına verilib.
2020-ci il, dekabrın 10-da Azərbaycan Ordusunun Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə Bakıda hərbi parad keçirilmişdi. Paytaxtın Azadlıq Meydanında keçirilən Zəfər paradı öz möhtəşəmliyi ilə hələ çox yaddaşlarda qalacaqdır. Bu paradda döyüşlərdə hərbi hissələrin nümayəndələri iştirak etmiş, həmçinin 44 günlük Vətən Müharibəsində istifadə olunan texnikalar nümayiş olunmuşdu. Bu tarixi Qələbə paradında Azərbaycan şahinləri də öz məharətini göstərməsi, hər bir vətəndaşda böyük qürur hissi, ruh yüksəkliyi yaradır. Qələbə paradı bizim bütün şəhidlərin – həm birinci, həm də ikinci Qarabağ müharibəsində şəhid olanların ruhunu həmişə şad edəcəkdir. Şükürlər olsun ki, onların qanı yerdə qalmayıb, qisası alınıb.
Zəfər paradı Azərbaycanın gücünü, Ordunun qüdrətini, Prezidentin qətiyyətini bir daha nümayiş etdirdi. Azərbaycan xalqı məğlub xalqdan qalib xalqa çevrildi. Bu qələbəni Azərbaycan xalqına yaşadan Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyev və rəşadətli Azərbaycan Ordusudur. Bu gün Azərbaycan Ordusu dünyanın 50 güclü ordusundan biridir. Azərbaycan Ordusu günü-gündən öz gücünü, qüdrətini daha da artırır. Bütün bunlar onu deməyə əsas verir ki, Ordumuz bu gün öz torpaqlarını qorumaq, düşməni zərərsizləşdirmək üçün bütün imkanlara malikdir.
Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri də iştirak edirdi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. 44 günlük Qarabağ müharibəsinin ilk günündən son gününədək Türkiyə Azərbaycanın yanında oldu, haqq səsimizə dəstək verdi. İstər Rəcəb Tayyib Ərdoğanın qətiyyətli çıxışları, istərsə də Türkiyənin digər rəsmi şəxslərinin Vətən müharibəsi zamanı etdiyi çıxışlar bizə əlavə ruh və güc verdi. Türkiyə tək müharibə ərzində deyil, müharibədən sonra da, sülh dönəmində də Azərbaycanın mövqeyini dəstəklədi və tariximizin ən önəmli anında – Zəfər Paradında bizlə bir yerdə oldu. Azadlıq meydanında hər iki ölkənin hərbi qüvvələrinin birgə paradı dünyaya verilən aydın mesaj idi.
Türkiyə hərbçilərinin paraddakı keçidi həm də düşmənə verilən növbəti mesaj oldu. Eyni zamanda bütün dünya bir daha gördü ki, Azərbaycan və Türkiyə bundan sonra da bütün məsələlərdə bir-birinin yanında olacaqlar. Qardaş Türkiyə hərbçilərinin paraddan keçidi coşqu ilə qarşılandı və bütün xalqımızı dərindən qürurlandırdı.
Azərbaycan Silahlı Qüvvələrinin qələbəsini bəyan etməklə yanaşı bu parad həm də Ordumuzun gücünün, qüdrətinin nümayişi idi. İndiyədək keçirilən təntənəli hərbi paradlar ölkəmizin müdafiə qüdrətini və xüsusən son dövrlər daha da vüsət alan hərbi modernləşmənin uğurla həyata keçirildiyini göstərmişdi. Xalqımız əmin olmuşdu ki, ən müasir döyüş imkanlarına malik olan ordumuz nəinki istənilən təxribatın qarşısını almağa, həmçinin düşmənin bütün mövqeyini anında məhv etməyə qadirdir.
Zəfər paradından bütün qoşun növlərini əhatə edən 3000 hərbçi ilə yanaşı, 150-dək hərbi texnika keçdi. Birlik, birləşmə və hərbi hissələrin xüsusi texnikaları və silah sistemlərinin keçidi zamanı nümayiş etdirilən xüsusi təyinatlı avtomobil, zirehli-tank texnikası, hava hücumundan müdafiə, artilleriya və əməliyyat taktiki raket sistemləri, pilotsuz uçuş aparatları ordumuzda aparılan modernləşmə işlərinin nümunələridir.
Bu parad bir daha göstərdi ki, ordu quruculuğu prosesi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ötən 17 ildə uğurla davam etdirilib. Bunun nəticəsində Azərbaycan Silahlı Qüvvələri bu gün regionun modern texnika ilə təchiz edilən, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilib.
Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərinin, hərbi birləşmə və hərbi tədris müəssisələrinin şəxsi heyətlərinin, hərbi texnikaların iştirak etdiyi Zəfər paradında ölkə ictimaiyyəti bir daha dövlətimizin hərbi gücünün, ordumuzun döyüş və qələbə əzminin əyani şahidi oldu. Hərbi gücün praktik nümayiş etdirildiyi parad hər bir azərbaycanlının öz ordusunun qüdrətinə olan inamını, qürur və fəxarətini qat-qat artırdı. Eyni zamanda bu hərbi parad düşmənə verilən növbəti mesaj oldu. Prezident İlham Əliyevin dediyi kimi: “Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq”.
Zəfər paradında xalqımızın yaşadığı qürur yaddaşlara əbədilik həkk olundu. İndi əminliklə deyə bilərik ki, artıq tarixi bir missiya başa çatdı və Qarabağ problemi beynəlxalq hüququn tələblərinə uyğun olaraq, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edildi. Zəfər paradı Azərbaycan xalqı üçün qürur, şərəf, ləyaqət simvolu, ermənilər üçün məğlubiyyət, işğal siyasətinin acı ibrət dərsi olaraq tarixləşdi. Zəfər paradı bir daha göstərdi ki, peşəkar ordusu olan xalqın müstəqilliyi əbədidir və bu ordunun gücü onun öz xalqına və dövlətinə sədaqətində, Vətən sevgisindədir. Bizə bu Qələbəni yaşadan Müzəffər Ali Baş Komandanımıza, rəşadətli Azərbaycan Ordusuna, Vətən torpaqları uğrunda canlarından keçən igid oğullarımıza minnətdarıq!
Bu gün 44 günlük müharibə zamanı döyüş meydanıda məğlubiyyətə məruz qalan düşməndən əldə etdiyimiz hərbi qənimətlərlə yaxından tanış olmaq üçün Hərbi Qənimətlər Parkını hamı ziyarət edir. Bu park ordumuzun gücünü və potensialını nümayiş etdirən bir əsər və qürur yeridir. Hərbi Qənimətlər Parkını ziyarət edən hər kəs müzəffər Azərbaycan ordusunun qüdrətinin şahidi olur. Hərbi Qənimətlər Parkı Azərbaycan xalqı və dost ölkələr üçün qürur yeri olduğu halda, ermənilər üçün göz dağına çevrilib. Müharibə öncəsi “Tezliklə tanklarımız Bakı küçələrində olacaq” deyən erməni tərəfi bu gün hay-küy qaldıraraq Bakıda belə bir parkın yaradılmasını erməni xalqı üçün təhqir adlandırır, beynəlxalq təşkilatlara Azərbaycanın “düşmənçiliyi” haqqında müraciət ünvalamaqdan çəkinmirlər. Əlbəttə, bunlar əbəs cəhdlərdir. Düşmən Qarabağın işğalı faktının ona hansı aqibəti yaşadacağını öncədən düşünməli və görməli idi. Onlara dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bunu zamanında anlamadılar. Azərbaycana qarşı qüvvələr dərk etmədilər ki, onların qarşısında tarixi qəhrəmanlıq ənənələri olan bir xalq, bir dövlət və bu dövlətin qüdrətli sərkərdəsi dayanır.
Əbdüləlizadə Fidan,
Xəzər rayonu, 323 №li tam orta məktəbin müəllimi



