Analitika

Ümummilli liderimiz Heydər Əliyev öyrənilməli çox böyük bir dünyadır

Azərbaycan vətəndaşları üçün may ayı həm də ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlamətdardır. Ulu öndər 100 il əvvəl mayın 10-da dünyaya göz açmışdır. Bu tarixi gün ərəfəsində o böyük şəxsiyyətin əziz xatirəsi qədirbilən xalqımız tərəfindən minnətdarlıq hissi ilə yad edilir, onun misilsiz xidmətləri göz önünə gəlir, bütün məsələlər ətrafında düşünmək ehtiyacı yaranır.

Heydər Əliyev hər şeydən əvvəl öz xalqını, böyük məhəbbətlə sevən vətənpərvər bir şəxsiyyət idi. Onun “Anam məni Azərbaycan üçün dünyaya gətirib” kəlamında bu hiss səmimi şəkildə ifadə olunub. Ümummilli liderimizin vətənpərvərliyi müdafiə ruhlu idi, çünki müharibə gedirdi və ərazi toxunulmazlığı pozulmuş ölkəni işğalçılardan qorumaq lazım idi. Eyni zamanda, onun vətənpərvərliyi müasir elm və mədəniyyətin nailiyyətlərinə söykənən maarifçilik mahiyyəti daşıyırdı. Böyük mənada onun vətənpərvərliyi digər xalqlara və ölkələrə kin-küdurətdən, ədavətdən uzaq, öz ölkəsinin, dövlətinin və cəmiyyətinin inkişafına yönəlmiş vətənpərvərlik idi.

Bu gün müstəqil Azərbaycan dövlətinin memarı, bütün həyat və fəaliyyətini Azərbaycan dövlətinin inkişafına, xalqımızın xoşbəxt gələcəyinə həsr etmiş ümummilli lider Heydər Əliyevin dünyaya gəlişindən 100 il ötür. Unudulmaz Heydər Əliyev ideyalarından isə, hazırda milyonlar öyrənir, onun keçdiyi şərəfli və çətin ömür yolundan, apardığı mübarizədən, uzaqgörən ideyalardan bütün dünya bəhrələnir.

Dünya təcrübəsi də sübut edir ki, əgər dövlətin, xalqın strateji, perspektiv mənafe baxımından onun daxili və xarici siyasətinin ümumiləşmiş konsepsiyasını müəyyən edə bilən şəxsiyyət bu mənafeyi beynəlxalq forumlarda, yüksək tribunalardan müdafiə edə bilən, dövlətin strateji xəttini xalqa sadə şəkildə bəyan edən və dövlətçiliyi ümumxalq işinə çevirməyi, xalqı öz arxasınca aparmağı bacaran şəxsiyyət yoxdursa və nəhayət, dövlətçiliyi qorumağı, onun müdafiəsini təşkil etməyi əməli sürətdə həyata keçirən praktik siyasətçi-diplomat, sərkərdə və komandan daxildə əmin-amanlığı, ölkənin iqtisadi inkişafını təmin etməyi üzərinə götürə bilən qurucu, yaradıcı təsərrüfat rəhbəri yoxdursa, həmin ölkənin nikbin gələcəyindən danışmaq çətindir.

Xarizma, yüksək nüfuz, təşkilatçılıq bacarığı, müdriklik, yüksək intellektuallıq, milli-mənəvi dəyərlərin daim uca tutulması, novatorluq, hadisələrə pozitiv təsir, qətiyyətlilik, prinsipiallıq və bu qəbildən olan digər keyfiyyətlər həm də liderin xalqının inkişafında oynadığı rolu müəyyən edən əsas cəhətlər kimi çıxış edir. Amma dahi liderin yenidən hakimiyyətə qayıdışı, xalqının səsinə səs verməsi Azərbaycan dövlətinin və xalqının xoşbəxt gələcəyinin başlanğıcı idi. Uğurlu fəaliyyətləri ilə tarix yaradan belə liderlər hər zaman beynəlxalq siyasətdə də heyranlıq duyulan şəxsiyyətlər sırasında yer alır, daim böyük hörmət və ehtiramla anılır. Bu mənada Azərbaycan xalqı da özünü xoşbəxt saya bilər ki, kifayət qədər mürəkkəb və ziddiyyətlərlə dolu dövr kimi xarakterizə edilən XX əsrdə 30 ilə yaxın bir müddətdə, xüsusilə əsrin sonlarında Heydər Əliyev kimi xarizmatik lider ölkəmizə rəhbərlik etmiş, məhz bu dahi insanın yorulmaz fəaliyyəti, gərgin zəhməti sayəsində Azərbaycanda baş verən tənəzzül tərəqqi ilə əvəzlənmiş, milli iqtisadiyyatın sürətli və davamlı inkişafı təmin olunmuşdur.

Ümumiyyətlə, ümummilli liderimiz Heydər Əliyev öyrənilməli çox böyük bir dünyadır. Ancaq bir şey çox sadə, çox bəsit olaraq özünü ifadə edir ki, bu dünyanın yerləşdiyi yer Azərbaycan, həyat yolu, yaşam mənası isə Azərbaycançılıqdır.

Rəna Süleymanlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button