
Azərbaycan xalqının tarixində 1990-cı illərin əvvəlləri həm böyük sınaqlar, həm də mühüm dövlət quruculuğu mərhələsi kimi yadda qalmışdır. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının qarşısında yeni dövrün tələblərinə cavab verən hüquqi-siyasi sistemin qurulması kimi mühüm vəzifə dayanırdı. Müstəqil dövlətin əsasını təşkil edən və onun siyasi, iqtisadi, sosial həyatını tənzimləyən ali hüquqi sənəd – Konstitusiya qəbul edilməli idi. Məhz bu mühüm və məsuliyyətli tarixi missiyanın həyata keçirilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır.
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə sabitliyin bərpası, dövlət institutlarının formalaşdırılması və hüquqi islahatların həyata keçirilməsi istiqamətində genişmiqyaslı tədbirlər gördü. O dövrdə qəbul olunmuş hüquqi aktlar, fərmanlar və qərarlar dövlətçiliyin möhkəmlənməsinə yönəlmişdi. Lakin müstəqil dövlətin əsas qanunu – Konstitusiya hələ qəbul olunmamışdı.
Bunun üçün 1994-cü ildə Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Konstitusiya Komissiyası yaradıldı.Komissiyanın qarşısında duran əsas məqsəd demokratik, hüquqi və dünyəvi dövlət quruluşuna uyğun, xalqın iradəsini ifadə edən, eyni zamanda beynəlxalq hüquq prinsiplərinə əsaslanan bir Konstitusiya layihəsi hazırlamaq idi. Heydər Əliyev bu prosesi şəxsən nəzarətdə saxlayır, komissiyanın fəaliyyətinə istiqamət verir, hazırlanmış layihəni xalqın maraqlarına uyğunlaşdırmaq üçün dəfələrlə müzakirələr aparırdı.Yeni Konstitusiya layihəsinin hazırlanmasında Azərbaycan xalqının tarixi ənənələri, milli-mənəvi dəyərləri və dünya təcrübəsi diqqətlə nəzərə alınmışdı.
Layihə hazırlanarkən insan hüquq və azadlıqlarının təminatı, hakimiyyət bölgüsü prinsipi, çoxpartiyalı siyasi sistem, bazar iqtisadiyyatı və vətəndaş cəmiyyəti anlayışları əsas istiqamətlər kimi qəbul edildi.Heydər Əliyev Konstitusiyanın hazırlanması prosesinə geniş ictimaiyyətin cəlb edilməsini zəruri hesab edirdi. Layihə ümumxalq müzakirəsinə çıxarıldı, minlərlə vətəndaşdan təklif və rəylər toplanaraq sənəddə öz əksini tapdı. Bu, dövlət və xalq arasında qarşılıqlı etimadın və həmrəyliyin təzahürü idi.Nəhayət, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Bu tarix Azərbaycan dövlətçiliyinin inkişafında mühüm mərhələ oldu.
Konstitusiya dövlətin siyasi, iqtisadi və hüquqi əsaslarını müəyyənləşdirdi, insan hüquq və azadlıqlarının qorunmasını təmin etdi, ölkənin demokratik inkişaf istiqamətini təsbit etdi.Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası milli dövlətçiliyimizin əsas hüquqi dayağına çevrildi. Bu sənəd müstəqil Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və demokratik inkişafını təmin edən ən ali hüquqi norma kimi çıxış etdi.Bu gün də Azərbaycan dövləti və xalqı Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik yolunu uğurla davam etdirir.
Onun rəhbərliyi ilə yaradılmış Konstitusiya müasir hüquqi dövlətin formalaşmasında, sabitliyin və ədalətin təmin olunmasında həlledici rol oynayır. Azərbaycan Konstitusiyası həm milli dəyərləri, həm də ümumbəşəri prinsipləri özündə birləşdirən, xalqın iradəsini ifadə edən əbədi hüquqi sənəd kimi tarixdə qalmaqdadır.
Günel Nəsibova
Yeni Azərbaycan Partiysı,məsləhətçi



